SƏDƏQƏ
Sədəqə - ehtiyacı olan kəslərə Allah rizası üçün sevgi və mərhəmət hissləri ilə yardım etməkdir. Sədəqə malı təmizləyərək bərəkətləndirər. Sədəqə verdikdə qəlb rahatlıq tapar, verən insan alan insanın xeyir-duasını qazanar.
Verilən sədəqələr günahların bağışlanmasına səbəb olar, bəzən də bu əməlinə görə Allah sədəqə verəni hansısa bəladan qoruyar. Sədəqə verən insan qarşısındakını sevindirdiyi kimi, özünü də sevincli hiss edər. Onsuz da, dünyada qısa həyatımız var, sonsuz axirət həyatında isə sədəqələr bizi cənnətə aparan vəsilələr olacaq.
Qurani-Kərimin bir çox ayəsində sədəqə verilməsindən, fəzilətindən və mükafatından xəbər verilməkdədir: “Həqiqətən, sədəqə verən kişilər, sədəqə verən qadınlar və Allaha gözəl bir borc verənlər üçün (əməllərinin mükafatı) qat-qat artırılacaqdır. Bir də onlar üçün çox qiymətli bir mükafat vardır”. (əl-Hədid, 18)
Yardımsevərliyi, comərdliyi, bütün yaradılmışlara mərhəməti ilə nümunə olan Peyğəmbərimiz (s.ə.s) də daim sədəqə vermiş və müsəlmanları bu gözəl işə təşviq etmişdir. Onun həyatına nəzər saldığımız zaman əlində olanı sədəqə etmədən rahat olmadığı görülməkdədir. Hz. Aişə anamızdan gələn hədisdə də qeyd edildiyi kimi: “Qurban ətinin bizə qalanı evdə qalan hissəsi deyil, sədəqə verilən hissəsidir”. Peyğəmbərimiz hədislərində sədəqənin fəzilətindən və gözəlliklərindən belə bəhs edir: “Müsəlman bir ağac əkərsə, ondan yeyilən hər hansı bir şey onun üçün sədəqə olar...”. “Suyun atəşi söndürdüyü kimi, sədəqə də günahları yox edər”. “Sədəqə verənin ruzisi artar və duası qəbul olunar!”.
İnsanların istifadə etməsi üçün xeyriyyə məqsədi ilə tikilən bütün müəssisələr və vəqflər sahiblərinə və bu işə vəsilə olan hər kəsə qiyamətə qədər sədəqə savabı qazandıran əməllərdəndir. Bu haqda Allah Rəsulu (s.ə.s) belə buyurur: “İnsan öldükdə onun bütün əməlləri dayanar. Yalnız üçündən başqa: Davamlı istifadə edilən sədəqə, fayda verən elm və əməlisaleh övlad”.
Sədəqə verərkən qarşılığını sədəqə verilən insandan gözləmək olmaz. Niyyət yalnız və yalnız Allah rizası olmalı və qarşılığı da Allahdan gözlənməlidir. Etdiyimiz əməl Allah rizası üçün olduğu zaman Allah da onun qarşılığını qat-qat artıqlaması ilə verəcəkdir. Yox əgər başqa insanların sevgisini, hörmətini qazanmaq üçün sədəqə verilərsə, bu, riyakarlıqdır, Allah qatında qəbul edilməyən əməldir. Sədəqə verərkən bəzi incə xüsuslar var ki, bunlara diqqət edilməsi görülən işin bərəkətini və savabını artırar. Bunların ən öndə gələni qarşıdakı insanı utandırmadan sədəqə verməkdir. Yardım edərkən bunun insanlıq borcu olduğu düşünülməli, mümkün mərtəbə gizli şəkildə verilməlidir. Qarşımızdakı insanı alçaldacaq, utandıracaq və borclu hiss etdirəcək tövrlərdən çəkinmək lazımdır.
Günlük həyatımıza baxdığımız zaman sədəqə o qədər də çətin bir şey deyil. Əsas odur ki, biz bunu etmək istəyək və bunun üçün addım ataq. Rahatlıqla verə biləcəyimiz bir çox sədəqələr var ki, bunlardan bir neçəsini burada qeyd edək:
- İnsanlara təbəssüm etmək.
- Yolda olan maneəni yoldan kənara çəkmək.
- Gözəl söz söyləmək.
- Ətrafımızdakı insanların dərdinə şərik olaraq onlarla həmhal olmaq.
- Ehtiyac sahiblərinə maddi yardım etmək.
- Qohumları, xəstələri ziyarət edərək xeyir-dualarını almaq.
- Evdə bişirilən yeməkdən qonşuya ikram etmək.
- Əlində yük olan yaşlının, fiziki qüsurlunun yükünə köməklik göstərmək.
- Ağac əkmək.
- Yaxşı işlərə səbəbkar olmaq.
- Elm öyrənmək və öyrətmək.
- Yaxşılığı təbliğ edib pisliklərdən çəkindirmək...
Bəli, bu siyahını daha da artırmaq olar. Göründüyü kimi, sədəqə vermək bu qədər rahat və gözəldir.
Sədəqə ilə birlikdə bir də “isar” var ki, bu da özünün ehtiyacı olduğu halda əlində olanı başqa ehtiyac sahibinə verməkdir. İsar edənlər haqqında Qurani-Kərimdə belə buyurulur: “Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirdikləri kimsələrə belə deyərlər) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!” Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir”. (əl-İnsan, 8-11)
Allah-Təalanın dünya həyatında bizə verdiyi hər şey ayrı-ayrılıqda hamısı əmanətdir. Bu əmanətlər müəyyən vaxta kimi əlimizdə olacaq, sonra tək-tək bizdən onların hesabı soruşulacaqdır. Ona görə insan halal yolla qazanıb, halal yerlərə xərcləməlidir. Bununla birlikdə, xoş aqibətə nail olmaq istəyən kəs Allah yolunda xərcləyərək həm dünya, həm də axirət xoşbəxtliyini qazanmağa çalışmalıdır.
ŞƏRHLƏR