QƏBRƏ İNSAN OLARAQ GİRMƏK
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Ey rahatlıq tapan nəfs! Sən Ondan (Rəbbindən) razı, O da səndən razı olaraq Rəbbinə dön! (Haqqa varmış saleh) qullarımın arasına gir! Cənnətimə daxil ol!” (əl-Fəcr, 27-30)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Əbədi müqəddəratı dünya səhnəsində həll edilən insan övladının bu taleyüklü həyat imtahanında əldə edəcəyi müvəffəqiyyət dərəcəsinin, ilahi iradənin sarsılmaz qanunlarına iman həssasiyyətiylə boyun əydiyi və bu imanı əməli həyat tərzinə çevirəcəyi ölçüdə yüksələcəyi şübhə doğurmayan bir həqiqətdir. Lakin dövrümüzdə tüğyan edən bilgisizlik bəlasının ucbatından ölüm və onun ardınca gələcək əhəmiyyətli hadisələr silsiləsindən bixəbər keçilən ömür yolu imtahan əhlinin “kiçik qiyaməti” adlanan ölüm hadisəsinə hazırlıqsız yaxalanma və əbədiyyət meydanında əlacsız şəkildə boyun bükmə ehtimalının böyüməsinə rəvac verir. Bu müdhiş faciəni önləmək məqsədi ilə ümməti nəfəs kəsən təhlükələrə qarşı oyanıq olmağa səsləyən Mahmud Sami əfəndi heyranları ilə söhbətlərin birində bunları söyləmişdi:
“Övladlarım! Qəbir evinə (Allah (c.c) və Rəsulunun (s.ə.s) sizlərdən razı qaldığı Muhammədi iman əqidəsinə və saleh əməllərə bürünmüş kamil bir) insan olaraq girin!”.
Unutmayaq ki, insanın son nəfəsində imdadına yetişəcək mükəmməl bir iman da öz növbəsində hər cürə dünyəvi və üxrəvi (axirətə aid) bilgisizlik və qəflət pərdələrindən arınmış saf qəlblərin işidir. İndi həyəcansız olaraq yazdığımız və oxuduğumuz bu mənaların son nəfəs əndişəsində pərdələrin qalxması ilə nəfəsləri kəsən, həyəcanları ərşə daşıyan bir tükürpərdici bəla olacağını fərasəti ilə sezən Abdulqadir Gilani həzrətləri belə buyurur:
“Ey qəlblərini öldürüb nəfslərini dirildənlər! Bu etinasızlığınızdan dolayı qəlbiniz çoxdan ölmüşdür. Bilin ki, ölü qəlbin başına gələcək müsibət digər üzvlərin yaşayacağı fəlakətdən daha betər olur. Qəlbin ölümü iman və əbədi səadətə nail olma ümidlərinin ölümü deməkdir. Onu diriltmək üçün Haqqın zikrini oraya nəqş eylə. Ölümü düşün. Ölümü düşünmək və ona hazırlaşmaq qəlbindəki pərdələri qaldırar. O zaman xəlq edilmişləri zəif, aciz və həlak təhlükəsi içində görərsən. Bu hal sənin varlıqlardan sıyrılaraq Haqqın qüdrət əlinə sarılmana səbəb olar”.
Qəbir evinə qəlbi Quran əxlaqı ilə zəngin bir mərifət sahibi kimi girmə zərurəti Haqq dostlarını daim narahat etmişdir. Hər bir nəfsin dadacağı bu məlum həqiqəti həyatda ikən ciddi şəkildə araşdıraraq ona hazır olma mədəniyyətinin təməllərini kimliyimizdə öncədən inşa etməyə israrla dəvət edən Gilani həzrətləri yenə buyurur ki:
“Ölüm gəldiyi anda sarıldığın hər şeydən səni ayırar. Ona görə də onlar səni buraxmadan əvvəl sən onları burax və onlardan uzaqlaş. Qəbir Haqqa aparan yolun əslidir. Haqqa yetişmə və Ona varılma məkanıdır. O halda ölmədən əvvəl öl və o yolu tut. Həm öz varlığından yox ol, həm də digərlərindən. Yaradanın hüzurunda meyit kimi olarsansa, Haqla dirilmən gerçəkləşəcəkdir. Mənlik bəlasının yox olması ilə əzəli qismət əli sənə bərəkət loğmalarını təqdim etməyə başlayar. Təslimiyyətin tam olduqdan sonra Allaha (c.c) yaxınlıq cazibəsi səni tərifi imkansız olan canlı bir həyat ilə mükafatlandıracaqdır”.
Son nəfəsi sağlam imanla verə bilmək həyəcanına bürünmüş insanlara qibtə ilə baxmaq və onların bu mübarək yaşantısına könül vermək bəxtiyarlığını mənəvi həyatımızın önəmli bir parçasına çevirmək zərurəti qapımızı döyməkdədir. Hz. Ömərin (r.a) bu mükəmməl iman sevdalılarına baxış həssasiyyəti necə də mötəbərdir: “Möminlərin əmirindən soruşmuşlar: “Ya Ömər! Sən cənnətlə müjdələnən bir insansan. Bu ölçüdə sarsılmaz, Haqqa son dərəcə təzimkar bir iman abidəsi olduğunuz halda, başqa hansı bir qulluq sevdalısının iman eşqinə də sahib olmaq istərdiniz?” Sual qarşısında sükuta qərq olan, gözləri Allah (c.c) və Rəsulunun (s.ə.s) həsrəti ilə nəmlənən Hz. Ömər (r.a) bu möhtəşəm cavabı vermişdir: “Aman Allahım! Çöllərdə yaşayan və həyatda kimsəsi olmayan yaşlı qadınlar vardır. Onlar hər an Allah (c.c) və Rəsulu (s.ə.s) ilə bərabərdirlər. Gecələr ulduzları seyr edərək göz yaşı tökərlər. Onlar belə deyər:“Allahım! Sən necə də böyüksən, necə də ucasan! Mən isə nə qədər də xətalıyam, qüsurluyam, günahkaram. Allahım, mənə son nəfəsdə iman ilə çənə qapatmağı lütfünlə nəsib eylə!”. Mən də: “Onlar iman etmiş və (pis işlərdən) çəkinən kimsələrdir” (Yunus, 63), “Onlara dünya həyatında da, axirətdə də müjdələr vardır”(Yunus, 64), “Onlar üçün gözəlin daha gözəli və daha üstünü vardır”(Yunus, 26) – buyuran Rəbbimizin, itaətkar qəlblərini xüsusi bir məhəbbət ilə bəslədiyi o kimsəsiz çöl qadınlarının imanına sahib olmaq istərdim”.
ŞƏRHLƏR