SUAL? - CAVAB!
Sual: Rəcəb və Şaban aylarında oruc necə tutulmalıdır?
Cavab: Qeyd edək ki, xalq arasında “üç aylar” deyə bilinən Rəcəb, Şaban və Ramazan ayları dinimizdə mübarək aylar hesab olunur.
Çünki bu aylarda müsəlmanlar mənəvi cəhətdən Ramazan ayı üçün müəyyən hazırlıqlar edirlər. Həzrət Peyğəmbərimiz (s.ə.s) Rəcəb ayı girəndə belə dua edərdi: “Allahım, Rəcəb və Şabanı bizə mübarək et və bizi Ramazana çatdır!” (İbn Hənbəl, “Müsnəd”, I, 259) Ramazan ayında oruc tutmaq fərzdir. Rəcəb və Şaban aylarında isə Həzrət Peyğəmbərimiz (s.ə.s) digər aylara nisbətən daha çox oruc tutar, lakin Ramazan ayından başqa heç bir ayı tamamilə oruclu keçirməzdi. Odur ki, Rəcəb və Şaban aylarını bütövlüklə oruclu keçirmək doğru deyil, lakin bir müsəlman səhhəti əl verdiyi və gücü də çatdığı təqdirdə bu aylarda istədiyi qədər nafilə oruc tuta bilər.
Sual: Davud orucu nədir?
Cavab: Dinimizdə bir gün oruc tutub bir gün tutmamağa “Davud orucu” deyilir. Bunun səbəbi Həzrət Davud (ə.s) peyğəmbərin bu şəkildə oruc tutmasıdır. Bu oruca “Davud orucu” adını Həzrət Peyğəmbərimiz (s.ə.s) vermiş və onun fəzilətini belə vurğulamışdır: “Ən fəzilətli oruc Davudun tutduğu orucdur. Belə ki, o, bir gün oruc tutub bir gün tutmazdı”. (Buxari, “Səvm”, 56; Müslim, “Siyam”, 181) Nafilə orucdan bəhs edən başqa bir hədisi-şərifdə isə belə buyurulmuşdur: “Allahın ən çox xoşladığı oruc Davud peyğəmbərin orucudur”. (Buxari, “Təhəccüd”, 7)
Sual: Namaz qılan zaman qadının saçı görsənərsə namazı pozularmı?
Cavab: Namaz qılan zaman bir müsəlmanın örtülməli olduğu bir üzvü qeyri-ixtiyari açılar və dərhal örtülərsə, namazı pozulmaz. Bundan əlavə, əgər açılan yer bir üzvün dörddəbiri qədər və ya daha çox olar və bir rükn yerinə yetirəcək – sübhanəllahil-azim deyəcək qədər müddətdə açıq qalarsa, namaz pozular. Bu halda həmin yerin bilərək və ya bilməyərək açılması fərq etməz, namaz pozulmuş olar.
Sual: Qəzaya qalan namaz növbəti namaz vaxtı girdikdə həmin namazdan əvvəl qılına bilərmi?
Cavab: Namazı qəzaya qalan bir müsəlmanın qəzaya qalan namazlarının ümumi sayı altıya çatmamışsa, yəni həmin şəxs tərtib sahibidirsə, o, əvvəlcə qəzaya qalan namazını, sonra isə həmin vaxtın namazını qılmalıdır. Əgər qəzaya qalan namazların sayı altı və ya daha çox olarsa, yəni həmin şəxs tərtib sahibi deyilsə, qəza namazını məkruh olan vaxtlar istisna olmaqla, istədiyi vaxt qıla bilər.
Sual: Tələf olan məhsulun üşrü verilməlidirmi?
Cavab: Yığımdan sonra mütləq məhsulun zəkatı verilməlidir. Məhsul yığılmadan tarlada tələf olarsa, əkinçinin zəkat verməsinə ehtiyac yoxdur. Ancaq məhsul yığıldıqdan sonra tələf olarsa, məhsulun üşr zəkatı mütləq verilməlidir. Belə ki, Uca Allah “Ənam” surəsinin 141-ci ayəsində belə buyurur: “Talvarlı və talvarsız (üzüm) bağları, müxtəlif dadlarda xurmalar, əkinlər, bir-birinə bənzəyən və bənzəməyən zeytun və narı yaradan Odur. Bar verdiyi zaman onun barından yeyin. Yığım günü də haqqını (zəkatını, sədəqəsini) verin, ancaq israf etməyin! Həqiqətən, Allah israf edənləri sevməz”.
Sual: Bir müsəlman zəkatını hissə-hissə verə bilərmi?
Cavab: Əvvəla vurğulamaq lazımdır ki, zəkatda əsas olan zəkat fərz olduqdan sonra onu dərhal verməkdir. Ancaq nağd vermək imkanı olmayan hallarda bir il içərisində hissə-hissə də verilə bilər və bunda hər hansı bir günah yoxdur.
Sual: Bir müsəlman zəkatını vaxtından əvvəl verə bilərmi?
Cavab: Qeyd edək ki, oruc və həcc ibadətlərində olduğu kimi zəkat ibadətində də qəməri təqvim əsas alınır. Zəkatın fərz olması üçün nisab miqdarına çatan malın üstündən bir qəməri il keçməlidir. Lakin buna baxmayaraq mal sahibi istəsə nisaba çatan malının üstündən bir il keçmədən də zəkatını verə bilər.
ŞƏRHLƏR