AİLƏ QALASI

AİLƏ QALASI

Dinimiz insana böyük əhəmiyyət vermişdir. İsra surəsinin 70-ci ayəsində: “Şübhəsiz, Adəm oğullarını (bir çox nemətlər verməklə) şərəfləndirdik. Onların (müxtəlif minik vasitələri ilə) quruda və dənizdə gəzməsini təmin etdik. Onlara təmiz və gözəl ruzilər verdik. Onları yaratdıqlarımızın bir çoxundan üstün etdik”, - buyurulmaqdadır.

İnsana böyük əhəmiyyət verən dinimiz və insanı şərəfli yaradan Allah-Təala, şərəfini qorumaq üçün “həyat, din, ağıl, mal və nəsil”in qorunmasını təməl insan haqlarından görmüş və təminat altına almışdır.

İslamın çox əhəmiyyət verdiyi və təminat altına aldığı mövzulardan biri, şübhəsiz ki, nəslin qorunmasıdır. İslam evlilik müəssisəsi ilə təmiz bir cəmiyyət qurarkən, zinanı və buna bənzər hər cür sapqınlığı/azğınlığı qadağan edir.

İslama görə ailə müəssisəsi nəsil yetişdirmək, övlad tərbiyəsi, nəslin mühafizəsi və insanlıq şərəfinin qorunması baxımından son dərəcə vacib və vazkeçilməz bir dəyərdir. Bu dəyərə o qədər əhəmiyyət verilmişdir ki, onu yox etməyə qəsd edən çürük və səfil münasibətlər tamamilə rədd edilmiş və haram qılınmışdır. Bu səbəblə “zina” hərəkəti ən ağır şəkildə qadağan edilmiş və ona yaxınlaşdıran bütün qapılara kilid vurulmuşdur. Çünki o çirkin hal nikahın zəriflik, paklıq və hüquqiliyinə çılğın şəkildə bir hücum və nəsilləri yox edən mərhəmətsiz bir cinayətdir. Nikah kimi bir səadət və hüzur dünyasını fuhuş murdarlığına dəyişmək qədər böyük bir qəflət, cəhalət və axmaqlıq ola bilməz.

İslamda təməl insan haqlarından olan nəslin qorunması fitrətə müdaxiləyə mane olmaq və qanuni şəkildə nəslin davamını təmin etmək üçün zəmanət altına alınmışdır. Bu səbəblə “ailə” Allah-Təalanın yer üzünə qoyduğu bir qanundur. Çünki nəslin davamı (təmiz şəkildə) ancaq ailə qurumu ilə mümkündür. Elə bu səbəblə də istər Qurani-Kərim, istərsə də hədisi-şəriflər bu ülvi işə gücü və imkanı çatmayanlara yardım etməyi, bu xüsusda ictimai yardımlaşma içində olmağı, dəstək verməyi təşviq etməkdədir.

İctimai xidmətlərin ən mühümlərindən biri də, evlənmək istədiyi halda yoxsulluq kimi müxtəlif imkansızlıqlar səbəbilə evlənə bilməyən möminlərə yardımçı olmaqdır. Belə bir sədəqeyi-cariyə işləmə fürsətinə qovuşan bir mömin ilahi əmrə tabe olaraq böyük bir qazanc əldə etmiş olar. Nəslin qorunmasına dəstəklə əlaqəli Allah-Təala Nur surəsinin 32-ci ayəsində belə buyurur: “Aranızda olan subayları, həmçinin kölələrinizdən və cariyələrinizdən münasib olanları evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları zəngin edər. Allahın lütfü genişdir, O hər şeyi biləndir”.

Peyğəmbərimiz (s.ə.s) də cəmiyyətin pozulub sapıqlığa məruz qalmaması, nəslin düzgün və təmiz davamı üçün ailə qurmağa/evlənməyə gücü və imkanı çatmayanlara dəstək olunması haqqında belə buyurur: “Ən fəzilətli şəfaətlərdən (vasitəçilik etməkdən) biri evlilik barəsində iki adama yardımçı olmaqdır”. (İbn Macə, Nikah, 49)

Əlbəttə ki, bütün xidmətlər kimi bunun da tam bir ixlasla, yəni yalnız Allah rizası üçün edilməsi lazımdır. Allah Rəsulu (s.ə.s) bu keyfiyyətə yüksələn möminləri belə müjdələyir: “Kim Allah-Təala üçün verər, Allah-Təala üçün qadağan edər, Allah-Təala üçün sevər, Allah-Təala üçün nifrət edər və Allah-Təala üçün subayları evləndirərsə, (yəni hər işini Allah rizası üçün edərsə), imanını kamala çatdırmış olar”. (Əhməd, III, 438)

Göründüyü kimi, ictimai xidmətləri ixlasla ifa edənlər də böyük əcrlərə nail olmaqdadırlar.

Bu mövzuya aid bu və digər ayə və hədislərdən öyrəndiyimiz budur ki, dinimiz qaydasına uyğun şəkildə evlənməyi sünnə qılmış, evlənmə yaşına gəldiyi halda buna gücü və imkanı çatmayanları evləndirməyi də imkanlı şəxslərə sünnə qılmışdır. Bunun üçün unudulmamalıdır: evlənmək istəyənlərə dəstək olmaq və halal yollarla aralarını düzəltmək müsəlmanların vəzifələri arasındadır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz