DARÜŞŞƏFA

DARÜŞŞƏFA

Maddi bir qarşılıq gözləmədən başqalarına yardım etmək kimi ülvi bir düşüncənin nəticəsi olan xeyriyyəçilik, əsrlərdən bəri İslam ölkələrində böyük bir əhəmiyyət qazanmış, ictimai və iqtisadi həyat üzərində dərin izlər buraxmış olan dini və hüquqi bir müəssisədir. İnsan fitrətində mövcud olan yardım hissi, şübhəsiz ki, insanlıq tarixi qədər qədimdir.

Təməli xeyriyyə məqsədli vəqflərə söykənən ictimai müəssisələrdən biri də xəstəxanalardır. İslam dünyasında xəstəxanalar darüş-şəfa, darüs-səhhə, bimaristan, bimarxana, şifaiyyə kimi adlarla bilinir. İslam mədəniyyətində tiblə məşğul olmağın tarixini Hz. Peyğəmbər (s.ə.s) dövrünə qədər götürmək mümkündür. Xəndək müharibəsi zamanı yaralıların Rüfeydə çadırı deyilən bir çadıra aparılıb orada müalicə edilmələrini Hz. Peyğəmbərin (s.ə.s) istəməsi buna misaldır. Peyğəmbərimizdən tibb mövzusuna dair saysız hədislər rəvayət edilmişdir. Məsələn, pandemiya dövründə bir daha xatırladığımız, yoluxma və karantin  məsələlərini müxtəsər təsbit edən bu möhtəşəm hədisi misal göstərə bilərik:

“Bir yerdə vəba (xəstəliyi) olduğunu eşitsəniz oraya daxil olmayın. Əgər olduğunuz yerdə baş vermişsə, oradan da çıxmayın”.

İlk əvvəl vəqflərə bağlı olaraq açılan, daha sonra gələn müsəlman başçılar tərəfindən də statusları dəyişdirilməyən xəstəxanalar bu sahədə İslam cəmiyyətinin xidmətini uzun müddət yerinə yetirmək imkanına malik olmuşdur.

İslam insan sağlamlığına əhəmiyyət verən, insanın xəstələnməməsi üçün lazımi tədbirləri görən və xəstələndiyi zaman müalicə edilməsini tələb edən bir dindir. Bu baxımdan müsəlmanlar xəstələrə yardım etmək və onların sıxıntılarını aradan qaldırmaq üçün əllərindən gələni əsirgəməzlər. İlkin dövrlərdən etibarən bu anlayış təməlində təsis edilən xəstəxanalara gələnləri din, dil və irqlərindən asılı olmayaraq müalicə edir, onlara tibbi yardım etməyi bir vəzifə sayırdılar. Hətta sağalıb xəstəxanadan çıxanlara bir qədər də pul köməyi edilirdi. Halbuki həmin dövrdə xristian avropa çox qəti bir din təəssübü içində idi. Onların anlayışına görə, qədim tarixə aid nə qədər elm varsa “yalançı” və ya “zərərli” idi. Hələ tibb mövzusunda kitabi-müqəddəsdən başqa bir şey axtarmaq dinsizlik əlaməti sayılırdı. Ona görə də:

1) Bədəni narahatlıqların səbəbi Allahın qula olan qəzəbi idi. Həkim əli ilə müalicə olmağa çalışmaq inancsızlıq sayılırdı.

2) Kilsə xadimləri xəstəlikdən qurtulmaq məqsədilə işgəncə verərək guya şeytanı bədəndən uzaqlaşdırmağa çalışırdılar. Bu da əksər hallarda ölümlə nəticələnirdi.

Xəstə ayırımı etməyən müsəlmanlar, təbiblər üçün də eyni şeyi tətbiq etməkdən geri qalmadılar. Necə ki, XIII əsrdə yaşayan İbn Əbi Üseybi (1203-1270) yazdığı “Üyunul-ənba fi təbəqati ətibba” adlı əsərində müsəlman hökmdarların işlətdikləri bir çox xristian təbibin adını çəkir.

İslam tibb tarixində xəstəxanalar təlim-tərbiyə baxımından da böyük əhəmiyyətə malik idi. Necə ki, “Darüt-tibb” deyilən tibb mədrəsələri sadəcə bədəndəki narahatlıqlarla deyil, eyni zamanda ruhi və psixoloji xəstəliklərlə də maraqlanırdı. Yaqubi ilə Məsudi əsərlərində Bağdad yaxınlarında olan bir həkimin psixoloji bir müəssisə olaraq ağıl xəstələrinin müalicəsinə təxsis edildiyindən bəhs edirlər. Məsudinin ifadəsinə görə, Deyr-Hızqıl ağıl xəstəxanası xəlifə Mütəvəkkil (847-861) dövründə məşhur alim Mübərrəd tərəfindən də ziyarət edilmişdir. Adı çəkilən bu xəstəxana indiki tarixi sənədləriylə isbat edilə bilən və ruhi xəstələrin müalicəsi üçün təxsis edilmiş ilk psixoloji xəstəxana sayılmışdır.

İslamın ən məşhur xəstəxanası 706-cı ildə Şamda təsis edilmiş olan Bimaristandır; 978-ci ildə bu müəssisədə iyirmi dörd həkimdən mütəşəkkil bir heyət vardı. Həkim olan vəzir Əli ibn İsa 931-ci ildə şəhərdən şəhərə gedib xəstələri müalicə edəcək həkimlər kollektivi təşkil etmişdi. 951-ci ildə təkcə Bağdad şəhərində 860 həkim vardı.

Abbasilər dövründə inkişaf edən xəstəxanalar, demək olar ki, hər tərəfdə vəqf olaraq fəaliyyət göstərirdi. Səlcuqlular dövründə də inkişafını davam etdirən həmin xəstəxanalardan Şam, Bağdad, Musul və Mardində inşa edilənləri məşhurdur. Anadoluda istər Səlcuqlular, istərsə də Osmanlılar tərəfindən bir çox xəstəxanalar inşa edilmişdir.

Şübhəsiz ki, tibb sahəsində ən böyük müəllif İbn Sina və ən böyük həkim Əbu Bəkr ər-Razi əvəzedilməz bir cığır açmışdır. Buna görə də onların fotoşəkilləri bu gün də Paris Tibb Fakültəsinin böyük koridorunda hörmət əlaməti olaraq saxlanır. Bunun səbəbi xristian Qərbin öz mədəniyyət müəllimləri bildiyi bu müəzzəm İslam dühalarına minnət və şükranlarını aşkar etmələrini elmi, insani və mədəni bir vəzifə olaraq qəbul etmələridir.

Odur ki, keçmişimizi, mədəni köklərimizi, dəyərlərimizi və düşüncə mənbəyimizi yaxşı bilib, gələcəyimizi onun üzərində qurmağa çalışmalı və hədəfimizdən vaz keçməməliyik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz