HÜZN MƏSULİYYƏTİ
Hər bir sahədə olduğu kimi, sosial münasibətlərimizdə də dinimizin müəyyən etdiyi bəzi qaydalar var ki, bunlar da cəmiyyətin rifahına, nizam-intizamın həyata keçirilməsinə xidmət edir. Ölüm, hər nə qədər insan oğlu bundan xoşlanmasa da, hər bir canlı üçün qaçınılmaz bir sondur. Odur ki, bu xüsusda da cəmiyyət olaraq bir çox məsuliyyətlərimiz vardır.
Uca Allah belə buyurur:“Qaçdığınız ölüm, əlbəttə, sizi yaxalayacaqdır. Sonra gizli olanı da, aşkar olanı da bilən Allaha qaytarılacaqsınız. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir”. (əl-Cumuə, 8)
Möminin başlıca vəzifəsi ölümü daima xatırlamaq və ona hazırlıq görməkdir. Ölümə hazırlaşmaq isə Allahın əmr və qadağalarına tabe olmaq və Allah Rəsulunun (s.ə.s) tövsiyələrinə qulaq verməklə mümkündür. Ölümə hazırlaşmaq demək sadəcə qəbir və axirətdəki halımızın hesabını etmək deyil, eyni zamanda biz öldükdən sonra geridə qalan yaxınlarımızı da hərhansı bir çətin vəziyyətlə üz-üzə qoymamağa çalışmaqdır. Çünki biz öldükdən sonra bizim əziyyətimizi çəkənlər vərəsələrimiz, yaxınlarımız və ailəmizdir.
İslam dini son dəmlərini yaşayan insanlara qarşı xəstəliyindən etibarən ta dəfn edilənə qədər bir sıra məsuliyyət və vəzifələr təyin etmişdir. Hədisi-şərifdə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Müsəlmanın müsəlman üzərindəki haqqı beşdir. Bunlar: salamını almaq, xəstələndiyi zaman ziyarət etmək, cənazəsində iştirak etmək, dəvət etdiyi zaman (halal süfrədirsə) dəvətini qəbul edərək orada iştirak etmək və asqırdığı zaman “yərhamukəllah” (Allah sənə rəhm etsin) deməkdir”.(Buxari, Cənaiz, 2; Müslim, Salam, 3)
Dəfndən əvvəl, xəstə ölüm ayağında ikən yanındakıların etməsi tövsiyə olunan bəzi xüsuslar vardır. Belə ki, xəstələnmiş bir insanda ölüm əlamətləri gördüyümüz zaman, əgər hər hansı bir çətinlik yoxdursa, xəstəni sağ yanı üstə üzü qibləyə çeviririk. Bu çətindirsə, ayaqlarını qiblə istiqamətinə uzadıb üzüyuxarı vəziyyətdə də yatıra bilərik. Deyilənləri anlaya biləcək vəziyyətdədirsə, baş tərəfində duran şəxs ara-sıra tövhid kəlməsini təkrarlayar. Yəni:“Lə iləhə illəllah, Muhammədun Rasulullah - Allah təkdir və Muhamməd (s.ə.s) Onun elçisidir”, -deyər. Bunu sadəcə özü səsli olaraq deyər, xəstənin bunu deməsi üçün təkid etməz. Əsil təlqin budur. Çünki Allah Rəsulu (s.ə.s): “Ölülərinizə Lə iləhə illəllah sözünü təlqin edin, onlara xatırladın!” - deyərək bunu tövsiyə etmişdir. Təlqinlə ölüm ayağında olan insanın axirət dünyasına tövhid kəlməsi ilə köçməsi təmin edilir ki, bununla da Allah Rəsulunun (s.ə.s) müjdəsinə nail olmaq ümid edilir. Allah Rəsulu (s.ə.s) bu haqda buyurmuşdur: “Kimin son sözü lə iləhə illəllah olarsa, cənnətə girər”.(Əbu Davud, Cənaiz, 20)
Bundan əlavə, ölüm ayağında olan şəxsin yanında Yasin surəsinin oxunması da tövsiyə edilmişdir.
İnsan canını tapşırdıqdan sonra əlimizlə göz qapaqlarını örtür, çənəsini bağlayır və üstünə bir örtü çəkirik. Bu işləri görərkən“Bismilləh və alə milləti Rasulilləh” demək sünnədir. Bundan sonra digər işlərə başlayırıq.
Dəfnə hazırlıq üçün ilk iş olaraq ölü yuyular, kəfənlənər və cənazə namazı qılınar. Ölülərimizi, mümkün mərtəbə, onlara ən yaxın olan insanlar yumalıdır. Atanı oğlu, ananı qızı yuması daha fəzilətlidir. Əgər özləri bunu edə bilmirlərsə, başqa müsəlmanlar yuyar. Sonra da təmiz, ağ parça ilə üsuluna uyğun kəfənlənər.
Kəfənləndikdən sonra cənazə hər kəsin önünə qoyular, insanlardan halallıq alınar. Əgər ölən şəxsin hər-hansı bir borcu və ya haqqı varsa ölünün vərəsələri onu ödəyər, ya da ödənilməsinə söz verib kəfil olar.Yalnız bundan sonra cənazə namazı qılına bilər. Allah Rəsulu (s.ə.s) borclu olaraq ölmüş şəxslərin borclarına kimsə kəfil olmasa onların cənazə namazlarını şəxsən özü qılmazdı. Bu xüsusda belə buyurmuşdur:“Möminin ruhu, borcu ödənənə qədər ona bağlı qalar”.(Buxari, Cənaiz, 44) Beləliklə də, borcu ödənilən və ya borcunun ödənilməsinə kəfil olunan ölü qəbrində sorğu-sual zamanı çox sıxıntı çəkməz.
Bütün bu işlərdən sonra cənazə dəfn edilər. Ölünün arxasından qadınların yüksək səslə ağlaması, saç-baş yolması, üz-göz cırmaları İslamdan əvvəlki cahiliyyə əlamətlərindən olub qadağan edilmişdir. Yaxınlarımızın ayrılığını səbirlə qarşılamalı, hüznlə gözlərimiz yaşararkən onların gedəcəyi yerin rahat olması üçün dua etməliyik. Onlara lazım olan bizim göz yaşlarımız yox, dualarımızdır.
Ölmüş insanların evlərinə qonşuların yemək bişirib aparması, uzaqdan gələn dostları, qohumları öz evlərinə apararaq yedirməsi və ölmüş şəxsin ailəsinin, uşaqlarının yeyəcəklərinin təmin olunması müstəhəb əməllərdəndir. Üç gün müddətində cənazə evində süfrə açıb yemək verilməsi isə dinimizə görə yaxşı qarşılanmamaqdadır. Unutmayaq ki, xüsusilə gənc yaşlarda vəfat edən şəxslərin ailəsi və övladları öncə dövlətə, sonra isə biz müsəlmanlara əmanətdir.
ŞƏRHLƏR