İSRA VƏ MERAC

İSRA VƏ MERAC

Lüğətdə “uruc” (yüksəlmək, qalxmaq)  kökündən  törəyən “mirac” sözü “yuxarı qalxma vasitəsi, nərdivan” mənasını verir. Dini terminologiyada bu ifadə Hz. Peyğəmbərin göyə qalxmasını və Allaha yüksəlməsini ifadə edir. Bu hadisənin içərisində Məscidi-Əqsaya getmək və oradan səmalara yüksəlmək şəklində iki mərhələ yer aldığına görə, mənbələrdə daha çox “isra və merac” deyə bəhs edilir.

Allah Rəsulunun bir gecə Məscidi-Haramdan Qüdsdəki Məscidi-Əqsaya səfəri “isra”, oradan göyə qalxması isə “merac” adlanır. Bu fərq  ayələrdə hər iki terminin qeyd edilməsindən qaynaqlanır. “İsra” (gecə gəzmək, gecə səyahət etmək) ifadəsi Quranda eyniadlı surədə bu şəkildə keçir: “Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidi-Haramdan ətrafını mübarək etdiyimiz Məscidi-Əqsaya aparan Allah pak və müqəddəsdir! O, həqiqətən, hər şeyi eşidəndir, görəndir”.  (əl-İsra, 1) “Merac” kəlməsi bu mövzu ilə əlaqəli olaraq Quranda yer almasa da, cəm forması “Allah qatındakı yüksəlmə dərəcələri” mənasında (əl-Məaric 70/3) işlənmişdir. Bundan əlavə, yüksəlmək mənasını verən “uruc” kökündən törəyən feillər müxtəlif ayələrdə yer alır.

Merac hadisəsi hicrətdən on yeddi ay əvvəl baş vermişdir. Bir çox İslam alimləri Merac hadisəsinin Rəcəb ayının 27-ci gecəsində olduğu görüşündədir (Səlahəddin Əyyubi Qüds şəhərini istilaçı səlibçilərdən azad etdiyi tarixdə də müsəlmanlar Qüdsün həm İsra və Meraca şahid olduğunu, həm də azad edildiyini birlikdə bayram etmişdilər). Merac hadisəsi Hz. Peyğəmbər (s.ə.s) oyanıq olduğu halda “bədənlə birlikdə ruh” ilə baş vermişdir. Əgər yuxuda olsaydı, buna hər kəs inanar və möcüzə olmaqdan çıxardı (Yuxuda olduğunu söyləsə, Əbu Cəhl də inanardı, çünki o da yuxu görürdü). Meracın “İsra” hissəsi ayə ilə sabit olduğuna görə, bunu inkar edən dindən çıxmış sayılar. Hər nə qədər yerdən səmaya olan qismi inkar edən bidət əhli sayılır deyilsə də, Quranda Nəcm surəsinin 13-14-cü ayələrində  “Həqiqətən, onu (Cəbrayılı) başqa bir dəfə də görmüşdü. Sidrətul-müntəhanın yanında”  buyurulduğu kimi, Meracda öz surətində Cəbrayılı (ə.s) gördüyünə görə, deməli, Meracı inkar etmək də küfr sayıla bilər.

 Meracda Peyğəmbərimiz (s.ə.s) Allah-Təaladan mühüm əmrlər aldı. Buna bənzər əmrlər əvvəlki Peyğəmbərlərə də verilmişdi (Hz. Musaya verilən 10 əmr kimi). İsra surəsində keçən ayələrdən bu əmrlərin 12 əmr olduğu anlaşılır. O əmrlər bunlardır: 1. Allaha şərik qoşmayın. 2. Valideynlərinizə yaxşılıq və mərhəmət edin. 3. Haqq sahiblərinə haqlarını verin. 4. İsraf etməyin. 5. Nə əldən çox bərk olun, nə də əlinizi tamamilə açıb israfçılıq edin; yoxsa həm qınanar, həm də peşman olarsınız. 6. Övladlarınızı öldürməyin. 7. Zinaya yaxınlaşmayın. 8. Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. 9. Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi-büluğa çatana qədər yaxın düşməyin. 10. Ölçünüz, tərəziniz düzgün olsun. 11. Bilmədiyiniz bir şeyin ardınca getməyin. 12. Yer üzündə təkəbbürlə gəzməyin. (əl-İsra, 22-37) 

Rəbbimiz Peyğəmbərimizə (s.ə.s) bu əsnada bəzi müjdəli xəbərlər də vermişdir ki, mənbələrdə bundan merac hədiyyələri kimi bəhs olunur: Bəqərə surəsinin son iki ayəsi (amənər-rasulu), şirkdən uzaq olan ümmətin cənnətlə müjdələnməsi və gündə beş vaxt namaz əmri.

   Meracda dilin başa sala bilmədiyi, ağılın dərk etmədiyi şeylərin Peyğəmbərimizə (s.ə.s) göstərilməsi Nəcm surəsində də ifadə olunub. Lakin o dövrün bəzi insanları, xüsusən də bədəvi ərəblər Merac hadisəsinə inanmamışdılar. İlahi kəlamın əzəmətli fəsahət və bəlağəti qarşısında aciz qalan Məkkə müşriklərinin Hz. Muhammədə (s.ə.s) yönəltdikləri məsnədsiz iddialar Qurani-Kərimdə belə yer alır:

(Onlar dedilər:) ... Sənin qızıldan bir evin olmalı, ya da sən göyə qalxmalısan! (Yoxsa sənə inanmarıq.) Bizə oxuyacağımız bir kitab endirmədiyin müddətcə göyə qalxdığına da əsla inanmarıq”. De ki: “Rəbbim pak və müqəddəsdir! Mən yalnız peyğəmbər olaraq göndərilən bir insanam”. (əl-İsra,  93)

Halbuki Peyğəmbərə (s.ə.s) həm səmadan kitab nazil edilmiş, həm də O (s.ə.s) göylərə qalxmışdı. Hər şeyi məhdud ağılları ilə ölçən müşriklər Allahın qüdrətindən xəbərsiz idilər. Onlar varlığı maddi aləmə bağlayıb yalnız gördükləri və bildikləri əşya və proseslərə inanırdılar. İslam dini ağıla çox əhəmiyyət verir. Amma hər şeyi ağılla idrak etmək mümkün deyildir. Meracda yaşanan hadisələr də iman yolu ilə qəbul edilməli olan fövqəltəbii hadisələrdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz