BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

إِنَّ الَّذِينَ يُحِبُّونَ أَنْ تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَاللهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ

“Möminlər arasında çirkin şeylərin (iftiranın) yayılmasını istəyənlərə gəldikdə, onlar üçün həm dünyada, həm də axirətdə şiddətli bir əzab vardır. Allah bilir, siz isə bilməzsiniz”. (ən-Nur, 24/19)

Bu ayənin səbəbi-nüzulu “İfk hadisəsi” olaraq bilinən, Həzrət Aişəyə (r.ə) iftira atılması məsələsi olsa da, hökmü hər bir müsəlmana və hər dövrə şamildir. Cəmiyyətdə iftiranın, çirkin işlərin, həyasızlığın və əxlaqsızlığın yayılmasını istəyənlər böyük bir günah işləyir və o cəmiyyətə qarşı ən böyük hörmətsizliyi edirlər. Yuxarıdakı ayeyi-kərimədə məhz buna işarə olunur və belələrinin həm dünyada, həm də axirətdə böyük bir əzaba düçar olacaqları xəbər verilir. Ayənin sonunda “Allah bilir, siz isə bilməzsiniz” buyurularaq Allahın hər bir insanın gizlində və ya aşkarda etdiyi bütün əməllərdən xəbərdar olduğuna diqqət çəkilir.

 İslam dini insanın öz işlədiyi günah və ya qüsuru başqalarına elan etməməsini, günah işlərlə bağlı dedi-qodu edilməməsini, eləcə də müsəlmanların bir-birilərinin günah və xətalarını axtarıb araşdırmamasını əmr edir. Çünki bunu etdiyimiz təqdirdə günah işlərin və çirkinliklərin reklamını etmiş olarıq və başqa insanların da bu kimi pis işlərə yönəlməsinə səbəb ola bilərik. Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “İşlədiyi günahları üzə çıxardanlar istisna olmaqla, ümmətimin hamısı bağışlanmışdır. Bir adamın gecə pis bir iş görüb Allah o işin üstünü örtdüyü halda, səhər oyanıb: “Ey filankəs! Mən dünən gecə belə-belə işlər gördüm”, - deməsi açıq-aşkar edilən günahlardandır”. (Buxari, Ədəb, 60) Günah işləri elan etməyə və yaymağa görə belə bir ağır cəzanın təyin olunmasının bir məqsədi də həmin pis işin cəmiyyətdə normal bir iş kimi qəbul olunmasının qarşısını almaqdır.

Digər tərəfdən, edilən pis işlərin yayılması və elan edilməsi bu cür davranışları edənlərdə həya hissini tədricən yox edər. Peyğəmbərimiz (s.ə.s): “Həya imandandır!” – buyuraraq insandakı həya duyğusunun nə qədər əhəmiyyətli olduğuna diqqət çəkmişdir. (Buxari, İman, 16)  

Nəticə etibarilə, hər bir kəsin günahı və ya qüsuru ola bilər. Lakin həmin əməlin cəmiyyətdə aşkara çıxarılması və ya bunun normal bir davranış kimi təqdim edilməsi insanların günahlara qarşı əks-reaksiya göstərməsinə maneçilik törədə bilər. Günümüzdə sadəcə insanların dili ilə yox, televizor, radio, kitab, jurnal, qəzet və internet kimi informasiya vasitələri ilə də hər cür pis işlərin və ya günahların yayılması və reklam edilməsi mümkündür ki, təəssüf ki, bunun şahidi oluruq. Yuxarıdakı ayeyi-kərimədə eləcə də bu cür vasitələrlə pis əməllərin yayılması qadağan olunur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz