FƏSÜBHANALLAH
Dünyanın gündəmində hər zaman müsibət və sıxıntılar olmuşdur. Torpaqdan xəlq edilən Adəm əleyhissalam hələ palçıq halında ikən 39 gün hüzn, bir gün də sevinc yağışı yağıbmış. Bu səbəbdən insan oğlunun kədəri hər zaman sevincindən çox olurmuş. “Fəsübhanallah” adlı mahnının sözləri içində olduğumuz xaotik vəziyyətin illər əvvəl də var olduğundan xəbər verir:
Arxası gəlməz dərdlərimin, bıkdım, illallah,
Biri bitərkən o biri də başlar, verməsin Allah.
Böylə gəlmiş, böylə gedəcək, qorxarım vallah,
Yoxmu çarəsi, dostlar, fəsübhanallah.
Aləmin keyfi yerində, yenə maşallah,
Bizə də bir gün qədər gülər, gülər inşallah.
Böylə gəlmiş, böylə gedəcək, qorxarım vallah,
Yoxmu çarəsi, dostlar, fəsübhanallah.
2020-ci ilin oktyabr ayında Türkiyədə qaçaq içki səbəbi ilə 89 ölüm hadisəsi yaşanıb. İnsanlar bahalı fabrik məhsulları yerinə evlərində və zirzəmilərdə içki hazırlamağa başlayıblar. Qaçaq istehsal olan qeyri-standart ucuz içkini içənlər ölümlə üzləşirlər. İndi nə edək, bunun çarəsinin “fabrik məhsulları olan standart içki içmək” olduğunu deməliyik? Niyə nəticələrə deyil, səbəblərə fokuslanmaq yolunu seçmirik?
İnsanlar qaçaq yollarla istehsala başlayıbsa, bu, iqtisadi və əxlaqi problemlər çoxalmışdır deməkdir. Əxlaq problemi restoran aləminə at və eşşək ətinin girməsi şəklində əks edər. Zina, oğurluq, ailədaxili münaqişələr, psixoloji narahatlıqlar, boşanma, evlənməmək, intihar kimi problemlər də bu dövrdə artar. Məsələ təkcə 89 nəfərin içki səbəbi ilə ölməsi deyil. Ölənlərin sayına fokuslanmaq və gündəmə təkcə qaçaq içki istehsalının qarşısının alınmasını gətirmək bir ağaca baxaraq meşəni görməməyə bənzəyir. Qaçaq içki səbəbi ilə 89 nəfər ölmüşdür, bəs normal içki səbəbi ilə ölənlər necə olsun? İçkiyə bağlı xəstəliklərdən ölənlər, sərxoş insanların təqsiri ilə ölümünə səbəb olduğu məsumlar necə olsun?
Həqiqi içkiyə bağlı xəstəliklər səbəbi ilə dünyasını dəyişənlərə heç kəs heç nə demir. Hə də, həqiqi içki içmək müasirlikdir, modernlikdir, sərbəstlikdir (!).
Qaçaq içkidən həqiqi içkiyə yönləndirmək səylərinin mənası: “Ey insanlar! Lütfən qaçaq içki içməyin; həqiqi içki için ki, həm dövlətə vergi vermiş olasınız, həm də canınızdan olmayasınız”, - deməkdir. “Ey insanlar! Ey möminlər! Ey doğulanda qulağına əzan və qamət oxunanlar! İçki və qumar Allahın haramlarındandır, şeytan işidir, nəcisdir! Lütfən dünyanızı və axirətinizi düşünün və bunlardan uzaq durun!” – demək çox çətindir?
Qumara “şans oyunu”, zinaya “əyləncə”, faizə “kar payı” demək nə deməkdir? Çılpaqlıq və tərbiyəsizlik “cəsurluq” kimi təqdim edilir. Bircə donuz ətinə don geyindirə bilmədilər. Donuz ətini “donuz əti” adıyla yedirə bilmədikləri üçün dana əti, qoyun əti kimi bişirib təqdim etdilər. İndi insanlar qaçaq içkidən uzaqlaşıb həqiqi içkiyə yönələndə və qaçaq içki səbəbi ilə baş verən ölümlər qurtaranda bütün problemlər bitmiş olacaq? Bu nə cür aldanmadır?
Belə bir aldanmanın şərtləri məlumdur; qəlblər və gözlər pərdəli, qulaqlar da kar olmalıdır. Cahiliyyə qaranlığından daha zülmət bir qaranlıq yoxdur.
Bəzi cümlələr var ki, cümlə olmağına cümlədir, amma kitab qədər ağırlığı və dərinliyi var. İçində qızıl, gümüş, inci, almaz olan bambalaca, cibə sığan mini qutu daha dəyərlidir, yoxsa bir adamın zorla daşıdığı qum torbası? Şair İbrahim Tənəkəçi belə deyir: “Bu dünyadakı ən həssas tərəzi insanın daxili aləmidir...” Ən həssas tərəzi olan daxili aləm tarazlığını itirəndə halal-haram, ayıb-günah da mənasını itirər.“Qaçaq içkidən həqiqi içkiyə dön!”, “İç, amma həddini aşma!”, “Xarici görünüşün kirli olsa da, əməllərin bərbad, günahların çox olsa da, için təmiz olsun, bəsdir!” – kimi səfeh düşüncələr yaranar.
Soyadı “Tənəkəçi” olsa da, inci boyunbağı kimi söz daşlarını məharətlə düzən İbrahim Tənəkəçinin “Mövsüm normalları” adlı şeirində keçən son misralara da yer vermək istəyirəm: “Bizlər müsafirik və dünya müsafir tərlikləri...”.
Müsafir olduğumuzu nə tez unuduruq?! Müsafir tərlikləri (qonaq başmaqları) harada olmalıdır?! Müsafir tərliklərini niyə ayağımızın altında deyil, başımızın üstündə və ya qəlbimizin içində saxlayırıq?! Müsafir tərliklərini qəlbdə saxlamaq ən həssas tərəzi olan qəlbin tarazlığını pozar. Sonra da: “Arxası gəlməz dərdlərimin, bıkdım, illallah; Biri bitərkən o biri də başlar, verməsin Allah”, - mahnısı başlayar.
Halbuki, bizim üçün sevinc halında da, hüzndə də ünvan bəllidir: “Möminin halı qibtə və heyranlığa layiqdir. Çünki hər halı onun üçün xeyir səbəbidir. Belə bir xüsusiyyət ancaq mömində vardır: sevindiyi zaman şükür edər, bu, onun üçün xeyir olar; başına bir müsibət gəldiyi zaman səbir edər, bu da onun üçün xeyir olar”. (Müslim, Zöhd, 64)
Dərd və sıxıntılar hər zaman olacaq. Tikanıqsa “buna layiqik”, gülü isək “sevilirik, şəfanı verən var” deyək. Yoxsa “bıkdım” (bezdim) deyə-deyə qalarıq. “Gülü oxşamağa bıçaqla gedərlər”. “Gülə dəyən qayçı şəfa verər”. Uzaqdan bıçaq görünür və qayçı kəsməyə davam edir...
ŞƏRHLƏR