ÖLÜYƏ DƏ EHTİRAM
Müsəlmanın cənazə namazını qılıb, qəbrə qədər daşıyıb torpağa tapşırmaq mənasına gələn dəfn, möminə qarşı ediləcək son vəzifələrdən biridir. Rəsulullah (s.ə.s) bu mənada görüləcək işləri əməli şəkildə tətbiq edərək bizə öyrətmişdir. Məsələn, vəfat edən Əbu Sələmənin yanına getmiş, açıq qalan gözlərini bağlamış və belə buyurmuşdur: “Ruh çıxınca gözlər onu izləyər!” Bu vaxt Əbu Sələmənin ailə üzvlərindən bəziləri fəryad qopararaq ağlamağa başlayanda Rəsulullah (s.ə.s):
“Özünüzə xeyirdən başqa bir şeylə dua etməyin. Çünki mələklər dualarınıza “amin” deyərlər!” - buyuraraq həddi aşmamağı tövsiyə etmişdir. Sonra da cənazə üçün ediləcək dualara nümunə olaraq: “Allahım! Əbu Sələməni bağışla! Dərəcəsini hidayətə çatmışların səviyyəsinə ucalt! Geridə qalanları üçün də Sən onlara vəkil ol! Ey Aləmlərin Rəbbi! Bizi də, onu da bağışla! Qəbrini genişlət və nura qərq et!” - deyə dua etmişdir. (Müslim, Cənaiz, 7)
Rəsulullah (s.ə.s) vəfat edən müsəlmanın saleh insanlar tərəfindən yuyulmasını tövsiyə edərək cənazəyə ehtiram göstərilməsini, gözəl şəkildə yuyulub ətirlənməsini və kəfənlənməsini istəmişdir. Hazırlanmış cənazəni qəbrə qədər yola salmaq, dua etmək və onun haqqında hüsn-şəhadət gətirmək son dərəcə mühümdür. Ənəs (r.a.) belə rəvayət edir: “Peyğəmbərimiz (s.ə.s) əshabı ilə birlikdə ikən yanlarından bir cənazə keçdi. Əshabdan bəziləri o cənazəni xeyirlə yad etdilər. Peyğəmbərimiz: “Qətiləşdi!” - buyurdu. Sonra başqa bir cənazə keçdi. Oradakılar onun pis işlərindən bəhs etdilər. Peyğəmbərimiz yenə: “Qətiləşdi!” - buyurdu. Ömər ibn Xəttab: “Ya Rəsulallah, qətiləşən nədir?” - deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s) belə buyurdu: “İlk keçən cənazəni xeyirlə yad etdiniz, bu səbəbdən onun cənnətə girməsi qətiləşdi. Sonrakını da pis şəkildə yad etdiniz, onun da cəhənnəmə girməsi qətiləşdi. Çünki siz (möminlər), Allahın yer üzündəki şahidlərisiniz”. (Buxari, Cənaiz, 86; Müslim, Cənaiz, 60)
Bəli, bu da bir həqiqətdir ki, insanlar səbəbsiz yerə biri haqqında yaxşı və ya pis hökm üzərində birləşməzlər. Həyatda ikən ona görə davranıb Allahın şahidlərinin bizim haqqımızda xeyirlə şahidlik etmələrinə çalışmalıyıq.
Cənazə hazırlandıqdan sonra namaz qılınaraq Allaha dua edilir, Peyğəmbərimizə salavat gətirilir və ölünün bağışlanması üçün dua edilir. Bu, cənazə üçün rəhmət vəsiləsidir. Bunun üçün hər insan öz cənazəsində daha çox insanın iştirak etməsini və onun üçün dua etməsini istəyər. Avf ibn Malik (r.a) Peyğəmbərimizin (s.ə.s) cənazələrdə iştirak etdiyini və onlara dua etdiyini bildirən bir rəvayətində belə deyir:
“Peyğəmbərimiz (s.ə.s) bir cənazə namazı qıldırdı. Həmin vaxt Allah Rəsulunun belə dua etdiyini eşitdim və əzbərlədim: “Allahım! Onu bağışla, ona rəhm et, onu əzab və sıxıntılardan qurtar. Xətalarını əfv et, cənnətini nəsib et, girəcəyi yeri (qəbrini) genişlət! Onu su ilə, qarla və buzla yuyulmuş kimi (tərtəmiz) et. Bəyaz paltarları kirdən təmizlədiyin kimi onu günahlarından arındır!.. Ona cənnətini nəsib et, qəbir və cəhənnəm əzabından qoru!”.
Avf ibn Malik hədisin davamında belə deyir: “Bu gözəl duanı eşidincə “kaş ölən (kimsənin yerində) mən olsaydım” deyə qəlbimdən keçirdim”. (Müslim, Cənaiz, 85)
Cənazəni tabutun dörd bir tərəfindən tutaraq on addım daşımaq müstəhəbdir. Daha çox daşınarsa, savab da artar. Cənazənin dəfn edilməsində tələsmək də müstəhəbdir. (Buxari, Cənaiz, 51) Çünki Peyğəmbərimiz (s.ə.s) cənazənin ailəsinin yanında uzun müddət saxlanılmasının doğru olmadığını demişdir. (Əbu Davud, Cənaiz, 34)
Cənazə nə həddən artıq yavaş, nə də həddən artıq sürətli aparılmalıdır. Cənazəni normal halda aramla aparmaq lazımdır. Belə ki, Rəsulullah (s.ə.s) cənazənin çox sürətlə aparıldığını gördüyü zaman müdaxilə edərək: “Aramla gedin!” - buyurmuşdur. (İbn Macə, Cənaiz, 15)
Cənazənin arxasınca gedənlər yolda mənasız sözlər söyləməz və yüksək səslə danışmazlar. Hətta gedə-gedə yüksək səslə zikr edib Qurani-Kərimin oxunması da doğru deyildir. Həmin anda ölümü və axirəti düşünmək lazımdır.
Qəbiristanlıq çox da uzaq deyilsə, cənazəni mümkün olduğu qədər minik vasitələrində deyil, piyada aparmaq tövsiyə edilmişdir. Səvbanın (r.a) rəvayət etdiyinə görə, Rəsulullah (s.ə.s) bir cənazə mərasimində iştirak etdi. İnsanların bir qismini minik üzərində gördü. Bu hərəkətin cənazəyə qarşı hörmətsizlik olduğunu bildirərək: “Həya etmirsinizmi? Allahın mələkləri piyada olaraq getdiyi halda siz heyvanların belində gedirsiniz!” - buyurdu. (Tirmizi, Cənaiz, 28)
Bir adam yanından keçən cənazəni daşımasa belə, ona hörmətlə yanaşmalı, cənazə keçənə qədər və ya yerə qoyulana qədər ayaqda gözləməlidir. (Buxari, Cəanaiz, 47, 48)
Unutmayaq ki, dini bir vəzifə olaraq cənazəni müşayiət etmək və dəfn tamamlanana qədər qəbir yanında gözləmək də cənazə namazını qılmaq qədər mühüm və savablı əməllərdəndir.
ŞƏRHLƏR