BİR HƏDİS

BİR HƏDİS

قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَ سَلَّمَ : لَا تَدْعُوا عَلَى أَنْفُسِكُمْ، وَلَا تَدْعُوا عَلَى أَوْلَادِكُمْ، وَلَا تَدْعُوا عَلَى أَمْوَالِكُمْ، لَا تُوَافِقُوا مِنَ اللهِ سَاعَةً يُسْأَلُ فِيهَا عَطَاءٌ، فَيَسْتَجِيبُ لَكُمْ

Cabirdən (r.a) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Özünüzə bəddua etməyin, uşaqlarınıza bəddua etməyin, malınıza bəddua etməyin. Diləklərin qəbul edildiyi zamana tuş gələrsə, Allah bədduanızı qəbul edər”. (Müslim, Zöhd, 74)

Səhabələr Rəsulullah (s.ə.s) ilə bərabər Buvad qəzvəsi üçün yola çıxmışdılar. Minik qıtlığı səbəbilə bir neçə səhabə eyni dəvəyə növbə ilə minirdilər. Növbə səhabələrdən birinə çatanda o dəvəyə minmiş, sonra dəvənin yavaş getdiyini görəndə: “Allah sənə lənət etsin!” - demişdi. Bunu eşidən Rəsulullah (s.ə.s): “Dəvəsinə lənət edən kim idi?!” - deyə soruşmuş, həmin səhabə: “Mən idim, ya Rəsulallah!” – deyəndə Rəsulullah (s.ə.s): “O dəvənin üstündən düş! Lənətlənmiş bir heyvanla bizimlə gəlmə!” – demiş, sonra da yuxarıda qeyd etdiyimiz hədisi söyləmişdir.

Hədisdən görüldüyü kimi, Rəsulullah (s.ə.s) insanın özünə, övladına, başqalarına, mal-mülkünə və əşyalara lənət etməsini qadağan etmişdir. Lakin çox təəssüf olsun ki, yaşadığımız cəmiyyətdə bir çox insan Rəsulullahın (s.ə.s) bu hədisinin əksinə olaraq bəddua və lənəti dilindən düşürmür. Elə bu səbəblə də sonradan hər hansı bir problemlə qarşılaşdıqları zaman peşman olsalar da, artıq bu peşmançılıq onlara heç bir fayda vermir.

Allah Rəsulu (s.ə.s) çox nadir hallarda bəddua etmişdir. Bunun əsas səbəbi İslam əxlaqında bağışlamağın ədalətdən öncə gəlməsidir. Belə ki, Qurani-Kərimdə bir neçə ayədə bağışlamağın üstünlüyünə açıqca diqqət çəkilmişdir. (əş-Şura, 40-43) Bu səbəblə də hər hansı bir təzyiqə məruz qalan bir insanın lənət və bəddua etmədən öncə bağışlamağa üstünlük verməsi lazımdır. Hətta bəzi mənbələrdə qeyd olunduğuna görə, Uhud müharibəsində müsəlmanlara qarşı savaşan müşriklər ilə əlaqəli olaraq: “(Ey Rəsulum!) Bu işdə sənin edəcəyin bir şey yoxdur. Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər” (Ali-İmran, 128) ayəsi nazil olmuş və bəzi müşriklərə bəddua edən Həzrət Peyğəmbəri Uca Allah bu ayə ilə xəbərdar etmişdir. Çünki Rəsulullahın (s.ə.s) bəddua etdiyi bu insanların bir çoxu sonradan İslamı qəbul etmişdirlər (Buxari, Məğazi, 21). Bundan sonra Allah Rəsulunun (s.ə.s) İslama qarşı çıxanlara bəddua etmədiyi və bunun əvəzinə onların hidayətə çatmaları üçün dua etdiyi bilinməkdədir. (Buxari, Dəavat, 59)

Nəticə olaraq, hədisdən lənət və bəddua etməyin yaxşı bir davranış olmadığı anlaşılmaqdadır. Buna görə də insanın qəzəb anında öz duyğularına hakim olması, özünə və ətrafına zərər verəcək olan bəddua və lənətdən uzaq durması lazımdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz