C.BAYDEN XARİCİ SİYASƏTİ
Bəlli olduğu kimi, ABŞ prezidenti seçilmiş Cozef Bayden artıq xarici siyasət proqramı ilə çıxış etmişdir. Bu proqramın bəzi tezisləri ilə onun seçkiqabağı kampaniyası dövründən tanışıq. “Amerika qayıdır!” (America is back!) şüarı ilə çıxış edən Bayden yenidən ABŞ-ın qlobal liderlik iddiasında olduğunu göstərir, hərçənd, ekskurs edərək bildirmək istərdik ki, D.Tramp dövründə də bu ölkə qlobal liderlik arzusundan tam imtina etməmişdi.
Yeni administrasiyada xarici siyasət və milli təhlükəsizliklə məşğul olan şəxslərə diqqət yetirəndə görürük ki, onların bir çoxu Obama dövründə də vəzifə tutmuşdular. Bu səbəbdən, bəzi politoloqlar hesab edir ki, indiki komanda da xarici siyasət kursunda aşağı-yuxarı eyni siyasi xəttə üstünlük verəcək.
C.Baydenin imzaladığı ilk sənədlər, ölkənin atmosferə buraxılan ziyanlı qazların azaldılması ilə bağlı Paris anlaşmasına qayıtması, Rusiya ilə hələ D.Medvedev prezident olarkən imzalanan Strateji Hücum Silahlarının Azaldılması Haqda müqavilənin növbəti 5 ilə uzadılması, eləcə də Tramp dövründə ölkəyə gəlişlə bağlı bir sıra müsəlman ölkələrinə qarşı qoyulan viza qadağasının aradan qaldırılması göstərir ki, yeni administrasiya gerçəkdən verdiyi vədləri həyata keçirmək niyyətindədir.
ABŞ əvvəlki administrasiya ilə müqayisədə Rusiyaya qarşı daha sərt siyasət yeridəcəyini açıqlayıb və hal-hazırda müxalifətçi Aleksey Navalnının zəhərlənməsi və həbsi ilə bağlı yeni sanksiyaların qəbul ediləcəyi elan edilib. Bu məsələdə bir şeyi xüsusi qeyd etmək lazımdır: yenə də Tramp hakimiyyətindən fərqli olaraq, istər icraedici, istərsə də qanunverici müstəvidə indiki hakimiyyət eyni mövqedən çıxış edir. Açığı, Rusiyaya qarşı başda ABŞ olmaqla Qərb (Avropa İttifaqı və ayrı-ayrı üzv ölkələr çərçivəsində) Krımın ilhaq edilməsindən bu yana çoxlu sayda siyasi və iqtisadi sanksiya qəbul edib və indiki ABŞ administrasiyasının bundan sonra hansı sərt tədbirlər alacağı ilə bağlı hələ ki, dəqiq məlumatlar yoxdur. İstənilən halda, C.Bayden və yeni hökumətin üzvləri açıq şəkildə bildirirlər ki, Rusiya daxili və xarici siyasətində dəyişikliklər etməsə, bu ölkə ilə dialoq qurulmasından söhbət gedə bilməz.
ABŞ NATO qarşısında öhdəlikləri məsələsində ənənəvi siyasətə bağlı qalmaq, yəni təşkilatın güclənməsi istiqamətində addımlar atmaq niyyətindədir. Bəlli olduğu kimi, alyans yaranan dövrdən bəri, Amerikanın Avroatlantika məkanının təhlükəsizliyinə ayırdığı xərclər digər müttəfiq ölkələrin birgə xərclərindən qat-qat çoxdur. Tramp bununla bağlı dəfələrlə o ölkələri tənqid edib deyirdi ki, bu istiqamətdə real addımlar atılmasa, ABŞ öz öhdəliklərinə yenidən baxmalı olacaq. C.Bayden isə yenidən NATO-nun gücləndirilməsi üçün ölkəsinin ənənəvi siyasətə sadiq qalacağını bəyan edib. Eyni zamanda ABŞ-ın öncəki administrasiya dövründə öz bazalarının Almaniya ərazisində azaldılması ilə bağlı verilmiş qərarı da dondurulmuşdur.
C.Bayden hələ seçkiqabağı kampaniya zamanı İranla 2015-ci ildə imzalanan nüvə razılaşmasına qayıdacağını bəyan etsə də, hələ ki, bu istiqamətdə real addımlar atana oxşamır. Belə ki, Amerika yenə də İranın ballistik raketlər proqramından imtina etməsini tələb kimi gündəmə gətirir, eyni zamanda biz rəsmi Tehranın ona qarşı Tramp dövründə qəbul edilən sanksiyalar səbəbindən 2015-ci il öhdəliklərini tərk etdiyinin şahidi oluruq ki, bu, ABŞ-İran münasibətlərində gərginliyin mövcud olmasından xəbər verir.
Regional müstəvidə narahatlıq doğuran məsələlərdən biri ABŞ-Türkiyə münasibətləridir. Artıq dövlət katibi Entoni Blinken Türkiyənin S-400 HHM qurğusundan imtina etməsi tələbi ilə çıxış etmişdir və bununla bağlı istənilən nəticə əldə edilməsə, Türkiyəyə qarşı yeni sanksiyaların qəbul edilməsi ehtimal edilir. Eyni zamanda ABŞ-ın Suriya ərazisində fəaliyyət göstərən PKK ilə əməkdaşlıq edən PYD qüvvələrinə hərbi dəstək göstərməsi rəsmi Ankaranı narahat edən məsələlərdən biridir. Amma diqqət çəkən məsələlərdən biri də odur ki, ABŞ Türkiyəni geosiyasi maraqlarından tam da kənarda saxlamır, yenə adı çəkilən dövlət katibi bəyanatlarının birində Türkiyənin ABŞ-ın müttəfiqi olduğunu və onunla normal münasibətlərdə olmasını vurğulayır. Güman etmək olar ki, bu münasibətlərin inkişafı və ya zəifləməsi həm də Ərdoğan hökumətinin atdığı addımlardan asılı olacaq.
Sözsüz ki, bizi maraqlandıran məsələlərdən biri də Dağlıq və aran Qarabağda əldə etdiyimiz strateji uğurlarla bağlı yeni ABŞ administrasiyasının tutacağı mövqedir. Bir tərəfdən ABŞ konqresində ermənipərəst deputatların çoxluğu Azərbaycanı narahat etsə də, digər tərəfdən icraedici hakimiyyətin Azərbaycanın ərazi bütövlüyünü tanıması ölkələrimiz arasında münasibətlərin normal olacağına ümid doğurur.
İstənilən halda, ən azından, yaxın bir il ərzində C.Baydenin xarici siyasət sahəsində atdığı konkret addımların qlobal və regional nəticələrinin şahidi olacağıq.
ŞƏRHLƏR