İslama susayan torpaqları azan səsi ilə oxşayan hafiz - SADİQ MƏMMƏDOV

İslama susayan torpaqları azan səsi ilə oxşayan hafiz - SADİQ MƏMMƏDOV

İrfan: Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.

S.Məmmədov: Mən, Məmmədov Sadiq Nurməhəmməd oğlu, 1992-ci ildə Ağdaş rayonunda anadan olmuşam. İlk təhsilimi elə Ağdaşda almışam. 2006-2008-ci illərdə Şəki İslam Mədrəsəsində (hazırkı Şəki İslam Kolleci) hafiz oldum. 2010-cu ildə hərbi xidmətə çağırıldım, 2012-ci ilin aprel ayında tərxis olundum. İki il Şəki İslam Kollecində tərbiyəçi müəllim kimi işlədikdən sonra 2014-cü ilin may ayında Müşfiqabad qəsəbə məscidinə təyinat aldım və hazırda bu məsciddə imam köməkçisi kimi fəaliyyət göstərirəm.

- Mənfur düşmən üzərində böyük bir zəfər qazandıq. Siz də şanlı ordumuzun əsgəri kimi döyüşlərdə iştirak etdiniz. Yenidən o sıralara qayıtmaq çətin olmadı ki?

- Deməli, sentyabr ayının 27-də hərbi komissarlıqdan səfərbərliklə bağlı zəng gəldi; 28-i gecə saat 4-də komissarlığa çağırıldım. Saat 6 radələrində təlim məqsədi ilə Goran qəsəbəsinə aparıldıq. Bir həftə təlim keçdik. Oktyabr ayının 4-də bizi Füzuli istiqamətinə apararaq xəritə üzərində göstərdilər ki, Cəbrayıl rayonunun Daşkəsən kəndindən Qubadlı rayonunun Xanlıq kəndinə qədər olan istiqamətlərdə gedən döyüşlərdə iştirak edəcəksiniz. Oktyabrın 5-dən etibarən Cəbrayıl istiqamətində döyüşlərə girdik. Qubadlının Xanlıq kəndinə qədər irəlilədik və qarşımıza qoyulan hədəfi gerçəkləşdirdik. Əlbəttə, əvvəlcə adam müəyyən narahatlıq keçirir, çəkinir. Amma yanında yaralıları, şəhidləri gördükdən sonra bir növ öyrəşir, hər şey adiləşir, artıq qorxu hiss etmirsən. İçində təkcə qardaşlarına kömək etmək və qələbə çalmaq hissi olur.

- Hərbi vəzifəniz nə idi?

- Mən rabitəçi idim. Döyüşlər zamanı komandanlıqla əlaqədə olmaq çox mühümdür. Həm hərbi hissənin rabitəsini, həm də bizim yeni yerləşdiyimiz mövqelərdə döyüş şəraitinin təmin edilməsi üçün əlaqəni həyata keçirirdik. Manqa komandiri idim, yanımda beş əsgər vardı. Adətən iki manqa şəklində hərəkət edirdik. Bizə tapşırıq verilirdi ki, filan mövqedə rabitəni təşkil edin, biz də o bölgəyə gedib əlaqəni qururduq.

- O torpaqlara ayaq basdıqca hansı hissləri keçirirdiniz?

- Mən 1992-ci ildə anadan olmuşam. Təbii ki, o bölgələri görməmişdim. Amma həqiqətən insan o torpaqları ilk dəfə görəndə başqa bir duyğuya qapılır. Həm sevinirsən, həm həyəcanlanırsan, bütün bunlar insanda çox fərqli təəssüratlar yaradır. Ordumuzun dinimizə və Allaha bağlılığını görəndə insan möhtəşəm bir auraya bürünür. İstər zabit olsun, istər əsgər, hər bir kəsin ürəyində yüksək bir inam və iradə vardı. Döyüşlərə girməmişdən əvvəl zabitlər bizi təlimatlandıranda dini müstəvidə tövsiyələr verir, şəhidliyin ucalığından, vətənin müqəddəsliyindən danışırdılar. Qurani-Kərimdən, Peyğəmbərin (s.ə.s) hədislərindən misallar gətirirdilər ki, bu da bizdə yüksək əhvali-ruhiyyə oyadırdı. Orada ibadət edən də vardı, etməyən də. Amma danışılanlar hər kəsdə başqa bir ruh yüksəkliyi yaradırdı. Biz namaz qılanda digərləri bizi mühafizə edirdilər. Ətlə dırnaq kimi hamımız bir-birimizə bağlanmışdıq. Namazlarımızı növbəli şəkildə qılırdıq ki, birdən hücum olsa, çətin vəziyyətdə qalmayaq. Düzdür, ora gedəndə azan oxumaq, namaz qıldırmaq kimi bir məqsədim yox idi. Hətta müharibə şəraitində ibadət üçün imkan olarmı, olmazmı deyə düşünürdüm. Amma bunu gördük ki, imkanı insan istəyəndə özü yaradır. Zabitlərlə, əsgərlərlə oturub dini müstəvidə söhbətlər edirdik. Quran oxuyurdum, onlarla birlikdə dua edirdik, hər kəs amin deyirdi. Hətta hər dəfə hücumdan əvvəl mənə Quran oxutdurmaq və cəm halda dua etmək adət halına gəlmişdi.

- Sosial mediada azan oxuyarkən çəkilən videolarınız yayılmışdı. Təhlükəli deyildimi?

- Düz deyirsiniz, bu, çox təhlükəli idi. Xüsusilə ilk həftələrdə mövqelərimiz aşağıda idi, ermənilər daha yüksək yerlərdə mövqe tutmuşdu, rahatlıqla bizi müşahidə edirdilər. Biz onsuz da öz aramızda azan oxuyub ibadətimizi edirdik. Bir dəfə zabitlərimiz və əsgər yoldaşlarımız təklif etdilər ki, açıqdan azan oxuyaq. Mənim də könlümdən keçirdi, amma müharibə şəraitində bunun necə mümkün olacağını bilmədiyim üçün zabitlərin icazəsini gözləyirdim. Onlar bunun mümkün olduğunu dedikdən sonra məmnuniyyətlə oxumaq qərarına gəldim. Mən oxuyanda döyüş yoldaşlarım məni müdafiə edəcəkdilər. Hətta mənə xəbərdarlıq etdilər ki, işin axırında ölüm də ola bilər, açıq hədəf olacaqsan, buna könüllüsənsə, oxuya bilərsən. Dedim ki, bu yolda ölmək bizim üçün şərəf olar. İlk azanı oxuyanda elə Cəbrayılın Daşkəsən kəndində idik. Mən açıq hədəf olduğum üçün videonu aralıdan çəkirdilər. Hətta ilk azanda video çəkən əsgər hücum təhlükəsinə görə mövqeyini dəyişmiş, çəkiliş də yarımçıq qalmışdı. Amma şükür, mən azanı axıra kimi oxudum. Bitirən kimi də dərhal qaçıb yerimi dəyişdim. İlk azan belə olmuşdu. Bizim üçün ən böyük təhlükə minaatanlar idi. İki-üç nəfərlik hədəf görən kimi atırdılar. Amma Qubadlı istiqamətinə getdikcə, xüsusilə Xanlıq kəndində imkanlarımız artdı, orada nisbətən daha rahat şərait yarandı. Çünki artıq düşmən ilə aramızdakı məsafə xeyli çoxalmışdı və biz atış məsafəsindən uzaqda idik. Oradakı səngərlərdə azan vermək və Quran oxumaq nisbətən daha təhlükəsiz idi. Hətta Allah nəsib elədi, o torpaqlarda Qurani-Kərimi xətm də etdim. Dörd günə Quranı başdan sona oxuyub tamamlamağım mənim üçün böyük bir sevindirici hal oldu.

- Zəfərə gedən yol böyük fədakarlıqlar bahasına başa gəlir. Sizin üçün ən çox yaddaqalıcı olan, bu böyük fədakarlığı əks etdirən hadisələrdən danışsaq, bilirik ki, jurnalımızın səhifələrinə sığmaz. Yenə də bu xatirələrinizdən birini oxucularımızla bölüşməyinizi istərdik.

- Bəli, çox hadisələr yaşadıq. Bunlardan məni ən çox təsirləndirən və eyni zamanda ruh yüksəkliyi yaradan hadisələrdən birini xüsusilə danışmaq istəyirəm. Bir gün yenə rabitə komandirimiz bizə tapşırıq verdi ki, filan mövqeyə gedin və rabitəni təşkil edin. Oraya bizdən əvvəl kəşfiyyat aparan əsgərlərin təyin etdiyi cığırla gedirdik, sağa-sola çıxmamalıydıq. Minalanmış yerlər, qurulmuş tələlər ola bilərdi, pusquya düşə bilərdik. Düşünün, getdikcə düşmənə yaxınlaşırsan və təhlükəli bölgədəsən. İki manqa arxa-arxaya düzülüb irəliləyirdik. Axşam radələri idi, hava yavaş-yavaş qaralmağa üz tuturdu. Mən tabeliyimdəki beş əsgərlə arxadakı manqanın başında idim. Birdən, sağ tərəfdən, 50-60 metr məsafədən bir inilti səsi eşitdim. Bildim ki, orada yaralı bir əsgər var. Qabaqda gedən manqa komandirini səslədim, dedim ki, səs eşitdim, bəlkə gedib baxaq? Qulaq kəsildik, həqiqətən də zəif bir səs gəlirdi. Əslinə baxsan, getdiyimiz cığır da təhlükəlidir, qaldı ki, kənardakı kolluğa gedib baxmaq. Digər manqa komandiri cığırdan kənara çıxmağın təhlükəli olacağını dedi. Axır belə qərara gəldik ki, rabitə rəisi ilə əlaqə quraq, vəziyyəti məruzə edim; nə desə, onu edək. Danışıb səs eşitdiyimizi, yaralı əsgər olacağını dedim. Dedi ki, “Məmmədov, bilirsən ki, sizin əsas borcunuz verilən tapşırığı yerinə yetirməkdir. Özünüzü təhlükəyə atmamalısınız. Pusqu da ola bilər, sizi tələyə salmaq üçün düşmənin qurğusu da ola bilər. Yenə də sizin ixtiyarınıza buraxıram. Manqa komandiri olaraq ikiniz gedin, əsgərləri təhlükəyə atmayın. Onlar cığırda dayanıb sizi qorusunlar”. Allaha təvəkkül deyib ikimiz getmək qərarına gəldik. Əsgərlər cığırda mövqe tutublar. İçimizdə həyəcan var, qorxu var... Ayağımızı yerə diqqətlə qoyurduq ki, minaya düşməyək. Gedib baxanda gördük ki, bizim əsgərlərdəndir, ağır yaralıdır. Əynindəki bizim formanı görəndə ürəyimdə bir sevinc hissi, doğmalıq baş qaldırdı, səmimiyyətlə dedim: “Mübarək, burda neynirsən?” Dedi: “Qardaş, yaralıyam. Üç gündür buradayam”. Həqiqətən də, sol ayağının dizdən yuxarı hissəsi ağır yaralanmışdı, sağ ayağında da dizdən bir az aşağıdan yara almışdı. Özü yaralarını jqutla sıxmışdı ki, qan itirməsin. Xüsusi Təyinatlıların əsgəri idi. Dedim: “Burda nə işin var, necə düşmüsən bura?”. Dedi: “Biz on nəfər idik. Filan mövqeni ələ keçirmək tapşırığı verilmişdi. Hərəmiz ayrı-ayrı bölgədən irəliləyirdik. Mən yaralandım, ona görə də geridə qaldım, daha irəli getmədim”. Yaralı əsgər günlərdir orada ac-susuz qalmışdı. Dedim ki, “Bəs niyə yoldaşlarına xəbər eləməmisən ki, yaralanmısan; gəlib səni burdan çıxardardılar”. “Mən onlara xəbər eləsəydim, - dedi, - onlar vəzifələrini atıb yanıma gələrdilər. Mən onlar üçün əlavə yük olacaqdım və vəzifə yarımçıq qalacaqdı”. Hətta bildirdi ki, üç gündür burada yatır və səsini çıxartmır ki, birdən ətrafda düşmən əsgəri ola bilər. İndi bizim öz tərəfimizdən gəldiyimizi biləndə düşünüb ki, özümüzünkülərdir, buna görə səslənmək istəyib. Onu oradan çıxardıb yardım çağırdıq, tibb məntəqəsinə göndərdik. Orada o əsgərin verdiyi cavab mənə həqiqətən çox təsir etdi, o anı əsla unutmaram.

- Çox təşəkkür edirik.

- Mən də təşəkkür edirəm, Allah bütün şəhidlərimizə rəhmət etsin. Yaralı qazilərimizə şəfa, şəhidlərimizin yaxınlarına, ailələrinə səbir diləyirəm.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz