DİNSİZ TƏSƏVVÜR

DİNSİZ TƏSƏVVÜR

Dünya yaranandan bəri “din” bəşəriyyət ilə birgə günümüzə qədər gəlib çıxmışdır. Tarix səhnəsində müxtəlif dinlərin və inanışların olduğunu bilirik. Elə bir tayfa, elə bir millət yoxdur ki, onun dini və ya müxtəlif inamları olmasın. Bu onu göstərir ki, insan inanan varlıqdır; din onun həyatında mühüm yer tutur. İnsanların münasibətlərində, davranışlarında dinin təsiri böyükdür. İnsan həyatı dinin əmr və qadağalarına görə şəkillənir, dinin əxlaqı və ədəbinə görə insanlar tərbiyələndirilir. Tarix boyu din insanların düşüncəsində, təfəkküründə və təsəvvüründə mərkəzi yerdə idi.

 Amma iki əsrə yaxındır ki, dini insan düşüncəsindən, insan təsəvvüründən uzaq tutmağa, uzaqlaşdırmağa çalışırlar. Daha doğrusu, “uzaq olduğunu” iddia edirlər. Beləliklə, yeni bir sistemə girdiyimizi və yeni bir dünyaya qədəm basdığımızı dedilər. Bu da dinsiz bir dünya, dinsiz bir təsəvvür, dinsiz bir həyat tərzi idi. Burada söhbət hər hansı bir dindən getmir. Ümumilikdə, bütün din anlayışını, din məfhumunu nəzərdə tuturuq.

Qərb dünyasında sənaye (industrial) inqilabının vüsət almasından sonra ictimai-siyasi həyatda bir çox dəyişikliklər meydana gəldi. Həm davranış, həm də təsəvvür və düşüncələrdə yeni bir mərhələ yarandı. Bütün düşüncə və təsəvvürlərin rasional, məntiqə uyğun izahının olduğuna inanıldı. Dinin yerinə məntiqi, ağılı və rasionallığı qoydular. Buna görə hər şeyi yenidən tənzimləməyə, yeni bir nizam qurmağa başladılar. Beləliklə, bu yeni dövrün adı “sekulyarizm” (bizdəki məşhur ifadəsi ilə: dünyəvilik) oldu. Bir sözlə, din cəmiyyət həyatından yox olub getməli idi. Alman sosioloq Maks Veberin deyimi ilə: “Quş qəfəsdən uçduğu kimi” din də uçub gedəcəkdi. Amma tam əksi oldu. 1970-ci illərdə Qərb dünyasında ortaya çıxan yeni dini cərəyanlar və Yaxın Şərqdəki islami oyanış bu utopik düşüncənin absurd olduğunu göstərdi. Nəticədə özləri də dinin heç bir zaman yox ola bilməyəcəyini etiraf etdilər.

Amma bütün bunlara baxmayaraq, hələ də sekulyarizmin davam etdiyinə inananlar var. Onlar bunun sadəcə tamamlanmamış bir mərhələ olduğunu iddia edir və müəyyən mənada dinin öz təsiredici gücünü itirməsini müvəffəqiyyət kimi qarşılayırlar.

Qərbdə dinə münasibətin qısa icmalı bu şəkildədir. Eyni zamanda qərbləşmə prosesi əsnasında Qərb qitəsinin xaricində də sekulyarizm və dünyəvilik prosesinin istər avtoritar rejimin məcburi qanunvericiliyi ilə, istərsə də qloballaşmanın təsiri ilə həyata əks etdiyini görürük. Beləliklə, “dinsiz təsəvvür” meydana gəldi, ya da bu, layihələşdirildi.

Bəs yaxşı, “dinsiz təsəvvür” cəmiyyəti hansı səviyyəyə gətirib çıxaracaq? Dini təsəvvürdə Allah inancı var, dinsiz təsəvvürdə isə bu yoxdur. Yəni təzim göstəriləcək, baş əyiləcək və ibadət ediləcək bir məbud qəbul edilmir. Bunun nəticəsində insanın Yaradanla rabitəsi kəsilmiş olur. İnsan bu dünyaya niyə gəlir, niyə yaşayır kimi sualların cavabını rasionallıqda, məntiq çərçivəsində cavablandırmağa çalışırlar. Bu da müxtəlif absurd fikirləri bərabərində gətirir.

Dinsiz təsəvvürdə Allah təsəvvürünün olmaması eyni zamanda axirət təsəvvürünün də olmaması mənasına gəlir; hər şey bu dünyadan ibarətdir. Yəni qiyamət, haqq-hesab günü və s. kimi axirət hadisələri nəzərə alınmır. Bunun nəticəsində isə sadəcə bu dünya üçün yaşamaq şüarı formalaşır. Artıq dünyanın bütün zövq və səfasını dadmaq yarışı başlayır. Hətta bu elə bir dərəcəyə çatır ki, insan hüquqlarına riayət etmək kimi məsələlər də mənasını itirir. Bu da istədiyini əldə etmək üçün bütün yollar mübahdır qaydasından yola çıxaraq, haram demədən, haqq demədən bütün neqativ əməlləri törətmək təhlükəsi ilə üz-üzə qalmaq deməkdir.

Bu düşüncədəki bir problem də cavabdehlik məfhumunun olmamasıdır. Burada söhbət cinayətlərin qanunvericilikdə cəzasız qalacağından getmir. Söhbət, ümumiyyətlə, din tərəfindən qadağan edilmiş əməllərdən gedir. Dini təsəvvür ilahi bir nəzarətin daima insanı təqib etdiyini bildirir. Amma dinsiz təsəvvür ilahi nəzarətin olmadığını, insanın sadəcə vicdanına bağlı olduğunu müdafiə edir. Məsələn, çölün ortasında, kimsəsiz bir yerdə belə oğurluq etsən, bunu Allah görür və nəticədə cəzasını verəcəkdir. Amma dinsiz təsəvvürdə ilahi nəzarət olmadığına görə, kimsənin görmədiyi yerdə və tutulma təhlükəsi olmayan  yerlərdə oğurluq etmək mübah hala gəlmiş olur. Hər nə qədər bunun vicdana uyğun olmadığını desələr də, burada insanın hesab verəcəyi heç bir məqam olmadığına görə ona mane olan heç bir əsas yoxdur, əksinə, bu hal oğurluq etməyə təşviq edir.

Siyahını uzatmaq mümkündür. Ancaq bu qısa yazımızda dinsiz təsəvvürün yol açacağı və ya açdığı bütün mənfi hallara toxunmaq mümkün deyil. Əsas məsələ, dinsiz təsəvvürün yaranmaması üçün dini düzgün və doğru bir şəkildə öyrənmək zərurətidir.  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz