ƏYYUBU XATIRLA
Səbir... Uzun, keşməkeşli yolların, ağrılı-acılı halların gözəl nəticəyə çatmasına az qalmış ortaya çıxan ülvi bir sığınacaq. Sevənlərin sevdiyinə, həsrətində olanların istədiklərinə bununla qovuşduğu, qəlb ağrılarının azaldığına şahid olduğumuz möhkəm bir dayaq. Bütün peyğəmbərlərin ortaq halı, Uca Rəbbimizin rizasına qovuşmağın ən mükəmməl yolu, Yaqubun Yusifə, Zəkəriyyanın Yəhyaya, Musanın Xızıra, İbrahimin İsmayıla qovuşmasındakı əsas amil. Habili məzlum və cənnətlik edən, Nuhu 950 illik təbliğ nəticəsində qurtuluşla üzləşdirən və nəhayət, Muhamməd Mustafanı hələ dünyada ikən 6 dəfə yaralayıb, övlad acısına qarşı mükafatlanmasına səbəb olan səbir...
Hər kəs ona ehtiyac duyar, həm də, demək olar ki, həyatın hər sahəsində. İnsan oğlunun hələ körpə ikən südünə qovuşması üçün, sonra da körpəlik adətlərindən əl çəkdirilməsi üçün alışması lazım gələn bir məktəbdir, səbir. Kamilləşmək, yetişmək, formalaşmaq bu məktəbin təhsili ilə mümkündür. Qısa həyatda çox şey qazana bilmək səbrin gözəl nəticəsi ilə olur.
Bəs səbir göstərib maddi olaraq qazana bilmədiklərimiz necə? Bu görünməz ilə görünəni necə əldə edə bilərik? Burda imanın və ona bağlı olan zikr, ibadət və təvəkkülün səbri formalaşdırmasını görürük. Gəlin səmimi olaq; səbri əldə etmənin yolu maddi deyil, modern psixologiya deyil, məhz yaradılışdan bu günə qədər əsl təsir yaradan ibadət və mənəvi təhsil ilə mümkündür. Dininə kamil yanaşanın qüvvətli səbrə sahib ola biləcəyinə inanır, ən azından inanmaq istəyirik. Çünki səbrin məktəbi əsasən din təhsili, ibadət, zikr və təfəkkürdür ki, təsiri qəlbin genişlənməsi, meyvəsi isə kamil insan ola bilməkdir.
Xəstəliyindən, ağrılarından iztirab çəkənlər olmuşdur, vardır və olacaqdır. Hər biri ayrı-ayrı öz imtahanındadır; Rəbbi ilə arasındakı münasibəti formalaşdırır. Ağrılarından iztirab çəkən birinə peyğəmbərimiz: “Sənin ağrılarından şikayət etməməyin və müsibəti söyləməməyin Allaha təzim etmək və haqqını tanımaq deməkdir”, - buyurur.
Səbir müalicəyə mane deyil, əksinə, qulun ümidsizcə ağrılarını hayqırmasına manedir, Allahdan gələnə etiraz etməməkdir. Şikayətlər ağrını azaltmır, əksinə, zəifliyi, dözümsüzlüyü, iman-ibadət əskikliyini ortaya qoyur; duanın qəbul olmasının ən münasib vaxtında Allah ilə yaxınlığa pərdə olur; xəstəliklər mükafat yox yük, xərc, külfət səbəbi olmağa başlayır. Qula qalan boş-boşuna çəkilən əziyyət olur. Hz. Ənəsdən (r.a) gələn rəvayətdə Allah-Təala:
- Ey Cəbrayıl, iki gözü əlindən alınanın mükafatı nədir? - deyə soruşur. Cəbrayıl (ə.s):
- Ey Rəbbimiz, sən ortaqdan münəzzəhsən. Bizim üçün ancaq Sənin öyrətdiyin elm vardır, - deyir. Allah-Təala belə buyurur:
- Bunun mükafatı cənnətimdə əbədi qalmaq, camalıma tamaşa etməkdir.
Peyğəmbərlər ağlımıza gələ biləcək hər bir halda insanlığa nümunə olmuşlar. Xəstəlikdən, övlad və mal itkilərindən ən çox əziyyət çəkən də, bilindiyi kimi, Hz. Əyyub (ə.s) olmuşdur. Onun səbri dillərə dastandır. Allahı razı edən səbri müqabilində bu uca peyğəmbərə hələ dünyada ikən bir çox gözəlliklər bəxş edildi. Bu nümunə ilə hər kəs səbrini Eyyub səbri, məqsədini Allaha təzim olaraq seçərsə, nələrə nail olmaz ki?!
İçinə sıxışdırılıb həbs olunduğumuz bu dünyalıq cəsəd əlimizdən alınana qədər Hz. Əyyubu göz önündən ayırmamaq gərəkdir. Müsibətlərlə qarşılaşan hər kəs: “İnna lillahi və inna ileyhi raciun – Biz Allaha məxsusuq və Ona da qayıdacağıq”, - deyərək yaradılışdakı məqsədin fərqində olduğunu dilə gətirər və könlü də buna razı olarsa, Əyyuba verilən mükafat və aqibətlə təltif olunacağı aşkardır. Hər kəs, ağır xəstəliyi, yaxud itkisi olsa belə, öz qanından olanlara, yaxınlarına əzizdir. Şükürsüz, üsyankar hallar ilə keçirilən ağır zamanlar isə insanın yaxınlarını belə uzaq edər. Elə isə bu böyük imtahanın əvəzində mükafatlarla qulunu gözləyən Allah niyə bu qula yaxın olsun. Halına riza göstərənin isə duası məqbul, ətrafındakılar sakit, yaxınları sevgi dolu, baxıcısı zərif olar.
Deyilir ki, ariflərdən birinin cibində bir kağız vardı. Hər saat onu çıxarır, baxır, düşünürmüş. Kağızda bu ayə yazılmışdı: “Rəbbinin hökmünə səbir et. Çünki sən bizim mühafizəmiz altındasan”. (ət-Tur, 48)
Məşhur “İhyai-ulumiddin” əsərində belə deyilir: “Gözəl səbir müsibət sahibinin başqalarından ayırd edilməməsidir”.
Bu dövrdə səbir bizə millət olaraq, xalq olaraq yazıldı. Düşmənə qarşı qəhrəmanlıq dastanı yazan vətən övladlarını itirdik. Bu möhtəşəm dastanın canlı şahidləri olan qazilərimiz kiçik, amma çətin və keşməkeşli dövrün ən səbirli şəxsiyyətləri oldular. İstər şəhidlərimizin, istərsə də qazilərimizin mətanətli anaları, xanımları, yaxınları bu müsibətlərdə bizə əsl səbir dərsi keçdilər. Buradan götürəcəyimiz dərs, tarixin milli və mənəvi şüur istiqamətində yaddaşımızdan çıxmaması üçün layiqli səbir göstərməyimizdir. Çünki səbir həm dini mənada, həm də milli-mənəvi dəyərlərimizin yaşadılması adına ən böyük iradə və müvəffəqiyyət meyarımızdır.
ŞƏRHLƏR