SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Fitr sədəqəsi nədir?

Dinimiz hər fürsətdə Allah rizası üçün infaq etməyə böyük əhəmiyyət vermiş və bunu təşviq etmişdir. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdu: “Qulun sabaha çıxdığı hər gün iki mələk enər. İkisindən biri: “Allahım, sədəqə verən kimsəyə yenisini göndər”, - deyər. Digəri isə: “Allahım, verməyəninkini tələf elə”, - deyər”. (Buxari, Zəkat, 27; Müslim Zəkat, 57)

Qurani-Kərimdə də sədəqənin “Allah tərəfindən alındığı” ifadə edilərək bir çox ayələrdə sədəqə təşviq edilmişdir. Fitr sədəqəsi də bu mənada savabı böyük olan, Ramazan ayına məxsus verilən sədəqələrdəndir.  Fitir sədəqəsi Ramazan bayramına rahat və hüzurla girmək istəyən əksər kasıbların ehtiyacını qarşılayan bir sədəqə çeşididir. Bu nöqteyi-nəzərdən zəkatdan daha əhatəlidir və kasıbların bayrama hazırlaşma xüsusunda təcili ehtiyaclarını qarşılayan bir ibadətdir.

Fitr nə deməkdir?

“Fitr” kəlməsi “orucu açmaq, orucu başa vurmaq” mənasına gəlir. Fitr sədəqəsi isə insanı Ramazan ayına çatdıran, Ramazanı yaşadan və bu ayın bərəkətindən faydalandıran Allah-Təalaya şükür niyyəti ilə verilən sədəqədir.  Bu kəlmənin digər bir mənası da “yaradılış”, “fitrət” deməkdir. Yəni fitr sədəqəsi Allahın bizləri kainatda ən üstün varlıq (insan) kimi yaratmasının müqabilində edilən təşəkkürün bir təzahürüdür.  

Fitr sədəqəsi hansı mallardan verilir?

Əbu Səid əl-Xudridən (r.a) rəvayət edilən bir hədisdə fitrə verilə biləcək maddələr və miqdarları belə müəyyən edilir: “Biz Peyğəmbər dövründə fitrəni, yemək maddələrindən 1 sa (ölçək) olaraq verirdik. O zaman bizim yediklərimiz arpa, kişmiş, xurma və keş idi”. (Buxari, Zəkat, 74; Ə. İbn Hənbəl, III, 73, 98) Bu hədisə əsasən  fitrə zəkatını ödəmək üçün əsas alınan maddələr dörddür: Buğda və ya unu, arpa və ya unu, xurma, quru üzüm/kişmiş. Bu maddələrdən hər hansı birindən müəyyən edilmiş miqdar və yaxud o miqdarın dəyəri verilə bilər:

Buğda – 0.5 sa/1700 qr və ya dəyəri.

Arpa – 1 sa/3400 qr və ya dəyəri.

Xurma – 1 sa/3400 qr və ya dəyəri.

Quru üzüm – 1 sa/3400 qr və ya dəyəri.

Təsbit edilən bu miqdarlar minimumu – ən azı ifadə edir. Sözsüz ki, bu miqdarlardan artıq verilməsi daha gözəldir. Həmçinin ölçü olaraq zikr edilən ərzaq növlərindən ən bahalısını seçmək daha fəzilətlidir. Həm ərzaq, həm də pul olaraq verilə bilər. Əsasən bu mövzuda fəqirin ehtiyacı göz önündə tutulur. Ölkəmizdə hər il fitrənin manatla dəyəri QMİ tərəfindən müəyyən edilir.

Fitr sədəqəsi nə vaxt verilir?

Bayram günü dan yerinin ağarması ilə mükəlləf olan, yəni imkanı çatan şəxslərə fitrə vacib olur. Fitrə, Ramazan bayramından bir və ya iki gün əvvəl ilə Bayram namazı arasında ödənilir. Bununla birlikdə fitrə, Ramazanın girməsindən etibarən də ödənilə bilər. Bayram gecəsi günəş doğmadan öncə doğulan uşağın belə fitrəsinin verilməsi vacibdir. Müstəhəb olan budur ki, fitr sədəqəsini sübh namazı ilə bayram namazı arasında verəsən lakin günümüzdə bu hal gerçəkləşmədiyi üçün bayram namazından 10-15 gün öncə verilməsi də caizdir. Fitrəni bayramdan sonra vermək caiz olsa da bu artıq sədəqə hökmündə olacaqdır. Abdullah ibn Ömərdən nəql edilən hədisdə Rəsulullah (s.ə.s) fitr sədəqəsini xalq bayram namazına çıxmadan verməyi  əmr etmişdir. (Buxari, Zəkat, 76; Müslim, Zəkat, 12)

 Fitr sədəqəsi kimlərə vacibdir? 

Fitr sədəqəsi vermək nisab miqdarına (82 qr qızıla) sahib olanlara, habelə  müsəlmanlardan ev, ev əşyası kimi zəruri ehtiyaclara malik olub günlük ehtiyacından artıq  bir mala sahib olan hər kəsə vacibdir.

Fitr sədəqəsi kimlərə verilir?

Fitrəni zəkat düşən hər kəsə (ata-ana və öz uşaqları xaric) vermək olar. Yəni kasıblar, miskinlər, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib müsəlmanlığa yeni bağlananlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular fitrə ala bilər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz