MÖHKƏM və MÜTƏŞABEH
Allah Rəsuluna (s.ə.s) Cəbrayıl (ə.s) vasitəsilə əskiksiz endirilən pak və tərtəmiz bir əqidə səhabədən tabeuna, tabeundan təbei-tabeuna, müctəhid imamlardan alimlərin ittifaqına rəvayət edilərək günümüzə qədər çatmışdır. Bütün bunlara rəğmən, əqli və nəqli dəlilləri bir kənara atıb din haqqında hissi qondarmalar ilə danışan insanların həddən artıq çoxaldığı bir zamana gəldik. Bu gün dillərin ən kəskin, qələmin ən sərt, lakin dində elmi səviyyənin çox zəif olduğu həssas bir dönəmdə yaşayırıq. Müasir dövrdə dini bilikləri sosial şəbəkələrdən yarı-yarımçıq öyrənib, amma danışarkən sanki illərdir elmi araşdırmalar aparan mütəxəssislər kimi danışan insanlara rast gəlirik. Əslində, belə olmaq insan oğlunun təbiətində var və kökləri çox keçmişə qədər uzanır. Dahi Nizami:
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan!
- buyurarkən bu həqiqəti bir nəbzə dilə gətirmişdir. Atalar demişkən: “Yarımçıq molla dindən, yarımçıq həkim candan edər”.
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla başa düşüləcək və tətbiq oluna biləcək şəkildə açıq və sadə bir üslubla izah edilmişdir. Bunlara möhkəm ayələr adı verilir. Möhkəm ayələr, Quranda bildirildiyi kimi, “Kitabın anası”, yəni əsasıdır. Möhkəm ayələr xaricində Quranın bir də mütəşabeh ayələri vardır. Mütəşabeh ayələr müxtəlif təşbeh və bənzətməli izahatlar ehtiva edən ayələrdir. Mütəşabeh ayələr Quran haqqında məlumatı olmayan və ya pis niyyətli kəslər tərəfindən tamamilə səhv göstərilib, qeyri-mümkün mənalarda şərh oluna bilər.
Quranda “təşabüh” məsdərindən törəyən sözlər doqquz ayədə qeyd edilmişdir ki, bunların da altısı terminoloji mənası ilə əlaqəli deyil.
Ali-İmran surəsinin 7-ci ayəsində belə buyurulur: “Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (mənası aydın olan) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (mənası dəqiq bilinməyən) ayələrdir. Ancaq qəlblərində əyrilik olan kimsələr fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki onun yozumunu Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə: “Onlara iman etdik. Hamısı Rəbbimizdəndir”, - deyərlər. Ağıl sahiblərindən başqası (bunu) dərk etməz”.
Zümər surəsinin 23-cü ayəsində də təşbehdən bəhs edilmişdir:
“Allah sözün ən gözəlini bir-birinə bənzər və təkrarlanan bir kitab olaraq nazil etdi. Rəbbindən qorxanların onun təsirindən dəriləri ürpəşər. Sonra Allahı zikr etməklə dəriləri və qəlbləri yumşalar (rahatlıq tapar). Bu, Allahın hidayətidir. O, istədiyini onunla doğru yola yönəldər. Lakin Allahın haqq yoldan azdırdığı kimsəni heç kim doğru yola yönəldə bilməz”.
Mütəşabeh mövzusu araşdırılarkən vurğulanan “möhkəm” anlayışı dörd ayədə yer alır. Bir ayədə şeytanın peyğəmbərlərin təbliğinə öz fikirlərini qarışdırmaq istədiyi, ancaq Allahın belə uydurmaları ortadan qaldırdığı və ayələrini gücləndirdiyi (əl-Həcc, 52) bildirilir. Başqa bir ayədə “möhkəm bir surə” ifadəsi (Muhamməd, 20) zikr edilir. Hud surəsinin 1-ci ayəsində Quran ayələrinin möhkəmləndirildiyi və hərtərəfli izah edildiyi bildirilir. Ali-İmran surəsində isə əvvəlcə möhkəm ayələrdən və ardından mütəşabeh ayələrdən bəhs edilir.
Mütəşabeh ayələrin mənaları Allah qatındadır. Tarixən Qurandakı mütəşabeh ayələri müxtəlif səhv məqsədləri və istəkləri əsasında şərh edən nadan kəslər, məzhəb və cərəyanlar mövcud olmuşdur. Bunun fitnə olduğu və ancaq ürəklərində xəstəlik olan, yəni doğru yoldan sapan, imanını itirən kəslərin bu yola girdikləri ayədə bildirilmişdir. Həmçinin ayədə mütəşabeh ayələrin şərhini ancaq Allahın bildiyi də ifadə edilmişdir. Allah istədiyinə mütəşabeh ayələrin şərhiylə əlaqədar elm verə bilər. Ancaq iman gətirənlərin özlərinə elm verilməyənləri də mütəşabeh ayələrin hamısına inanar, ürəklərində xəstəlik olanların və fitnə törədənlərin etdikləri kimi ayələr haqqında xətalı şərhlər etməyə cəhd göstərməzlər.
Böyük İslam alimi və təfsirçi Elmalılı Muhamməd Hamdi Yazır da əsərlərində mütəşabeh ayələrin şərhlərinə çox ətraflı şəkildə diqqət çəkir. Mütəşabeh ifadələrin nə qədər çox mənalar ehtiva etdiyini, bir mövzunu izah etməkdə nə qədər əhəmiyyətli və dəyərli olduğunu belə izah edir:
“Mütəşabeh – mühməl (dəyərsiz) bir şey, mənasız bir söz deyildir. Əksinə, çox sayda mənalar ehtiva etdiyi və əsl məqsədi ayırd etməyimiz mümkün olmadığı üçün bəzi kəslərə mübhəm (naməlum) kimi görünür. Mütəşabeh, əslində, bəyan növlərinin (müxtəlif şərhlərin) bir çoxunu özündə ehtiva edən bir ifadədir. Həqiqi və məcazi məna, sarih (aydın) və kinayə, təmsil (nümunə) və təhqiq (araşdırma), zahir (açıq) və xafi (gizli) kimi növlər bunlara aiddir... Məlum olduğu kimi, bəzən izahatda ibham (qeyri-müəyyənlik), bəlağətin ən qiymətli təzahürlərindən sayılır. Hər bir şəxs hər sözə həmsöhbət ola bilmədiyi kimi, bəşəriyyət də, ümumiyyətlə, elmi-ilahinin külliyatını (Allahın elminin hamısını) başa düşməyə qadir ola bilməz”. (M. Hamdi Yazır, “Haqq dini Quran dili”, İstanbul, 1935, 1,48)
ŞƏRHLƏR