Cəlalə ŞİRİNOVA - MÜSAHİBƏ
Cəlalə Şirinova: “Çoxlarımız canımız sağlam ikən bu böyük nemətin dəyərini bilmirik”.
İrfan: Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
C.Şirinova: Mən Cəlalə Şirinova Məmməd qızı və qardaşım Hümmət Şirinov Məmməd oğlu Şəki rayonunun Kiş kəndində anadan olmuşuq və hal-hazırda orada yaşayırıq. Yeddi ildir ki, hər ikimiz yataq xəstəsiyik. Belə ki, 2014-cü ildə atam və digər ailə üzvlərimizlə birlikdə avtomobil qəzası keçirdik. Atam qəzada dünyasını dəyişdi, digər ailə üzvlərimiz yüngül xəsarət aldılar, mən və qardaşım Hümmət isə hər ikimiz onurğa sümüyünün sınması nəticəsində yataq xəstəsi olduq. O gündən bu yana fərqli illərdə tibbi müayinə və müalicə olunmağımıza baxmayaraq əvvəlki sağlamlığımıza bir daha qayıda bilmədik. Və hal-hazırda 1-ci qrup əlil olaraq yaşayışımızı yataqda davam etdiririk.
- Yataq xəstəsi olmaq ağır bir imtahandır, çox çətinlikləri var. Biz bunu eləcə eşitmişik, oxumuşuq, amma siz yaşayırsınız. Bu çətinliyi necə ifadə edərdiniz?
- Özümüzdən asılı olmayaraq bir ömürdə iki fərqli həyat tərzi yaşamalı olduq; biri tam sərbəst, xoş arzularla dolu, heç kimdən asılı olmadan, fiziki məhdudiyyətsiz, sağlam bədənlə istədiyin yerə gedərək, istədiyin zaman yataraq, duraraq, oturaraq, şən məktəb illəri keçirərək, sinif yoldaşları ilə sərbəst ünsiyyət, gələcəyə dair planlar quraraq yaşanan həyat, digəri isə bütün bu sadaladıqlarım və sadalamadıqlarımın çoxundan məhrum olaraq yatağa düçar olmuş halda digərlərinə möhtac qalaraq keçən illər. Bu avtoqəza tək bizim ikimizə deyil, bütün ailə üzvlərimizə öz təsirini göstərdi, hər birimizin həyatını alt-üst etdi. Belə ki, atamızı itirdik, anam bu yeddi ildə heç yerdə işləyə bilmədi. Çünki evdən ayrıla bilmir, daim mənimlə maraqlanır. Natiq qardaşım, eyniliklə o da ailəli və iki uşağı olmasına baxmayaraq daimi işlərdə işləyə bilmir, çünki o da yataq xəstəsi olan Hümmət qardaşımla maraqlanır, onu tək qoya bilmir. Bircə qardaşım əmək fəaliyyəti ilə məşğuldur, o da Bakıda xalça yuma yerində işləyir. Bütün ailənin dolanışığını o qarşılayır. Təkcə fiziki məhdudiyyətlərimiz deyil, bütün bunların xəcalət yükü də insana ağır təsir edir.
- Peyğəmbərimiz buyurur ki, səbrin mükafatı böyükdür. Bu ağır imtahanda, əlbəttə, Allaha sığınmaq, ağrıları onun himayəsi ilə yüngülləşdirmək lazımdır. Eşitmişik ki, siz daha əvvəl dini təhsil də almısınız. Bunu davam etdirə bilirsinizmi?
- Bəli, nə yaxşı ki, qəzadan öncəki illərdə orta təhsilimlə yanaşı, kəndimizin məscidində təşkil olunmuş Quran kursunda da təhsil alırdım. Belə ki, Quran kursunda Quran dərslərindən əlavə, Allaha iman, ibadət, qədər-qəza, Peyğəmbərlərin həyatı, onların çətinliklərə düşdükdə səbir göstərmələri, onların yolu ilə gedənlərin səbri, Allaha asi çıxmayaraq, niyə, nədən mənim başıma gəldi deməyərək həyatlarını davam etdirmələri haqqında mütəmadi olaraq müəllimələrimiz bizə öyrədirdilər. Bu biliklərə sahib olmağımızın bugünkü gündə bizim yaşamımıza çox köməyi olur. Məsələn, Həzrət Əyyub (ə.s) qissəsini xatırlayaraq, səbir edərək bu imtahanın sonunda ya bu dünyada, ya da axirətdə qarşılığını Allahdan alacağımıza inanaraq həyatımızı davam etdirmək böyük təskinlik və ümid verir.
Qəzadan sonra orta məktəbi və Quran təhsilimi davam etdirə bilmədim. Ancaq Quran müəlliməm Yaqut müəllimə məni evimizdə ziyarət edirdi. Sonradan Yaqut müəllimə ailəmizi Rahilə müəllimə ilə tanış elədi. O gündən o da vaxtaşırı bizimlə görüşür və bizlərə mənəvi dəstək olur. Bu yaxınlarda da mənim və qardaşımın İrfan jurnalının rəhbərliyi tərəfindən təmənnasız İrfan ailəsinə abunə olmağımızı bildirdi və bu xəbər bizi cox sevindirdi. Çünki evdə internet məhdudiyyətimiz olduğundan yataq xəstəsi olaraq yaşamaq çox darıxdırıcıdır. Bu mənada İrfan jurnalı bizim üçün çox faydalı bir oxu materialı olaraq köməyimizə çatır. Yataq xəstəsi olmaq elə bir hissdir ki, onu dilə gətirmək mümkün deyil. Onu yalnız yaşadıqda hiss etmək mümkündür.
- Sağlamlığın dəyəri haqda oxucularımıza demək istədiyiniz, bölüşmək istədiyiniz duyğularınız varsa, buyurun...
- Çoxlarımız canımız sağlam ikən bu böyük nemətin dəyərini bilmirik. Yəni fikirləşirik ki, canımız daim sağlam qalacaq. Amma bu heç də belə deyil. O üzdən bir yataq xəstəsi olaraq digərlərinə tövsiyə kimi bu hədisi xatırlatmam yerinə düşərdi. Rəsullullah (s.ə.s) beş şey gəlmədən əvvəl beş şeyin qədrini bilmək lazımdır buyurur:
- Qocalıqdan əvvəl gəncliyin,
- Xəstəlikdən əvvəl sağlamlığın,
- Kasıblıqdan əvvəl zənginliyin,
- Məşğuliyyətdən əvvəl boş vaxtın,
- Ölümdən əvvəl həyatın.
Və onu da bilirik ki, Allah-Təala (c.c) hər bir qulunu sevir, heç birinə daşıya bilməyəcəyi yükü yükləmir.
- Təşəkkür edirik, Allahdan sizə səbri-cəmil diləyirik, Yaqub səbri kimi, Əyyub səbri kimi mükafatına nail olmağınızı arzu edirik.
- Sağ olun, mən də təşəkkür edirəm.
ŞƏRHLƏR