RAMAZANİ-ŞƏRİF İQLİMİNDƏ YAŞAMAQ

RAMAZANİ-ŞƏRİF İQLİMİNDƏ YAŞAMAQ

Ramazani-Şərif Allah-Təalanın müstəsna qiymət bəxş etdiyi mübarək bir aydır. 24 saatlıq gün ərzində səhər vaxtının, yeddi günlük həftədə cümə gününün ayrı bir yeri olduğu kimi ilin ayları içərisində də Ramazani-Şərifin xüsusi qiyməti var. Deyə bilərik ki, Ramazani-Şərif sanki səmamızdakı ulduzlar arasında bütün gözəlliyi ilə parıldayan, dünyaya işıq saçan günəş kimidir.

Əməlisaleh zatlardan biri bu mübarək ayın qiymətini belə bir təşbehlə dilə gətirir:

İl ağacdır. Rəcəb ayı bu ağacın yarpaqladığı günlər, Şaban ayı meyvə verdiyi mövsümdür. Ramazan ayı isə meyvələrin yığım günləridir”.

Elə isə belə bir mənəvi yığım mövsümündə qəflət yuxusuna dalanlar məhsulu vaxtında yığmağa laqeyd yanaşaraq onu budağında çürüdən adam kimi böyük ziyana düçar olarlar.

Rəbbimizə sonsuz şükürlər olsun ki, biz aciz qullarını bu Ramazani-Şərifə yetişdirdi. Lakin gələcək ilin Ramazanına çıxıb-çıxmayacağımız məchuldur. Çünki keçən Ramazan aramızda olduğu halda bu Ramazan həyatda olmayan qardaşlarımız var. Onlar artıq Ramazani-Şərifi əhya etmək imkanından məhrumdurlar.

Bu mənada necə ki, Rəsulullah r hər namazı son namazımızı qılırmış kimi qılmağımızı tövsiyə buyurur, biz də yaşadığımız bu mübarək ayın son Ramazanımız ola biləcəyi şüuru ilə, dərin qəlbi həssaslıqla dəyərləndirməliyik. Günahlardan bağışlanmağa vəsilə olan bu ayın qədir-qiymətini bilib ondan tərtəmiz çıxmağa çalışmalıyıq. Əlimizdən gələn heç bir xeyri təxirə salmamalı, heç bir saleh əməli də kiçik görməməliyik.

Rəcəb və Şaban ayları bir növ Ramazani-Şərifə hazırlıq mahiyyətində olduğu kimi, Ramazanın ilk iyirmi günü də “əşri-axır”ına, yəni “son on günü”nə hazırlıq kimidir. Çünki min aydan xeyirli olan Qədr gecəsi Ramazanın bu on gecəsi içində olan “gizli xəzinə” kimidir.

Ona görə son on günün hər anını saleh əməllə doldurmağa, xeyirlə bəzəməyə, könlünü aldığımız qərib birinin səmimi duası ilə zinətləndirməyə son dərəcə diqqət etməliyik.

Həzrət Aişə c-nın rəvayətinə görə, Rəsulullah r Ramazanda (Allaha yaxınlaşdıra­caq əməllərə və ibadətlərə) digər aylardan daha çox sarılardı. Ramazanın son on günündə isə əvvəlki günlərindən daha çox ibadət edərdi. (Bax. Müslim, Etikaf, 8; İbn Macə, Siyam, 57)

Abdullah bin Abbas v da belə deyir:

Allah Rəsulu r insanların ən səxavətlisi idi. Ramazan ayında isə bu səxavəti daha da artardı. Çünki Cəbrail u hər il Ramazanda gələr, ayın sonuna kimi onunla birlikdə olar, Peyğəmbərimiz ona Qurani-Kərim oxuyardı. Məhz həmin günlərdə Allah Rəsulu əsən küləkdən daha səxavətli olardı”. (Müslim, Fədail, 50)

Biz də ilahi rəhmətin coşub-daşdığı Ramazani-Şərifdə, xüsusilə son on günündə əlindən, dilindən və könlündən mərhəmət və şəfqət saçan “rəhmət insanı” olmağa çalışmalıyıq.

 

Qədr gecəsi

Ramazani-Şərifin ən müstəsna vaxtı “Qədr gecəsi”dir. Bu gecə həddən artıq mübarək bir gecədir.

Qurani-Kərim məhz bu gecə nazil olduğu üçün şərəfli bir gecədir. Bu haqda müstəqil bir surədə və hədisi-şəriflərdə yüksək dəyərindən bəhs olunur.

- Başda Cəbrail u olmaqla mələklərin yer üzünə axın etməsi ilə ülviləşir.

- Möminlər gözlə görülməyən ruhani varlıqlar tərəfindən salamlanır.

- Həmin gecə ilahi rəhmət və məğfirət sanki yağış kimi yağır.

- O elə bir gecədir ki, əbədi qurtuluş qapıları ardına qədər açılır, dan yeri sökülənə qədər feyz, bərəkət və mənəvi fürsətlərlə dolub daşır.

Bu gecə Allah-Təalanın Həzrət Peyğəmbərə və Onun şəxsində ümməti-Muhammədə bəslədiyi xüsusi məhəbbətin bir nişanəsidir. Çünki əvvəlki peyğəmbərlərə və ümmətlərə belə bir gecənin bəxş edildiyinə dair hər hansı bir məlumat yoxdur.

Hər kəsin səxavət və comərdliyi gücü nisbətindədir. Sonsuz qüdrət sahibi olan Rəbbimiz Rəsulullah r -i və Ona tabe olan ümmətini nə qədər çox sevir ki, Qədr gecəsini əhya edənlərə min ayın fəzilətini, yəni ibadətlə əhya edilən 83 illik əcri lütf edir.

Bizə kiçik bir hədiyyə verənə təşəkkür etməyi vicdan borcu bilirik. Elə isə Allah-Təalanın bu qədər möhtəşəm hədiyyəsi qarşısında nə qədər şükür etməliyik?

Əlbəttə ki, o mübarək gecəni aramaq, ona hazırlaşmaq və layiq olduğu şəkildə əhya etmək bu ilahi lütfə qarşı ən gözəl şükür ifadəmiz olacaq.

Həzrət Aişə anamız:

- Ey Allahın Rəsulu, Qədr gecəsinin hansı gecə olduğunu bilsəm, o gecə necə dua edim? – deyə soruşduqda Rəsulullah:

اَللّٰهُمَّ اِنَّكَ عَفُوٌّ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّى

- “Allahım! Sən çox əfv edənsən, əfv etməyi sevirsən. Məni bağışla!” - deyə dua et!” - buyurmuşdur. (Tirmizi, Dəavat, 84; İbn Macə, Dua, 5)

Çünki o gecə əfv və məğfirət gecəsidir. Lakin Allah-Təala “qul haqqı”nı ilahi əfvindən kənar buraxmışdır. Ona görə də borc və digər qul haqları üçün haqq sahibləri ilə halallaşmaq zəruridir. Əks təqdirdə qul haqqının ödənməsi qiyamətə qalar. O gün isə insan haqqına girdiyi adama savablarından verər, hətta savabları yetməzsə, həmin adamın günahlarını yüklənər.

Bu səbəblə də Rəsulullah r vəfatından əvvəl möminlərə vəsiyyət mahiyyətli son xatırlatmalarını edərkən sözü qul haqqına gətirərək:

“Ey insanlar, kimin üzərində bir haqq varsa, dərhal ödəsin, dünyada rüsvay olmaqdan qorxmasın. Onu bilin ki, dünya rüsvayçılığı axirətdəki rüsvayçılığın yanında həddən artıq xəfif qalar”. (İbn Əsir, əl-Kamil, II, 319)

Xülasə, bu mübarək günlərdə həm tövbə və istiğfar etməli, həm də üzərimizdə haqqı olan insanlarla bir an əvvəl halallaşmalıyıq. Əgər haqq sahibini tapıb halallaşma imkanımız qalmayıbsa, onun adına xeyir işlər görərək istiğfara davam etməliyik.

 

Qurani-Kərim ilə ünsiyyət

Qurani-Kərim əzizdir, izzət bəxş edər. Qədr gecəsi də Qurani-Kərimin nazil olmağa başlaması ilə müstəsna bir şərəf qazanmışdır.

Fərd, ailə, millət və dövlət də Qurani-Kərimlə izzət qazanar. Qurandan uzaqlaşdığı nisbətdə də pərişan olar. 620 il ömür sürən Osmanlı Qurana təzim etdikcə abad oldu, inkişaf etdi. Lakin təəssüf ki, Lalə dövrü ilə birlikdə Quran ölçülərindən uzaqlaşma başladıqda tənəzzülə sürükləndi.

Ona görə də xüsusilə Qədr gecəsində qulluq həyatımızı Quran ölçülərinə görə gözdən keçirməliyik. Bu ayda Qurani-Kərimin “müqabilə”si ilə məşğul olduğumuz kimi həyatımızı da onun “müamiləsi” ilə tənzimləmək üçün mühüm qərarlar almalı, övladlarımızın Quran və namaz təliminə son dərəcə əhəmiyyət verməliyik.

Bir xüsusu da əsla yaddan çıxartmamalıyıq ki, Qurani-Kərim onun əhkamı ilə amil, əxlaqı ilə kamil olan, Quran xidmətlərinə canı, malı və bütün imkanları ilə səfərbər olanlara qiyamət günü şəfaətçi olacaq. Lakin bunun əksinə, Allah qorusun, ona laqeyd qalanlardan da şikayətçi olacaq.

 

Əfv olunmadan çıxmaq qorxusu

Hz. Peyğəmbər r biz ümmətinə hədisi-şəriflərində belə xəbərdarlıq edir:

“Cəbrail u mənə görünərək:“Ramazana çatdığı halda günahları əfv olunmayan kəs rəhmətdən uzaq olsun!” - dedi, mən də “amin” dedim...” (Hakim, Müstədrək,  IV, 170)

“…Ramazana qovuşduğu halda bağışlanmayan adamın vay halına. İnsan Ramazanda da bağışlanmasa nə zaman bağışlanacaq?!” (İbn Əbi Şeybə, əl-Musannəf, II, 270; Heysəmi, Məcma, III, 143)

Həqiqətən, Ramazani-Şərif kimi böyük mənəvi qazanc mövsümünü qəflətlə keçirmək xəzinə üzərində oturduğundan xəbərsiz halda ac-yalavac ölmək kimi həzin bir fəlakətdir.

Ramazani-Şərifdən bağışlanmadan çıxmaq qorxusu Haqq dostlarının qəlbini titrətmişdir. Cəfəri Sadiq həzrətləri Ramazan ayının sonunda belə dua edərdi:

“Ey Ramazanın Rəbbi olan Allahım! Bu, Quranın nazil olduğu Ramazan ayıdır və artıq sona çatmaq üzrədir. Ya Rəbb, bütün günahlarım əfv edilmədən fəcrin doğmasından və ya Ramazanın ayrılıb getməsindən ikram sahibi olan Zatına sığınıram!”

İmam Rəbbani həzrətləri də:

“Ramazanın razı qalaraq ayrıldığı adam necə də bəxtəvərdir. Onun küsüb getdiyi adam necə də bədbəxtdir!” – buyurmuşdur.

Uzun sözün qısası, ildə bir ay könlümüzə təşrif buyuran Ramazani-Şərifi orucla, təravihlə, sahurla, iftarla, infaqla, səbirlə, nəfsi cilovlamaqla, Qurani-Kərimlə ünsiyyətimizi artırmaqla gözəl qonaq edək. Ramazanın son günlərində isə könül dilimizlə:

“Ey qəlblərimizin yuyulub paklandığı mübarək ay, yenə gəl və bizi əhya et”, - deyərək onu həsrət dolu vidalarla və bizdən razı halda yola salmağa çalışaq.

 

Bayram hazırlığı

Əsri-səadət zamanında bayrama infaq və ikramla hazırlaşardılar. Bayram Allah üçün edilən fədakarlıqlarla qarşılanardı. Çünki həqiqi bayrama nail ola bilməyin yolunun hüznlü könüllərə də bayram sevinci yaşatmaqdan keçdiyini bilirdilər.

Həzrət Peyğəmbər r-in comərdliyi bu mübarək ayda zirvəyə çıxar, ümmətinə qarşı səxavəti artdıqca artardı. Biz də möminlər olaraq gücümüz nisbətində Peyğəmbərimizin bu gözəl sünnəsinə tabe olmalıyıq. Zəmanəmizdə zalımların ağır zülmləri altında matəm ölkəsinə dönən İslam coğrafiyasında iztirab çəkən din qardaşlarımızı hər zamankından daha çox düşünməliyik. Zəkat, fitrə və digər infaqlarla təbəssümü unutmuş üzləri güldürməyə çalışmalıyıq.

Bu mübarək ayda fitrə sədəqəsi dini nöqteyi-nəzərdən zəngin sayılan hər möminə vacib, hətta bəzi məzhəblərə görə fərzdir. Fitrə bayram namazına qədər verilərsə, məqbul olar. Sonra verilərsə, fitrəlikdən çıxar, digər sədəqələr hökmünə girər.

Həzrət Peyğəmbər r kasıb möminlərin də bayrama sevinərək girə bilməsi üçün fitrələrin bayramdan əvvəl verilməsini istəmiş, “Onları bu (bayram) günündə ac qalmaqdan qurtarın!” – buyurmuşdur. (İbn Sad, I, 248)

Həcc və ümrə əsnasında da bəzi xəta və qüsurların kəffarəsi olaraq sədəqə vermək lazımdır. Verilən sədəqələrin həmin qüsurları tamamlamasına ümid edilir. Zahirən heç bir xəta edilməsə belə, fərqində olmadan işlənən qüsurların əfvinə vəsilə olması üçün, yaxud Rəbbimizin lütf etdiyi nemətlərin şükrü üçün sədəqə verilmiş olar. Həmçinin vəfat edən bir adamın da yaxınları və sevənləri tərəfindən onun adına sədəqələr paylanar ki, bu da həmin adamın günahlarının bağışlanmasına, dərəcəsinin yüksəlməsinə vəsilə olması məqsədi ilə həyata keçirilən əməllərdəndir. Ramazanda verilən fitrə sədəqəsi də məhz buna bənzəyir.

Vəki bin Cərrah g belə demişdir:

Namaz üçün səhv səcdəsi nədirsə, Ramazan ayı üçün də fitrə odur. Rəsulullah bunun üçün fitrə verməyi əmr etdi. Ta ki oruclunun əskiklərini tamamlasın, xəta və qüsurlarını təmizləsin”.

Yeri gəlmişkən qeyd edək ki, fitrə, demək olar ki, hər kəsin verə bilməsi üçün cüzi miqdarda müəyyənləşdirilmiş kiçik məbləğli sədəqədir. Ona görə daha artığına imkanı olanların buna əlavə edəcəkləri ikram və ehsanlarla qərib və yoxsulları sevindirməsi lazımdır. Çünki mömin, könüllərə sevinc bəxş etməyin səadəti ilə yaşayan rəhmət insanı olmalıdır.

 

Əsl Bayram

Bayram ilin hər hansı bir gününə aid deyil. Bayram üç aylarda yaşanan təqva məktəbindən layiqincə keçənlərə ehsan edilən ilahi təbriknamədir. Allahın rəhmət, məğfirət, riza və məhəbbətinə nail olma ümidinin sevincidir. Əsl bayram da ilahi əfv bəratını ala bilənlərin nəsibidir.

Bəhlul Danəndə həzrətləri buyurur:

“Bayram gözəl və yeni paltar geyinənlər üçün deyil, ilahi əzabdan əmin olub əbədi ziyandan qurtulanlar üçündür. Bayram yaxşı miniyə minənlər üçün də deyil, xəta və günahlarını tərk edərək xalis bəndə ola bilənlər üçündür”.

Yəni əsl bayram nəfsani zövq-səfa ilə, israf çılğınlığı ilə gülüb-əylənmək deyil, Allah-Təalanın bizdən razı olmasıdır. Bayramları ilahi əfv bayramına çevirmək üçün o mübarək günləri əsl qayəsinə uyğun şəkildə əhya etmək lazımdır. Unutmayaq ki, bayramlar tətil günləri deyil.

Rəsulullah r -in heç bir tətili yox idi. O heç vaxt:

“Bir xurma ağacının kölgəsində üç gün istirahət edim”, - demədi. O, Allah yolunda etdiyi fədakarlıq, təbliğ və ibadətləri ilə dincələr, beləliklə, qəlbinə sanki bayram hüzuru dolardı.

Bu baxımdan bayramlar:

P Sileyi-rəhmə riayət etmək, yəni qohum-əqrəbanı ziyarət etmək,

P Bir vəfa borcu olaraq keçmişlərimizin ruhunu xeyirxah əməl və sədəqələrlə şad etmək,

P Küsülülükləri aradan qaldırmaq,

P Qayğıkeşlik, fədakarlıq və səxavətlə din qardaşlığını cəmiyyət müstəvisində yaşatmaq kimi Allahın rizasını cəlb edəcək bir çox ictimai ibadətin əda edildiyi müştərək sevinc günləridir.

Bayram fərdiyyətçilikdən qurtulub ictimailəşməkdir. Təkbaşına bayram namazı qıla bilməz, öz-özümüzə bayramlaşa bilmərik. Bayram fərdin deyil, toplumun sevincidir. Sevincləri paylaşaraq artırmaqdır. Başqalarını sevindirməyin həzzi ilə sevinməkdir. İkram və ehsan etməyin mənəvi ləzzəti ilə ruhu doyurmaqdır.

 

Ramazan ruhaniyyəti ilə yaşanan ömür

Ramazani-Şərifdə işlədiyimiz ibadətlərimizin qəbulunun dəlili Ramazandan sonrakı hal və istiqamətimizdir. Yəni Ramazani-Şərifdə yaşanan ibadət iqlimi və nail olunan müstəsna qulluq səviyyəsi torpağa əkilən toxum kimidir. Bu toxumun tutub-tutmadığı ilin digər aylarında özünü göstərər.

Mirzə Məzhər Canı Canan g belə buyurur:

“Ramazani-Şərif zikrlə sayıq keçirilərsə, ilin qalan günlərində də bu gözəl hal davam edər. Əgər bu ayda hər hansı bir qüsur və səhlənkarlıq yaşanarsa, onun izi bütün il ərzində özünü büruzə verər”.

Deməli, Ramazanda qazandığımız gözəl halları və qəlbi səviyyəni Ramazandan sonra nə qədər davam etdirə biləcəyimiz həmin halımızın Haqq qatındakı məqbulluq dərəcəsinin göstəricisidir.

Bu etibarla Ramazanda qazandığımız mənəvi dəyərləri Ramazandan sonra da itirməməliyik:

P Səhhət və şərtlərin imkan verdiyi ölçüdə qəməri ayların on üç, on dörd və on beşinci günlərini, bazar ertəsi və cümə axşamlarını oruclu keçirərək orucun feyzindən istifadə edək. Ramazan bayramı bitən kimi tutulan altı günlük Şəvval oruclarının müstəhəb olması da bir yandan vücudun yavaş-yavaş normaya düşməsinə vəsilə olarkən, digər tərəfdən Ramazandakı oruc ruhaniyyətini nafilələrlə davam etdirməyin də bir təlqinidir.

P Həmçinin orucun könüllərə təlim etdiyi mərhəmət, şəfqət, qayğıkeşlik, zöhd və riyazət halını da heç vaxt silinməyəcək şəkildə şəxsiyyətimizə nəqş edək.

P Sahura qalxma vərdişimizi ömürlük bir səhər və təhəccüd vərdişinə çevirək. Qədr gecəsini axtardığımız kimi hər gecənin də qədrini bilək.

P Oxuduğumuz xətmləri, Quran ilə ünsiyyəti hər günümüzə şamil etməyə çalışaq.

P Ramazandakı zəkat, sədəqə və infaq həyəcanını, comərdlik və fədakarlığı təbiətimizdən bir parça halına gətirək.

Unutmayaq ki, müsəlmanlıq sırf Ramazana məxsus olan mərasim deyil, ömürlük təqva həyatıdır. İlahi rəhmət hər zaman təcəlli halındadır. Ömrün hər anı ilahi rizanı qazanma fürsətidir. Mühüm olan xüsus hər bir halda ilahi rəhmətə çatdıracaq vəsilələrin arayışı içində olmaqdır.

 

Mərhum atam Musa Əfəndi g belə nəsihət edərdi:

“Övladım, mütləq şəkildə riyazət halında (qənaətə riayət edərək) yaşayın və Allahın verdiklərini yenə Allah üçün infaq edin! Riyazət halınız yalnız üç aylara və Ramazana məxsus olmasın! Onu həyatınızın hər anına yayın!..”

Abdulqadir Gilani həzrətləri də belə buyurur:

“Ey Allahın qulları, hər kim Ramazan ayında nəfsini pis əməldən çəkindiribsə, bunu Ramazandan sonrakı aylarda da davam etdirsin. Çünki Ramazan ayının da, Ramazandan sonrakı ayların da Allahı birdir. O, hər iki zamandan da xəbərdardır”.

Eynilə bu gün yaşanan xəstəlik səbəbi ilə “normal həyata mərhələli qayıdış” qərarı alınaraq “səhlənkarlıq göstərməyək, tədbirlərə davam edək, ciddiyyəti əldən verməyək” deyildiyi kimi, Ramazandan sonra da qulluq həyatımızda tənbəllik və səhlənkarlığa qapılmamalıyıq.

Çünki İslam ömrün hər anını tənzimləyən bir həyat nizamıdır; müəyyən zamanda yaşanan, müəyyən vaxtlarda rəfə qaldırılan bir din deyil. İbadətlər müəyyən zaman içərisində edilib tamamlansa da, übudiyyət daimidir. Yəni qulluq son nəfəsə qədər fasiləsiz, tətilsiz davam etməlidir. Allah-Təala Qurani-Kərimdə belə buyurur:

“Və sənə ölüm gələnə qədər Rəbbinə ibadət et!” (əl-Hicr, 99)

 

Uxrəvi Bayramlar

Unutmayaq ki, Ramazan ruhaniyyəti ilə yaşanan bir ömrün sonunda:

P İmanla verilən bir “son nəfəs” bayramı var.

P Qəbirdə və qiyamətdə mələklərin:

“…Qorxmayın, kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin!” (Fussilət, 30) müjdəsinə nail olma bayramı var.

P Qəbrin cənnət bağçalarından bir bağça olduğunu müşahidə etdikdə yaşanan bir bayram var.

P Mizanda xeyir əməllərin ağır gəlməsi bayramı var.

P Əməl dəftərini sağdan alma bayramı var.

P Rəsulullah r -in və Qurani-Kərimin şəfaətinə nail olma bayramı var.

P Sirat körpüsünü keçərək cəhənnəmdən azad olma bayramı var.

P Allahın və mələklərin salamına məzhər olaraq cənnətə dəvət edilmə bayramı var.

P Nəhayət, ən böyük bayram olan Haqq-Təalanın əbədi rizasına nail olmuş halda rüyətullah, yəni Allahın camalını seyr etmə bayramı var.

Allah-Təala hər birimizə nəsib etsin.

Rəbbimiz lütf-kərəmi ilə Ramazani-Şərif ruhaniyyəti ilə ömür sürüb son nəfəsimizi də bir bayram səhərinin sevinci ilə verə bilməyi ehsan etsin.

Bu mübarək günlər hörmətinə ümməti-Muhammədi dünyəvi və uxrəvi bəlalardan, fəlakətlərdən, müsibətlərdən mühafizə etsin. İçində olduğumuz bu pandemiya bəlasından da - lazımi ibrətləri alaraq – xeyirlə qurtula bilməyi nəsib etsin.

Amin!..

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz