ORUC TUT, SƏBİR ÖYRƏN!
Uca Allah bəndələrindən səbirli olanları sevdiyini və onlarla bərabər olduğunu bildirir, şərəfli Quranında. Deməli, sevginin və həqiqi qul olmağın açarıdır, səbir. Allahdan razı olmaqdır, səbir. Allaha təslimiyyətin nişanəsidir, səbir. Dünyadakı imtahanın düzgün cavabıdır, səbir.
İnsanın qarşılaşdığı və səbrə ehtiyac duyulan imtahan məsələləri Qurani-Kərimdə müxtəlif formada əksini tapmışdır. “Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver! Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər. Onları Rəbbi tərəfindən məğfirət və rəhmət gözləyir. Məhz onlar doğru yolda olanlardır”, (əl-Bəqərə, 155-157) ayəsi imtahan və səbir münasibətini diqqətçəkən bir üslubda ifadə etmişdir. Həmçinin Hz. Peyğəmbər (s.ə.s) də “Namaz nurdur, sədəqə bürhandır, səbir ziyadır” hədisi ilə çətin imtahanları namaz, sədəqə və səbirlə qazanmağın mümkün olduğuna diqqət çəkmişdir.
Hz. Peyğəmbər imanın yarısının səbir olduğunu bildirir. Sevincdə və kədərdə səbirli olmağı, həddi aşmamağı tövsiyə edir. Odur ki, salamatçılığa aparan yol məhz səbirdən keçir. Atalarımızın dediyi kimi: “Səbrin sonu səlamətdir”.
İslam ədəbiyyatında başa gələn müsibətlərə razılıq ifadəsi kimi səbir kəlməsindən istifadə edilidiyi kimi, ibadətlərdə davamlı olmaq üçün də səbir terminindən istifadə edilir. Namazda səbirli olmaq namazı vaxtında və əskiltmədən, daim qılmaq deməkdir.
Başda dua olmaqla səbirli olmağı öyrənmənin bir neçə metodu vardır. Tələskən olaraq xəlq edilən bəşər övladı səbir təliminə nəfsini tərbiyə etməklə başlamalıdır. Yəni səbir nəfsini tərbiyə edə bilənlərin nail olduğu dərəcədir.
Bununla yanaşı, ibadət mövsümü olan Ramazan ayında tutduğumuz oruc bir müsəlman üçün ən önəmli səbir təlimidir. Çünki oruc insana səbir, təqva və şükür etməyi öyrədir. Oruc ibadəti ilə insan günaha girməməyə, insanların könlünü qırmamağa, yalan danışmamağa, zina etməməyə, orucu pozmamağa diqqət edərək səbirli olmağı öyrənir. Xülasə, Allahın oruc ibadəti ilə gətirdiyi məhdudiyyətlərə səbir sayəsində riayət etmək mümkündür. Məhz buna görə də Allah Rəsulu (s.ə.s): “Oruc səbrin yarısıdır”, (İbn Macə, Siyam 44) - buyurmuşdur. Deməli, oruc müsəlmanın səbir imtahanıdır. Səbir ruhu paklaşdırır və iradə təlimi ilə nəfsə hakimiyyət qazandırır. Səbir qulun mətanətini artırır və ruhunu Allaha yüksəldir. Səbir insandakı kamilliyin və fəzilətin əsası olduğu kimi, hər xeyirli aqibətin də sirridir. Hərbdə səbir edən qalib gəlir. Elm və sənət yolunda da səbirli olan nəticədə alim və ya sənətkar olur. Səbir öz mükafatını səbir göstərilən sahədə sahibini digərlərindən fərqləndirərək ortaya qoyur.
“Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, bu (səbir və namaz), xüşu ilə itaət edənlərdən başqasına ağır gələr.” (əl-Bəqərə 45) ayəsində keçən səbir kəlməsinin oruc kəlməsinin yerində işlədildiyi ifadə edilmişdir. Oruc və namaz imanı gücləndirir, nəfsin təkəbbürünü qırır, tənbəlliyi aradan qaldırır və çətinliklər qarşısında insana güc verir.
Oruc tutmaq insana əvvəla hər gün səbirlə sahura qalxmaq və yuxusuna hakim olmaq xüsusiyyətini qazandırır. İftarda son saniyəyə qədər yeməyə əl uzatmamaq bizə aclığa səbir göstərməyi təlim edir. Gecələri ibadətlərlə əhya etmək ibadətlərdə səbirli olmağı qazandırır. Xülasə, səbrin dərmanı orucdur.
Mömin ən çətin müşkülünü səbir silahı ilə qarşılamağa hazırdır. Çünki oruc ibadəti ilə kifayət qədər səbir təlimi keçmişdir. Bunun əksinə, səbirdən nəsibi olmayan kəs həmişə həyatından narazılıq edər, qarşılaşdığı müsibətləri imtahan kimi yox, nöqsan kimi görər. Belələri özündən üstün insanları gördüyü zaman nöqsanlıq psixologiyasına qərq olar. Onlar üçün həyat mənasızlaşar və özlərinə qəsd etməyə çalışarlar. Ancaq səbir təlimi görmüş kimsələr ağlından heç vaxt naşükürlük və üsyan etməyi keçirməz. Xoş o kimsələrin halına ki, həyatlarını səbir zinəti ilə mənalı hala gətirərlər.
ŞƏRHLƏR