ABŞ-ÇİN MÜNASİBƏTLƏRİNƏ QISA BAXIŞ

ABŞ-ÇİN MÜNASİBƏTLƏRİNƏ QISA BAXIŞ

Adətən siyasi şərhçilər ABŞ-Çin qarşıdurmasının kəskin həddə keçəcəyi təqdirdə, 3-cü dünya müharibəsinin mümkünlüyü variantını da  nəzərdən keçirirlər. Xüsusilə Donald Trampın prezidentliyi dövründən başlayaraq, ABŞ birtərəfli şəkildə Çinə qarşı sərt iqtisadi sanksiyalar tətbiq edəndə, gərginliyin siyasi-hərbi müstəviyə keçəcəyini söyləyənlər az deyildi. Bu sanksiyalar ilk növbədə Çin mallarının Amerika bazarına axınının, eləcə də məşhur Microsoft, iPhone kimi ABŞ transmilli şirkətlərinin Çinə investisiya qoymasının qarşısını almağa yönəlmişdi. 

Qeyd etmək lazımdır ki, öncəki ABŞ administrasiyası Çin iqtisadiyyatına yetərincə ciddi zərbələr vursa da, özü də əks zərbələrə məruz qalmışdı. Yeri gəlmişkən, bu qarşıdurma tipik “ticarət müharibələri” kateqoriyasına aiddir.

ABŞ-Çin qarşıdurmasının kökündə, sözsüz ki, ilk növbədə ideoloji faktor durur. Bəlli olduğu kimi, ikinci dünya müharibəsinin bitməsi ərəfəsində Çində başlayan vətəndaş müharibəsi 1949-cu ildə indiki Tayvan ərazisi istisna olmaqla kommunistlərin qələbəsi ilə başa çatdı. Çin Xalq Respublikasının liderləri həmin dövrdən başlayaraq, müstəqil xarici siyasət apara-apara eyni zamanda məlum ideoloji səbəblərdən SSRİ ilə isti münasibətlərin saxlanmasında maraqlı olmuşdur, hərçənd, bu ölkələr “soyuq müharibə” dövründə hərbi-siyasi ittifaq yaratmaq fikrinə gəlməmişdi. İstənilən halda, 1949-cu ildən etibarən rəsmi Vaşinqton Çinə bəzən düşmən, bəzən rəqib kimi yanaşdı, Tayvan, eləcə də Cənubi Koreya və Yaponiya ilə hərbi ittifaq haqda müqavilə imzalayıb regionda Çin təhlükəsini balanslaşdırmaq siyasətini yürütməyə üstünlük verdi. Yalnız keçən ilin 70-ci illərində prezident Riçard Niksonun təşəbbüsü ilə ABŞ və Çin arasında sırf geosiyasi praqmatizm prinsipləri əsasında yaxınlaşma prosesinə start verildi. Məhz həmin siyasətin nəticəsində iki ölkə bir müddət sonra iqtisadi əməkdaşlıq etməyə başladı və yaxınlaşma “fərqli, antaqonist rejimlərin olduğu dövlətlərin yaxınlaşması üçün ciddi əngəllər mövcud deyil” prinsipinin tutarlı olduğunu göstərdi.

Çin hal-hazırda dünyaya həm siyasi, iqtisadi, həm də hərbi sahədə özünün supergüc statusunu sübut edə bilmişdir. Nüvə silahına malik olan bu ölkə son zamanlar istər uzaqmənzilli raketlər, döyüş təyyarələri, dronlar, istərsə də hərbi dəniz qüvvələri, xüsusilə təyyarədaşıyan gəmilər sahəsində sürətlə uğurlara nail olmaqdadır. Yaxın zamanlarda tək iqtisadi yox (söhbət ümumdaxili məhsulun miqdarından gedir), hərbi sahədə də Çinin ABŞ-a çatacağı konkreti statistik göstəricilər əsasında proqnozlaşdırılır.

ABŞ-Çin qarşıdurmasının real kəskin həddə çatacağı bölgələrdən biri də Cənubi Çin dənizi ərazisində Çin və Vyetnam, Çin və Yaponiya arasında ərazi iddiaları ilə bağlı baş verən mübahisələrdir. Söhbət bu ərazidə yerləşən strateji əhəmiyyətli adalara regional dövlətlərin iddialarından gedir. Hələ ki, bu mübahisələr maraqlı tərəflərin hərbi güc nümayiş etdirmələrindən o tərəfə keçmir və mütəmadi yaranan mini böhranlar zamanı rəsmi Vaşinqton adətən tərəfləri təmkinli olmağa çağırsa da, Çinin bölgədə güclənməsində heç maraqlı deyil.

ABŞ-Çin qarşıdurmasının kökündə dayanan problemlərdən biri də Şimali Koreyanın nüvə məsələsidir. Rəsmi Vaşinqton tez-tez nüvə sınaqları keçirərək şantaj siyasətinə əl atan Şimali Koreyanı regionda siyasi stabilliyi pozmaqda günahlandırır və bununla bağlı Pxenyan rejimi ilə mümkün qədər yaxınlaşmağa cəhdlər göstərsə də, real effektiv nəticəyə nail ola bilməyib. ABŞ ənənəvi olaraq bu məsələnin çözülməsində Çini tərəfdaş kimi görür və keçən əsrin 90-cı illərində Şimali Koreyanın nüvə silahından imtina etməsi üçün “Kontakt qrupu” çərçivəsində iki supergüc əməkdaşlıq etmişlər.

Nəhayət, ABŞ-Çin qarşıdurmasının dərinləşməsində əsas amillərdən biri də koronavirus fenomenidir. Hələ Tramp dövründə ABŞ rəsmiləri Çində baş verən məlum epidemiyanın dünyada sürətlə yayılmasında məhz rəsmi Pekini günahlandırırdı. İndinin özündə də covid-19 virusunun süni şəkildə hazırlanması ilə bağlı tək ABŞ deyil, başqa Qərb ölkələri qurumları da Çini ən azından məsuliyyətsizlikdə günahlandırır.

ABŞ-ın indiki prezidenti Cozef Bayden seçkiqabağı kampaniyası zamanı Çinlə yaxınlaşma siyasətinə üstünlük verdiyini bildirsə də, hələ ki, real nəticələrdən söz açmaq olmaz. Əksinə, rəsmi Vaşinqton uyğurların hüquqlarının pozulması məsələsini tez-tez beynəlxalq gündəmə gətirməklə onsuz da soyuq münasibətləri bir növ əngəlləmiş olur. Eyni zamanda Rusiyanın Ukraynaya qarşı hərbi təzyiqlərinin gücləndirildiyinin şahidiyik, bu isə öz növbəsində ABŞ-Rusiya ziddiyyətlərini (üstəgəl rəsmi Vaşinqtonun Putin hakimiyyətini ABŞ seçkilərinə müdaxilədə, kiberhücumlarda günahlandırması və bununla bağlı sanksiyalar siyasətini gücləndirməsi) daha da dərinləşdirməkdədir.

Bir sözlə, beynəlxalq gərginliyin artdığı şəraitdə ABŞ-Çin münasibətlərinin, tutaq ki, prezident Bill Klinton dövründə olduğu kimi yaxınlaşmasını güman etmək sadəlövhlük olardı. Supergüclər apardıqları geosiyasi mübarizədə uzunmüddətli strateji kompromislər əldə etməyənədək ciddi yaxınlaşmadan danışmaq olmaz.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz