SƏBİR NEMƏTİ
Səbir dəyişən maddi və mənəvi vəziyyətlər qarşısında tarazlığı pozmamaq, etidalı qorumaq, ibtilalara dözmək, acılara qatlanmaq, sıxıntı, çətinlik və məşəqqətlərə qarşı soyuqqanlılıqla müqavimət göstərmək, bəşəri hissləri ağılın və dinin sərhədləri daxilində sabit tutmaq deməkdir.
Bütün əxlaqi gözəlliklərə sahib olduğu üçün səbrin dinimizdəki mərtəbəsi çox böyükdür. Qurani-Kərimdə yetmişdən çox yerdə səbirdən bəhs olunur. Ayeyi-kərimələrdə Hz. Peyğəmbərimizə (s.ə.s) və Onun şəxsində bütün ümmətə səbir tövsiyə edilmişdir:
“Ey iman gətirənlər! Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin!..” (əl-Bəqərə, 153)
Böyük təfsir alimlərindən Elmalılı Muhamməd Həmdi Yazır səbirlə əlaqəli ayələrə belə şərh verir: “Əsmayi-ilahiyyədən biri də «əs-Sabur» ismi-şərifidir. Hər kimdə səbir varsa, onda Allahın qüdrətindən bir təcəlli var deməkdir. Hələ bu səbirli kəslər bir yerə yığışaraq camaat olsalar, hər vəziyyətdə Allahın yardımına məzhər (nail) olarlar. Allah onların daimi dostu və vəlisidir”.
Həyatın gedişatı içərisində hər birimizin yaşadığı çətinliklər, əziyyət və kədərlər kimi maddi və mənəvi sıxıntıların olması qədərin bir parçasıdır. Çünki bu dünya - adı üstündə - "imtahan dünyası"dır. Başa çıxmaq üçün məruz qaldığımız imtahanlardan daha çoxunu Rəsulullah (s.ə.s) yaşamışdır. Yaşadığı bütün çətinlik və müsibətlərə baxmayaraq, Peyğəmbərimiz (s.ə.s) əsla ümidini və inancını itirməmiş, daim Rəbbinə sığınmış və Ondan yardım istəmişdir. Şiddətdən deyil, mərhəmətdən yana davranmış və heç bir zaman Allahın razı olmayacağı çarələrə meyil etməmişdir.
Əlbəttə, heç birimiz sıxıntı və çətinliklərlə qarşılaşmağı arzu etmərik. Ancaq möminlər olaraq bilirik ki, həyatın gözəl anları qədər, sıxıntılı zamanları da dünya imtahanımızın bir parçasıdır. Uca Rəbbimiz insanı bəzən əlindəkiləri alaraq, bəzən də çox nemət verərək sınayar. Buna görə müsibət qarşısında üsyan etmək, qırıb tökmək, ya da pis söz söyləmək əvəzinə, əvvəlcə səbirli və mətanətli olmağa səy göstərərik. Sağlam fikir və ağıl ilə hərəkət edərik. Çətinliyi aşmaq üçün üzərimizə düşən məsuliyyəti yerinə yetirərik. Biz hər müsibətdən dünyamıza və axirətimizə istiqamətli dərslər çıxardarıq. Bənzər çətinliklərə məruz qalmamaq üçün xəta və ehmalkarlıqlarımızı nəzərdən keçirərik. Elm sahibi, təcrübəli insanlardan dəstək alar, sonra da Rəbbimizə təvəkkül edərik.
Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Möminin halı nə xoşdur! Hər halı onun özü üçün xeyirlidir və bu vəziyyət təkcə möminə xasdır. Başına gözəl bir iş gəldiyində şükür edər, bu onun üçün xeyir olar. Başına bir sıxıntı gəldiyində səbir edər, bu da onun üçün xeyir olar”. (Müslim, Zöhd, 64)
Ona görə də yaxşı gündə olduğu qədər pis (çətin, sıxıntılı) gündə də həyata sarılmaq və Rəbbimizlə aramızdakı əlaqədən güc almaq imanın gözəlliyindəndir. Böhrana düşmüş bir insanın çarəsizliyini şiddətə çevirməsi, qadın və uşaqlardan hirsini çıxarması isə zülmdür. Çünki şiddət qul haqqını tapdalamaq, acı və nifrət toxumlarıyla ailəni zəhərləməkdir. Halbuki mömin əlindən və dilindən mərhəmət yayılan, ətrafına etimad və əmin-amanlıq yayan kimsədir. Çətinliklər qarşısında insanın özünə, ya da ailəsinə zərər verməsi əsla çarə deyil. Dinimiz nə özünün, nə də başqasının iztirabını sakitləşdirmək məqsədilə olsa belə Allahın əmanəti olan cana qıymağa da qəti şəkildə icazə vermir. Çünki dərd varsa, dərdlərə dərman olan Allah vardır. “O nə gözəl Mövla (himayədar) və nə gözəl yardımçıdır!” (əl-Ənfal, 40) Sıxıntı varsa, sıxıntılara birlikdə həll yolu tapacaq dostlar, qonşular, qohumlar da vardır. “Şübhəsiz ki, möminlər (ancaq) qardaşdır!” (əl-Hucurat, 10)
Son olaraq bunları qeyd edim ki, yaşadığımız çətinliklər/sıxıntılar qarşısındakı mətanətli davranışımızın Allah qatında nə qədər asanlığın müjdəçisi olacağını unutmayaq. Bizlər bu dünyaya inanmaq və yaxşı işlər etmək üçün gəldik. Peyğəmbərimizin ümid və təsəlli vəd edən bu hədisini xatırlayaq və əsla unutmayaq: “Vücuduna batan bir tikan belə olsa, başına gələn hər cür müsibət qarşısında müsəlmanın günahları bağışlanar”. (Buxari, Mərda, 1) Rəbbimizin yardımından və rəhmətindən əsla ümidimizi kəsməyək. Peyğəmbərimizin (s.ə.s) bu duası ilə Uca Rəbbimizə niyaz edək: “Biz Allaha aidik və Ona dönəcəyik. Allahım! Başıma gələn müsibətin (sıxıntı və kədərin) mükafatını Səndən gözləyirəm, bundan ötrü mənə əcr ehsan et, mənim üçün onu daha xeyirlisi ilə dəyişdir”. (Müslim, Cənaiz, 4)
Səbrin dünyəvi tərəfi acı olsa da, axirət tərəfi çox parlaqdır. Səbrin acılarını sinəyə çəkənlər əbədiyyət dövləti olan cənnətə və Allahın rizasına qovuşarlar.
Rəbbim başımıza gələn imtahanları keçə bilməyi hər birimizə nəsib etsin!
ŞƏRHLƏR