BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

وَاَوْحٰى رَبُّكَ اِلَى النَّحْلِ اَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ ﴿68﴾ ثُمَّ كُلِي مِنْ كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًا يَخْرُجُ مِنْ بُطُونِهَا شَرَابٌ مُخْتَلِفٌ اَلْوَانُهُ فِيهِ شِفَاءٌ لِلنَّاسِ اِنَّ فِي ذٰلِكَ لَاٰيَةً لِقَوْمٍ يَتَفَكَّرُونَ ﴿69﴾

“Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə yuva qur! Sonra bütün meyvələrdən ye və Rəbbinin sənin üçün asanlaşdırdığı yollarla get!” Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rənglərdə şərbət (bal) çıxar. Şübhəsiz ki, bunda düşünən insanlar üçün bir dəlil vardır”. (ən-Nəhl, 68-69)

Allah-Təalanın bu dünyada insan oğlu üçün xəlq etdiyi nemətlərdən biri də bal arısı və bir çox dərdə dəva olan bal nemətidir. Qurani-Kərimin bu ayələrində bal arısına xüsusi diqqət çəkilir və insan oğlu düşünməyə dəvət edilir.

Uca Allahın bal arısına vəhy etməsi onda intizamlı bir həyat tərzi yaşama və bal yığma qabiliyyətini yaratmasıdır. Bal arısı Allah-Təalanın ona verdiyi ilham sayəsində emal etdiyi bal mumu ilə öz yuvasını qurur və hər növ bitki və çiçəkdən topladığı bal şirəsini həmin yuvaya doldurur. Bal arısı bu işini icra edərkən eyni zamanda meyvə çiçəklərinin tozlanmasında digər bütün böcəklərdən daha çox rol oynayır.

Ayədə arının emal etdiyi bal “شَرَابٌ / şərbət” olaraq ifadə edilmişdir. Bunun səbəbi odur ki, çöldən arı yuvasına gətirilən bal şirəsi müəyyən proseslərdən keçirilərək şərbət formasında yuvada gözlədilir. Daha sonra həmin şirə mətləşərək əsl bal halına gəlir və üstü mumla örtülür. Beləcə, Allahın lütfü ilə insanlar üçün şəfa mənbəyi olan bal meydana gəlir. Həzrət Peyğəmbər (s.ə.s) balın şəfa yönü ilə əlaqədar belə buyurmuşdur: “İki şəfa mənbəyindən faydalanın: bal və Quran”. (İbn Macə, Tibb, 7)

Rəbbinin sənin üçün asanlaşdırdığı yollarla get!” şəklində tərcümə etdiyimiz ifadə arıların uçuş əsnasında özləri üçün təyin etdikləri yolların müxtəlifliyinə və çoxluğuna işarə edir. Belə ki, günümüzdə elm sübut etmişdir ki, bal arıları öz uçuş istiqamətlərini təyin etmək üçün günəşin mövqeyindən, küləyin istiqamətindən və digər bir çox vasitələrdən istifadə edir. Eyni zamanda bələdçi arılar yuvalarının üstündə müəyyən uçuş fiqurları göstərərək digər arılara çiçəklərin olduğu məkan və gediləcək yol barəsində məlumat verir.

Şübhəsiz ki, bunda düşünən insanlar üçün bir dəlil vardır”, - buyurularaq bunun Allahın varlığını və qüdrətini göstərən bir dəlil olduğuna və hər bir möminin bunları təfəkkür edib verdiyi nemətlərə görə Uca Allaha şükür etməsi gərəkdiyinə işarə olunur.  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz