HEKAYƏLƏR
At baxıcısı
Professor konfrans vermək üçün salona girir. Amma baxır ki, salonda qabaq sırada oturan at baxıcısıdan başqa adam yoxdur. Danışıb danışmamaq mövzusunda tərəddüd içində qalan professor at baxıcısından soruşur:
- Burada təksən. Sənə görə danışmalıyam, yoxsa danışmamalıyam?
At baxıcısı cavab verir:
- Müəllim, mən sadə bir insanam, bu mövzulardan anlamıram. Lakin axura getsəydim və bütün atların qaçıb bir dənəsinin tək qaldığını görsəydim, yenə də onu bəsləyərdim.
Bu sözlərə haqq verən professor konfransa başlayır. İki saat dayanmadan danışır. Konfransdan sonra özünü xoşbəxt hiss edir. Yeganə dinləyicisinin də konfransın çox yaxşı keçdiyini təsdiqləməsini istəyərək soruşur:
- Necə danışdım?
At baxıcısı cavab verir:
- Müəllim, sizə daha əvvəl sadə bir adam olduğumu və bu mövzulardan çox anlamadığımı söyləmişdim. Yenə də əgər axura gedib bütün atların qaçdığını, yalnız birinin qaldığını görsəydim, onu bəsləyərdim, amma əlimdəki bütün yemi ona verib heyvanı da çatlatmazdım. “Nə qədər bilirsən, bil, söylədiklərin qarşındakının anladığı qədərdir”.
Corab
Çox varlı bir adam ölmünün yaxınlaşdığını hiss edib oğlunu yanına çağırır və: “Öləndə məni corablarımla basdırın”, - deyə vəsiyyət edir. Oğlu səbəbini bilməsə də, razılaşır. Sonra adam oğluna bir məktub verir, “Mən öləndən sonra bir çətinə düşsən, bu məktubu açarsan”, - deyir.
Vaxt gəlir və adam vəfat edir. Qohum-əqrəba yığışır. Oğlu isə “İndi mən onu corabları ilə necə basdırım?” - deyə fikirləşməyə başlayır. Bir molla tapıb dərdini ona danışır. Ancaq molla bu işə heç cür razılıq vermir. Başqa bir molladan soruşur. O da: “Yox, bu heç cür mümkün deyil”, - deyə etiraz edir. Oğlu çarəsiz qalır. Birdən ağlına atasının verdiyi məktub düşür və məktubu açıb bu sözləri oxuyur: “Oğlum, görürsən ki, bu qədər var-dövlətim olsa da, yanımda bir corab belə apara bilmədim. Artıq qalanını sən özün fikirləş”.
ŞƏRHLƏR