TƏK, yoxsa CÜT?
İki dost yol ilə gedirdilər. Ədviyyat mağazasının yanından keçəndə dostlardan biri ayaq saxladı, cəld cibindən salfetka çıxartdı (yəqin ki, öz xasiyyətini bildiyinə görə cibində ehtiyat gəzdirirdi), ağzını salfetkaya tutdu və bərkdən asqırdı. Dostu bir az üzünü turşutdu. Amma salfetkanı hələ üzündən çəkməmiş dərindən nəfəs aldı, bir də asqırdı. Bu zaman dostunun üzü güldü. “Hə, cüt səbir yaxşıdır, bu iş düzələcək”, - dostu gülərək dedi və kürəyinə vurdu. Asqıran dost yenicə özünə gəlmişdi ki, dayana bilmədi, anidən bir də asqırdı. Bu səfər küçədə oturub limon satan qoca kişi bığaltı gülümsünüb dilləndi: “İndi dəqiq düzələcək!”.
Hekayə bir yana, səbir gətirməyin həqiqətən də, həyatımızda öz yeri var. “Tək səbir” və “cüt səbir” barəsində yer-yer fərqli fikirlər olsa da, mən buradakı “səbir” ifadəsinə diqqət çəkmək istəyirəm. Nəticə olaraq asqırmaqla səbir arasında qəribə bir əlaqə var və bu əlaqə elə qədim tarixə malikdir ki, artıq el məsəlinə çevrilib, aforizm olub.
Əvvəla səbir ilə asqırmaq arasında bizim baxış bucağımızla bir əlaqə qurmağa çalışaq. Qədim dövrlərdə alın tərinə, əl əməyinə, xüsusilə də zərif işçiliyə daha çox əhəmiyyət verilərdi. Mürəkkəblə yazı yazan mirzələr, nəqqaşlıqda gözləri heyran qoyan ustalar, alovla ölümcül rəqs edərək dəmiri muma çevirən dəmirçilər və s. Düşünün, işin ən mühüm məqamında adamın asqırmağı tutsa, nə baş verər? Mürəkkəb qabı əlyazmanın üstünə dağılar, zərgərin qızıl boyunbağıya vurduğu incə naxış pozular, yaxud ocaqdan çıxardılmış qızarmış dəmir ustanın yanındakı köməkçinin əlini yandırar və s. Bir də indiki zamanı düşünün, maşın sürərkən, snayperlə hədəfi tuşlamışkən, yaxud telefonda çox ciddi bir danışığa qulaq asarkən anidən sizi haqlayacaq asqırma nələrlə nəticələnə bilər. Elə isə asqırmaq məqamı gələndə səbirli olmaq, onu təlaşlanmadan, tələsmədən yola salmaq, sonra qaldığın yerdən işinə davam etmək lazımdır. Səbirsiz olsan, asqırmağın, heç gözləmədiyin anda səni zərərə sala bilər. Beləliklə, səbirlə asqırmaq arasında bir əlaqə qurmuş olduq.
Buradan belə çıxır ki, iki birdən çox olduğuna görə, daha çox asqıran, yəni daha çox səbirli olan müvəffəqiyyətə daha yaxındır. (Hə, asqırmaq üçü keçərsə, bu, artıq xəstəlik əlamətidir. Belə insana şəfa diləmək lazımdır.) Bəs səbirlə müvəffəqiyyət – uğur arasında necə bir əlaqə var?
Səbir hər zaman uğurun açarı sayılmışdır. Bu, dinimizdə də belədir, folklorumuzda da, ədəbiyyatımızda da. Atalar belə deyib:
“Səbir acıdır, meyvəsi şirin”.
“Səbir ilə halva bişər, ey qora səndən; bəsləsən atlas olar tut yarpağından”.
“Tora düşən səbir eyləməsə, özünü fəlakətə salar”.
Və yaxud Koroğlu dastanına baxaq: Gənc Rövşən atasının tapşırığı ilə iki atı qırx gün qaranlıq yerdə saxlamalı idi. Qırx gün ərzində bu atlara gərək gün işığı düşməməli, hətta bəni-insan gözü dəyməməli idi. Lakin Rövşən dözə bilmir, qırx günə başa gələn otuz doqquz günə də gələr deyə düşünür və otuz doqquzuncu gün səbri tükənərək qapını aralayır. Bu zaman onun gözü qarşısında Qıratın qanadları əriyir, sönüb yoxa çıxır. Dırnağına gün işığı düşən Dürat isə ondan daha zəif olur. Beləliklə, Rövşən çox böyük bir nailiyyətdən məhrum qalır. Peşman halda açdığı yeri örtməsi isə heç bir fayda vermir. Deməli, səbir zamanı son məqama kimi dözmək əsasdır.
Belə də deyirlər: “Səbrin ən çox tələb olunduğu an zəfərə ən yaxın olan vaxtdır”.
Daha qədimlərə getsək, “Kitabi-Dədə Qorqud”da da səbri tövsiyə edən bir çox nümunələrə rast gələrik. Oğuz bəylərinin yaşı on beşi tamamlayan oğullarının “ilk hünər”lərini göstərməkdə gecikməsi səbəbilə səbirsiz davranmalarının acı nəticələri, belə hallarda baş verə biləcək haqsız hərəkətlər və s. Burada coşğun ataların qərarlarında tarazlığı qorumaları üçün təmkinli, səbirli anaların əhəmiyyətini də müşahidə edirik. Belə ki, məsələn, Dirsə xanın qəzəbinə qarşılıq xanımının ərini sakitləşdirici, dəlisov hərəkətlərdən çəkindirən, müdrik və səbirli tövsiyələri öz bəhrəsini göstərir, oğlu Buğaca sağ-salamat qovuşur.
Belə bir lətifə var: Üç bacıya elçi gəlir. Deyirlər ki, hansı biri çayı tez qaynatsa, onu alarıq. Səbirsiz olanlar gedib tez-tez qapağını açıb çaynikə baxırlar. Tənbəl olan bacının çayniki isə hamıdan tez qaynayır. Lətifəsi bir yana, amma həqiqətən də, səbir, tək də olsa, cüt də olsa, müvəffəqiyyətin açarıdır; xüsusilə də çətinliyin, müsibətin ilk anında göstərilən səbir. Məsələ çətinlikdirsə, hər zaman ondan daha çətininin olduğunu bilmək lazımdır. Nizami Gəncəvi nə gözəl deyir:
Hər bəndin açarı səbirdir, inan!
Səbirli kimsələr olmaz peşiman.
Darılma sənə üz verdikdə kədər,
Ondan da böyük bir dərddən qıl həzər.
ŞƏRHLƏR