BAZARDA
Məscidə namaz qılmaq üçün, məktəbə oxumaq üçün gedirlər. Bəs yaxşı, bazara getməkdə məqsəd nədir?
Bu vaxta kimi bazara havamızı dəyişmək, dost-tanışı görmək, yaxud naməhrəmə baxmaq, münasib birini tapmaq üçün gedilirdi. Bundan sonra bazarda Allahı zikr etmək vaxtıdır. Haydı, mayın istisində meyvə-tərəvəz bazarına üz tutaq. Orada rəngarəng nemətlər onlara baxaraq Allahı xatırlayacaq gözləri gözləyir. “Yer üzü Muhamməd ümməti üçün başdan-başa təmiz və məscid qılındı”. (Tirmizi, 1553)
Məşhur insanların ətrafında mühafizəçilər və media nümayəndələri olur. Yenə də, mühafizəçi və jurnalistlər 24 saat o məşhurun yanında olmazlar. Ey insan, sənin sağında və solunda qeyd edən mələklər (kiramən katibin) var. Önündə və arxanda qoruyucu mələklər (həfəzə) var. Unutma, sən çox dəyərlisən ki, Rəhman olan Allah sənin bütün sözlərini qeydə alır, səni mələkləri ilə qoruyur.
Süfrənin bəzənməsi və ikramın çoxluğu qonağın şərəfini göstərir. Heyvanların önünə atılan pay ilə insanların önünə açılan süfrə birdirmi? Bazarda satılan nemətlərin qaymağını insan yeyir. Qarpızın içi insana, qabığı heyvanlara; buğdanın və qarğıdalının dəni bizə, samanı və gövdəsi heyvanlara... Pişiyin yediklərinə də baxın, insanın yediklərinə də. Allah qullarına nə qədər də çox ikram edir.
Xidmət edən daha böyükdür, yoxsa xidmət edilən? Əlbəttə ki, xidmət edilən böyükdür. Böyük olmaq “xidmət almaq” deməkdir. Böyüklər sayılır, onlara xidmət edilir, kiçiklər isə sevilir. İndi özümüzə sual verək: mələklər bizə xidmət edir, yoxsa biz mələklərə? Heyvanlar bizə xidmət edir, yoxsa biz heyvanlara? Torpaq, ağac, çiçək, külək və bulud kimə xidmət edir? Bazara, piknikə gedən insan niyə Allah qatındakı dəyərini görmür? Alça, albalı, gilas, ərik, qarğıdalı, yemiş, qarpız, üzüm, nar, xurma ilə başlayan meyvələr növbə ilə ard-arda gəlir. Hamısı bir anda ortaya çıxıb, bir anda yoxa çıxmır. Qışa doğru saman tədarükü başlayır. İnəklərin samandan - otdan başqa ikinci bir yeməyi yoxdur. İnsanlar isə evin zirzəmisini rəngarəng mürəbbələrlə, kompotlarla, turşularla doldurur. Kifayət edir ki, bir zirzəmiyə baxasan, bir də saman yığınlarına.
Allahı zikr etmək təkcə səccadənin üstü ilə, söhbət məclisi və ya namaz vaxtları ilə məhdud olmamalıdır. Bazarda da Allahı zikr edək ki, imanımız qüvvətlənsin. Sübh namazına saat zəngi ilə deyil, imanla qalxılır. Qapı-pəncərəni bağlayıb “haydı, gəl” deyən Züleyxalardan uzaqlaşmaq yalnız iman gücü ilə mümkündür. Bilmək, oxumaq, eşitmək, öyrənmək kifayət etsəydi, siqaret və narkotikdən heç kəs istifadə etməzdi.
Ağac özü meyvə düzəldə bilərmi? Dəniz balığı yarada bilərmi? Böyürtkənə rəngi, qoxunu və formanı verən tikanlı budaqlardır? Saçımı və dırnağımı uzatmaq mənim əlimdə olsa, ağaclar da meyvəsini özü düzəldər. Torpaq çiçəyin açılmasını gözləyər, ağac meyvənin çıxmasını. Heç meyvədən xəbəri də yoxdur. İnək südünü, arı balını, toyuq yumurtasını özü hazırlayır?! Bizə, bitkilərə, heyvanlara və torpağa – mavi dünyaya hökm edən bir qüdrət (Rəbb) var.
Bir gün bədəvi səhrada gedərkən dəvəsi ölür. Bədəvi təəccüblə dəvəsinə baxaraq deyir: “Deməli, səndə səndən başqa bir şey var idi ki, o həm səni, həm məni, həm də yükümü aparırdı. Görəsən, səni, məni və yükümü aparan o qüvvə nə idi?”
İslam mütəfəkkirlərindən biri: “Mən bir ağaca baxdığım zaman on teatr tamaşasından, iyirmi filmdən daha çox zövq alıram”, - deyir. Bəs biz ağaca, çiçəyə, toxuma baxdığımız zaman zövq alırıqmı? 500 səhifəlik kitabın xülasəsi çıxarılsa, orada kitabın bütün bölümləri yer almaz. Hər toxumda isə çiçəyindən meyvəsinə kimi heç bir şey kənarda qalmadan bütün təfərrüatı ilə o bitkinin kopyası mövcud olur.
Əliabadlı Mahmud usta (salam və dualarımı göndərirəm) Allahın yaratdığı taxtadan stol-stul düzəldir. Allah isə odundan meyvə, yarpaq, çiçək, cürbəcür dad və ətirlər çıxardır. İnsan torpaqdan saxsı qab-qacaq düzəldir, Allah isə torpaqdan insan yaradır.
İslam alimlərinə görə, “Bir adam yerə tökülən saman izlərindən başa düşsə ki, bu yol samanlığa gedir, bu qədər mühakiməsi olan bir insan, çalışsa, böyük bir alim ola bilər”. Yerə tökülən samandan samanlığa getmək olursa, bazardan Allaha getmək niyə mümkün olmasın?
Tüfeyl ibn Übey ibn Kab vaxtaşırı Abdullah ibn Ömərlə bazara çıxarmış. Tüfeyl nəql edir:
“Biz bazara çıxarkən Abdullah qarşılaşdığımız kəslərə mütləq salam verərdi.
Bir gün yenə Abdullahın yanına getmişdim. Dedi ki, bazara çıxaq. Ona:
- Bazarda nə edəcəksən? Qiymət soruşmursan, heç nə satın almırsan, bazarda yığışıb söhbət edənlərin yanında da dayanmırsan. Burada oturmuşuq da, bazara getməyək, - dedim. Bu zaman Abdullah belə dedi:
- Mən eləcə salam vermək – salam almaq üçün bazara çıxıram”. (Malik, “Muvatta”, Salam, 6)
Bəs biz bazara nə üçün çıxırıq?!..
ŞƏRHLƏR