SƏBRİ-CƏMİL
Səbir sahibi olmaq, hər bir işdə səbirlə hərəkət etmək bütün peyğəmbərlərin, müdriklərin və saleh əməl sahibi möminlərin ortaq xüsusiyyətidir. Həqiqi mənası ilə səbir etmək hər igidin bacara biləcəyi bir iş deyil. Səbir etmək, dözümlülük göstərmək ülvi və ruhani bir duyğudur. Buna görə də mənən və ruhən inkişaf etmiş insanlar daha çox səbirli və təmkinli olmağı bacarırlar. Uca Allah Həzrət Loğmanın oğluna nəsihət edərkən belə dediyini buyurmuşdur: “Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir”. (Loğman, 17)
Dözülməsi çətin olan və nəfsə ağır gələn hər şeyin öhdəsindən ancaq səbirlə gəlmək mümkündür. Hər hansı bir haqqı və həqiqəti müdafiə etmək, Allahın əmr və göstərişlərini yerinə yetirmək, ağılın və dinin xoş qarşılamadığı, nəfsimizin dinə və əxlaqa uyğun olmayan arzu və istəklərinə müqavimət göstərmək, öz əlimizdə olmadan başımıza gələn və insana çox böyük acılar yaşadan hüzn, kədər, bəla və müsibətlərə qarşı dözümlü olmaq da ancaq səbirlə mümkündür. Bütün fəzilətlərin anası, dünya və axirət qazancına nail olmağın və kamilliyə çatmağın sirri bu gözəl xüsusiyyətdir. İnsanı dünya və axirət nemətlərindən məhrum qoyan, bəzən rəzil və rüsvay duruma düşürən səbəb isə çox vaxt lazımi şəkildə səbir göstərilməməsidir. Uca Allah belə buyurur: “Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir”. (əl-Bəqərə, 153) Ayəyə diqqətlə baxdıqda bu həqiqəti bir daha dərk edirik. Bəli, Uca Allah məhz səbir sahibi olan və bu yüksək mənəvi, ruhani duyğunu əldə edənlərlə bərabərdir. Onlara Öz qatından təskinlik, səbir və səbat ehsan etməkdədir. Təbii ki, Uca Allah mənəvi olaraq bəndələrinə şah damarlarından daha yaxındır. Amma yuxarıda qeyd olunan ayəyə əsasən deyə bilərik ki, nə namaz qılanlarla, nə oruc tutanlarla, nə də həccə gedənlərlə deyil, məhz səbir edənlərlə birlikdə olduğunu bildirməsi özlüyündə səbrin necə böyük mənəvi və ruhani bir duyğu olduğunu dərk etməmiz üçün kifayətdir.
Allah Rəsulu (s.ə.s) insana yol göstərməsi baxımından səbir etməyi bir işığa bənzədərək belə buyurur: “Namaz nurdur, sədəqə bürhandır, səbir ziyadır (aydınladıcı işıqdır)”. (Müslim, Təharət, 1)
Bəzi sıxıntılar var ki, bəndənin iradəsi və gücü nisbətində olmaya bilər. Bu kimi acılar və çətinliklər başa gəldiyi zaman həyəcana qapılmadan və öz halından şikayət etmədən ilahi təqdirə razı olub səbir etmək, Uca Allaha güvənmək kamil möminlərin xüsusiyyətlərindəndir.
Uca Allah Qurani-Kərimdə səbir xüsusunda nümunə olaraq Hz. Yaqubun səbrindən bəhs edir və bunu “səbri-cəmil” (ən gözəl səbir) olaraq mədh edir. Yaqub peyğəmbər (ə.s) ən çox sevdiyi Yusifi qurdun yediyini deyən və övladının qanlı köynəyini gətirən digər oğlanlarına, bu imtahana və müsibətə görə səbir etməkdən başqa bir yol olmadığını demişdi. Bu haqda belə buyurulur: “Onlar (Yusifin) saxta qana bulanmış köynəyini də gətirdilər. (Yaqub peyğəmbər) dedi: “Əksinə, nəfsiniz sizə bu (pis) işi gözəl göstərdi. Ona görə də, mənə düşən “səbri-cəmil” - gözəl bir şəkildə səbir etməkdir. Söylədiklərinizin qarşısında (mənə) yalnız Allah kömək edə bilər”. (Yusif, 18)
Böyük təfsir alimi İbn Kəsir “səbri-cəmil”in, “başa gələn bir müsibətə görə heç kimə şikayət etmədən səbir etmək” olduğunu bildirmişdir. (İbn Kəsir, Təfsir, IV / 303)
Yaqub peyğəmbərin (ə.s) timsalında gördüyümüz kimi, dünya həyatında insan üçün ən böyük imtahan öz övladını itirməkdir. Malımızı, pulumuzu, var-dövlətimizi itirmək, insana övlad acısı qədər təsir edə bilməz. Çünki bu saydıqlarımız dünya malıdır. Əldən getdiyi təqdirdə təkrar qazanılması mümkündür. Ancaq övlad itirmək bunun kimi deyil. Məhz “səbri-cəmil” belə hallarda lazım olan səbirdir. Çünki səbir etmək bu kimi acıların, imtahanların Uca Allahdan gəldiyini qəbul etmək, qədərə razı olmaq, bu müsibətləri və imtahanları göndərən Uca Allaha sığınmaqdır. Bu sığınma sayəsində də dözümlülük və iradə qazanılmaqdadır. Həzrət Yusifin səbirlə zindandan sultanlığa doğru uzanan həyat yolu da səbrin ayrı bir nümunəsidir.
Hansı vəziyyətdə olursa olsun, insanın özünə, nəfsinə ağır gəlsə belə, yaxşı olanı, faydalı olanı seçməsi, səbir və dözümlülük göstərməyə çalışması çox gözəl bir davranışdır. İnsan həyatı boyunca bolluq və ya qıtlıq içində qala bilər, sağlam ikən xəstə ola bilər, can və ya mal itkisi ilə qarşılaşa bilər. Həmçinin daha geniş miqyasda müharibə, sel, yaxud digər təbii fəlakətlərlə də üzləşə bilər. Bütün bu vəziyyətlərdə üsyana, küfrə, nankorluğa düşmədən, yeganə dayaq və sığınacağın məhz səbir etmək və Allaha güvənmək olduğunu bilərsə, həm dünyada, həm də axirətdə rahatlığa qovuşar.
ŞƏRHLƏR