RAMAZAN və SƏBİR
Biz aciz qullarını yenidən “əvvəli rəhmət, ortası məğfirət, sonu da cəhənnəm əzabından qurtuluş” vəsiləsi olan Ramazani-şərif ilə şərəfləndirən Allaha sonsuz həmd-sənalar olsun.
“Ramazana qovuşduğu halda əfv olunmadan çıxan üzü üstə yerə sürtünsün”, - buyurulur. Rəbbimiz bizləri o silsilədən olmaqdan qorusun.
Ramazan ayı mənəvi bir inkişaf məktəbidir. Oruc, sahur, iftar, təravih namazı, Qurani-Kərim oxumaq, dua və zikr, fitrə, infaq, zəkat, etikaf, Qədr gecəsi və sonunda bayram səhəri...
Təbii ki, oruc ibadəti Ramazan məktəbinin ən əhəmiyyətli dərsidir. Orucun əsl dəyəri onun mənəvi-əxlaqi və ictimai ibadət olmasında gizlidir.
Oruc ibadəti, Uca Allahın biz qullarına verdiyi sonsuz nemətlərin qədrini bilməyi və Ona qarşı hər zaman şükür halında olmağı öyrədir. İnsanın Allaha möhtac olduğunu və Onun qarşısında aciz olduğunu idrak etdirir.
Yenə oruc, səbri öyrədir. Nəfsin istəklərinə qarşı gəlmək duyğusunu gücləndirir. Bu da ilahi imtahanı qazanmaq yolunda ən mühüm addımdır. Nəfsin istəklərinə qarşı gəlməklə qəzəbi yenmək, əfv edə bilmək, fədakarlıq, mənfi istəklərdən əl çəkmək kimi xüsuslar əldə edilir.
Oruclu kimsə ehram geyinən hacı kimidir. Ehramlı kəsə bəzi şeylər necə qadağandırsa, orucluya da bəzi hərəkətlər, şəhəvi arzular, günaha girmək, başqaları ilə münaqişə etmək, qəlb qırmaq qadağandır.
Oruc insanları halal olan şeylərdən uzaq tutmaqla bərabər, haramlardan nə qədər uzaq durulmasını da öyrədir.
Oruc gözəl əxlaq və təqva təlimidir. Oruc Quran əxlaqından pay almaq, mələklərin lətafət hissinə bürünməkdir.
Orucun qazandırdığı ruhaniyyətin bütün üzvlərimizə yansıması istənilir. Oruc bütün bədən orqanlarımızla, xüsusilə qəlbimizlə tutulmalıdır.
Oruc insana səmimi olmağı təlqin etməlidir. Yeganə niyyət yalnız Allah rizasını qazanmaq olmalıdır.
Oruc əlimizdəki fani nemətlərin bir gün əlimizdən çıxacağını, dünyəvi imkanların əmanət olduğunu və bunlar vasitəsi ilə Allahın rizasını qazanmağın lazım gəldiyini öyrədir.
Oruc başqalarının dərdi ilə dərdlənə bilmək təlimidir. Dərdli insanların yalnız bir dərdini bizə yaşadaraq onların hallarını anladır. Könüllərdə mərhəmət, comərdlik duyğularının güclənməsini təmin edir.
Allahın verdiyi maddi və mənəvi nemətləri Onun qulları ilə paylaşmaq, insanlara xidmət etmək, Allah yolunda xərcləmək qulun Rəbbinə olan məhəbbətinin ən böyük nişanəsidir.
Bütün bu saydığımız xüsusiyyətlər sayəsində qəlbimizdəki mərhəmət hisslərini coşduraraq könüllərimizi dərgah halına gətirməliyik.
Elə bir dərgah ki, dərdli, sıxıntılı, çarəsiz, ac, xəstə, hidayətdən məhrum insanları öz ağuşuna alsın.
Bir sözlə, “ORUC” insana yüksək bir mənəvi səviyyə qazandırmalıdır. Bu əhəmiyyətinə görə: “Orucun mükafatı cənnətdir”, - buyurulur.
Allah-Təala hər birimizə öz rizasına uyğun oruc tutmağı nəsib etsin.
ŞƏRHLƏR