CÜMHURİYYƏTİN ÜÇ MƏSƏLƏSİ
28 Mayın Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olduğu, yəqin ki, hamımıza məlumdur. Azərbaycan Cümhuriyyətinin qurulduğu bu gün təqvimin ən parlaq və ən şanlı qeydidir. Azərbaycan adlı coğrafi diyarın uzun illər çəkən işğaldan, çarlıq zəncirlərindən qurtulduğu, öz hürriyyətinə qovuşduğu, millətin kimliyinin fərqinə vardığı, başlarındakı dəvə dərilərini çıxarıb atdığı, taleyini yadların əlindən aldığı gündür 28 may…
Bir günə sığdırdığımız bayramın dərin qatlarındakı mahiyyətinin fərqinə tam varmış deyilik. Bizə tarixin təkcə xronoloji tərəfləri öyrədilib. Hərçənd ki, tarix XIX əsrdən etibarən bilgi (epiteme) əsaslıdır. Azərbaycan Cümhuriyyətinin xüsusiliyinin arxa fonunda tarixin rəqəmlərindən ziyadə tarixin bilgisi yatır. Azərbaycan Cümhuriyyətinin xüsusiliyinin arxa fonundakı mahiyyətini dərk etməliyik. Təəssüflər olsun ki, sovet işğalında bunun fərqindəydiksə də, müstəqilliyin bərpasından sonra unutmağa başladıq və həqiqətlər yeni nəslə də öyrədilmədi. Rahatladıq, keçmişi (bilgini) üstümüzdən söküb atdıq və gələcəyimizi satdıq. Azərbaycan Cümhuriyyəti bizə gələcək vermişdi. XVIII əsrdən başlayaraq XX əsrə qədər davam edən iki əsrlik düşüncə məhsulunun bəhrəsi olan sistemli gələcək. Cümhuriyyətin kodlarını anlamaq lazımdır, Cümhuriyyəti quran aydınların – ziyalıların düşüncələrini sezmək lazımdır.
Bəs yaxşı, Cümhuriyyət nə etdi?
1. Keçmişlə barışdı.
Cümhuriyyətə qədər Azərbaycanda yeni yaradılan hər bir dövlət özündən əvvəl qurulmuş dövlətləri inkar edirdi. Diqqət yetirsəniz, Azərbaycan məhz xanlıqlar dövründə çar imperiyası tərəfindən işğal edildi. Hər bir xanlıq ayrı-ayrılıqda şəhər-dövlət məqsədi daşıyırdı. Dövlətçilik prosesləri hakimiyyəti əldə etmək istəyənlərin fərdi istək və arzularının nəticəsində dövr edirdi. Hər şeydən əvvəl Azərbaycan Cümhuriyyəti özündən əvvəlki tarixi olduğu kimi qəbul etdi, tarixi ilə barışdı, ona qarşı siyasi və ya düşüncə müstəvisində fərqli bir iddiası olmadı. Qısası, Azərbaycan adlı diyarda tarixin başladığı andan etibarən nə varsa bizimdir dedi. Dövlətin adını coğrafiyasının adı ilə eyniləşdirdi. Bu hadisə olduqca mütərəqqi addımdır. Çünki Şərqdə dövlət adları coğrafiya adlarından fərqlənirdi. Nəticədə dövətçilik ənənəsində qırılma yaranır, tarixi ənənə iddiası bəzən əsassız qalırdı. Azərbaycan Cümhuriyyəti bu istiqamətdə Şərqdə öncül oldu.
2. Tək millət halında cəmləşdirdi.
Azərbaycan adlı dövlətin yaranması tək millət halında birləşməyə və həmin millətin dövlətin əsasını təşkil etməsinə gətirib çıxartdı. Buna qədər müxtəlif soylar, etnik qruplar, xalqlar, millətlər ayrı-ayrılıqda dövlət üçün əhəmiyyət kəsb edirdisə, artıq Azərbaycan torpağında yaşayan hər kəs vətəndaş statusu daşımağa başladı, hər hansı bir millətin digərinə üstünlüyünü aradan qaldırdı. Azərbaycan milləti anlayışını ərsəyə gətirdi. Bu, yuxarıda vurğuladığımız birinci punktla əlaqəldir. Dövlət və millət coğrafiya ilə çulğalaşdı. Vacib bir nüansı– türklük ifadəsini qeyd etmək lazımdır. Azərbaycan Cümhuriyyəti millət adı olaraq “türk” ifadəsini işlədirdi. Türklük ifadəsi etnik mənada istifadə edildiyi qədər lokal, yəni yeri təmsil etmək üçün də qəbul edilirdi.
3. Milli aydınlanma yolunu seçdi (Əli bəy Hüseynzadənin üçlüyü).
Sözsüz ki, yaradılan hər bir dövlətin fəlsəfəsi, ideologiyası, gələcək planı olmalıdır. Dövlətin uzun müddət ayaqüstündə dayanması, mətin durması üçün bir fikri olmalıdır. İndiyə qədər təkcə Səfəvilərin ideyası var idi. Nə qədim dövrdə, nə orta əsrlərdə yaranan dövlətlərin, nə Nadir şah Əfşar və Ağa Məhəmməd şah Qacarın, nə də xanlıqlar dövründəki xanların gələcəklə bağlı hər hansısa bir ideyası var idi. Torpağa sahib olmaq və daha çox coğrafiyaya hakim olmaq səni var etməz. Var olmağın tək yolu gələcəyini necə şəkilləndirməyin, necə görməyindir. Cümhuriyyəti quranlar ağalar, bəylər, xanlar deyildi. Dövləti quranlar savaşlardan yetişən ərənlərdən də deyildi. Cümhuriyyəti quranlar bu millətin tər təbəqəsindən çıxan, millətin hər halını bilən ziyalılar idi. Bunun nəticəsində Azərbaycan nəinki Şərqdə, bəzi Qərb dövlətlərinin belə öncülü oldu. Əli bəy Hüseynzadənin üçlüyü – türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək) ilə Məhəmməd Əmin Rəsulzadənin millətçiliyinin ortaq ideyasının məhsuludur Cümhuriyyət. Dövlət yaradılmamışdan əvvəl planlanmış, müzakirəsi aparılmış, baş yorulmuş əsas ideya məhz bu idi. Ziyalıların qurduğu dövlət ərazi istəmirdi; o, keçmişi ilə barışmaq, olduğu kimi qəbul etmək, milli kimliyi bötüv dövlətə aid etmək və gələcəyini sağlamlaşdırmaq (iqtisadi, mədəni və siyasi cəhətdən) istəyirdi.
Azərbaycan Cümhuriyyətinin bir ağlı var idi. O ağıl dövrünün müasir ziyalılarından gəlsə də, kökü Azərbaycanın tarixinə, kimliyinə, mənəviyyatına söykənirdi. Çar Rusiyası dövründə Peterburqda oxudulan tələbələr, İstanbulda təhsil alan tələbələr və Bakıda solçularla birlik içində olan gənclər bir amal uğruna düşündü, bir amal uğrunda çalışdı və bir Cümhuriyyət, bir dövlət, bir millət və bir fikir qurdular.
ŞƏRHLƏR