ALLAH KİMİNLƏDİR?
“Səbir” kəlməsi ərəb mənşəli sözdür və “hövsələli olmaq”, “hövsələni basmaq”, “hirsini cilovlamaq”, “özünü saxlamaq” mənalarına gəlir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbir və namaz ilə kömək diləyin. Çünki Allah səbir edənlərlədir”. (əl-Bəqərə, 153)
Allah-Təala insanlardan hər bir işin özünəxas çətinliklərinə səbir etmələrini istəyir. Buna görə də səbir Uca Allahın Öz qullarına buyurduğu bir əməldir və Rəbbimiz səbirli olanların dostudur.
Allah-Təala digər bir ayədə belə buyurur: “(Ey möminlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə) səbir edənləri ayırd edib bilmək (ümmətə məlum etmək) üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq”. (Muhamməd, 31) Uca Yaradan bu ayədə kimin həqiqi mömin, kimin isə yalançı olduğunu üzə çıxarıb qullarına agah etmək üçün insanları sınaqdan keçirdiyini bəyan edir. Həmçinin, mübarək ayəyə nəzər saldıqda onu da görmək olar ki, ən ağır və dözüm tələb edən əməllərdən olan düşmənlə mübarizə zamanı həqiqi mücahid olmaq üçün səbirli olmaq əsas şərtdir. Elə doğma vətənimiz uğrunda mübarizədə mücahidlik edənlər də Allah-Təalanın buyurduğu səbrə sözsüz riayət edənlərdir. Bu mənada səbir etmək İlahi imtahanda müvəffəqiyyət qazanmaqdır.
Peyğəmbərimizin (s.ə.s) də səbir barəsində çoxlu qiymətli hədisləri vardır. Həmin hədislərdən birində belə buyurulur: “Səbir üç qisimdir: müsibətdə səbir, itaətdə səbir, günaha batmamaqda səbir”. (Süyuti,II,42) Göründüyü kimi, bu hədisi-şərifdə səbir bir neçə məqamda vəsf edilir. Gəlin, həmin məqamlarla bir az yaxından tanış olaq.
Hər kəsə məlumdur ki, Adəm oğlu bəzən kasıblıq, bəzən xəstəlik, bəzən də ayrılıq və yaxınlarını itirmək kimi çətinliklərlə üzləşir. Necə ki, Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver”. (əl-Bəqərə, 155) Deməli, belə məqamlarda səbir etmək zəruridir və səbrin bu növü “müsibətdə səbir” adlanır.
Allaha itaət bəzən çətin olur. İnsan bu zaman ya tələskənliyə yol verir, ya da, məsələn fərz namazın vaxtını gecikdirir. Hətta belə də olur ki, şeytan ibadət əsnasında insana vəsvəsə edir və ona dünya işlərini xatırladır. Bunun üzərinə insan da ibadətini tez-tələsik yerinə yetirib dünya işlərini görməyə can atır və ya dünya işlərini yerinə yetirdikdən sonra ibadətə başlayır. Əslində, səbirli şəxs belə məqamda nəfsini cilovlayıb istəklərinin qarşısına sədd qoyur və ibadətini doğru-düzgün, yəni Rəbbimizin buyruğuna uyğun şəkildə yerinə yetirir. Bu isə səbrin növbəti növü olan “itaətdə səbir”dir.
Səbrin digər növü də şəhvət, qəzəb, tamah və insanı düz yoldan azdıran duyğuların qarşısını almaqla həyata keçir. Bu cür məqamlarda səbir etməyi bacaran şəxs günahlardan qoruna bilir və bu növ səbir “günaha batmamaqda səbir” adlanır. Uca Allahın qadağan etdiyi hər şey insan üçün zərərli və günahdır. Bu günaha batmamaq üçün səbirli və təmkinli olmaq şərtdir. Əks halda günah bataqlığına dalıb xüsrana uğrayanlardan olarıq. Nəfsini cilovlayaraq günahlardan özünü qoruyan şəxs həm bu dünyada, həm də axirətdə ilahi xoşbəxtliyə nail ola bilər.
Ümumiyyətlə, müvəffəqiyyət qazanmaq istəyiriksə, səbirli olmağı öyrənməliyik. Bu iş davamlı olmalıdır ki, səbir adətə çevrilsin. Buna görə də, səbri özünə mütəmadi təlqin edən şəxs başqalarına nümunə ola bilər. Çətinliklərlə mübarizədən sonra rahatlığa çıxmaq isə ilahi nemətdir. Necə ki, daha çox səbir sahibi, yəni “əs-Sabur” olan Rəbbimiz Qurani-Kərimin “İnşirah” surəsinin 5-6-cı ayələrində buyurur: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən də, hər çətinlikdən sonra bir asanlıq gələr!”
Bu ayələrdə “hər çətinlikdən sonra bir asanlıq gələr!” ifadəsinin təkrar edilməsi asanlığın çətinliklə hasil olduğunu və səbrin müqabilində hər bir çətinlikdən sonra Allah-Təalanın yüngüllük bəxş etdiyini bildirir. Ayələrdən belə qənaət hasil olur ki, Uca Rəbbimiz sonsuz mərhəməti, şəfqət və ədaləti ilə bəndələrinə hər bir hadisədə həm asanlıq verir, həm də onu gücünə, taqətinə görə sınaqlardan keçirir. Uca Allahın bəndələrinə buyurduğu ibadətlər və yüklədiyi məsuliyyətlər isə insanların gücü nisbətindədir.
Bəli, Allah səbir edənlərlədir. Yəni səbirlə doğru yolda sabitqədəm olanlar üçün İlahi mükafat olan asanlıq və savab vardır. Kim bu mükafatı əldə etmək istəyirsə, qarşıya çıxan çətinliklərdə Yaradana qarşı üsyan etməməli, səbir edib dözümlü və əzmkar olmalıdır. Unutmaq olmaz ki, həqiqi mömin olmaq səbirli olmağı tələb edir. Həzrət Əlinin (r.a) buyurduğu kimi: “Baş bədəndə nədirsə, səbir də imanda odur”. Çünki başsız bədəndə və səbirsiz imanda Allahın istədiyi əməl olmaz. Uca Allah bizi səbirli və təqvalı qullarından etsin!
ŞƏRHLƏR