HALAL QİDA HƏSSASİYYƏTİ

HALAL QİDA HƏSSASİYYƏTİ

 Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Ey Peyğəmbərlər! Halal və təmiz nemətlərdən yeyin. Gözəl işlər görün. Mən həqiqətən sizin nə etdiklərinizi bilirəm”. (əl-Muminun, 51)

Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

“İbadət on qisimdir; onun doqquzu halal ruzi tələb etmək, biri isə digər əməllərdir”, (Deyləmi, Müsnədül-Firdevs, 3: 107/4062) - deyə buyuran Allah Rəsulunun (s.ə.s) fövqəladə bir ilahi möcüzə əsəri olaraq yaradılmış insan övladının əsil kimliyində kamil bir imanın, əxlaqın, mərifətin, səxavətin, Haqqa qulluq məsuliyyətinin meydana gəlməsi və bu kamil iman sahibinin iştirakı ilə ilahi ədalət qanunlarının yer üzərində bərqərar olması naminə halal və təmiz qidalanmaya bu ölçüdə önəm verməsi heç də təsadüfi deyil. Haram və natəmiz qidaların ayaq tutub yeridiyi dünya coğrafiyasında  maddi və mənəvi səfalət böhranlarının insan başda olmaqla canlı aləmə vurduğu sağalmaz yaralar göz önündədir. Nə qədər qəribə görünsə də, halal və təmiz qidalanma həssasiyyətinin ərşə çəkilməsi nəticəsində mənəvi iflas bəlasına tutulan insan övladının bəşəri vicdanın vaxtı ilə müqəddəs və toxunulmaz hesab etdiyi bütün dəyərlərinə qarşı görünməmiş bir qəddarlıqla savaş açması hər birimizi acı-acı düşündürməlidir. Kainatda var olan və sayı-hesabı bilinməyən varlıqların yüklənməkdən çəkindiyi o müdhiş ilahi qulluq, mərifət və sevgi əmanətinə yüklənmiş insan övladının təmiz fitrətinə nankor davranması taleyimizə bu acı həqiqəti pıçıldamaqdadır: “Təəssüf ki, uduzan insanlıqdır”.

“Axır zamanda imanı qəlbdə tutmaq atəşi əldə tutmaq kimi olacaqdır”, - deyə buyuran Rəsulullahın (s.ə.s) bütün dərdi də fərqinə layiqincə varmadığımız böyük imtahan qarşıdurmasında əmanətlərini itirə-itirə gedən, sonunda da özünü, varlığını əbədi fəlakətin yırtıcı caynağına buraxan ümmətini mənəvi himayəsi altında fitri gözəlliklərinə yenidən qovuşduraraq əbədi qurtuluş cığırına yönəltməkdir. Bu istiqamətdə günümüzdə daha qabarıq səslənməsi istənilən halal qida həssasiyyətinin sağlam iman təhlükəsizliyimizin təməlini formalaşdıran ən önəmli yanaşma olduğunu əsla unutmamamız lazımdır. Halal qida həssasiyyətini ümmətə qarşı dualarında və tələblərində səsləndirən və onun yaşanan bir həyat ölçüsü halına gətirilməsini istəyən Rəsulullah (s.ə.s) buyurur ki:

“Halal tələbi fərzlərin üstündə bir fərzdir”. (Tirmizi, Dəavat, 111)

“Halal tələbi hər müsəlmanın üzərinə vacibdir”. (Təbərani, əl-Mücəmül-əvsat, 8/274)

“Halalından ruzi tədarük etmək cihaddır”. (Quzai, Müsnədüş-Şihab, 1:83)

Rəsulullahın varisləri olan kamil İslam ərlərinin, alimlərin bu önəmli məsələyə münasibəti mənəvi yoxsulluq içində çırpınan qəlblərə hər zaman qurtuluş məlhəmi olmuş və bu gün də əmsalsız şəfa dəstəyini könüllərə dəstək baxımından uğurla davam etdirməkdədir. Allah (c.c) və Rəsulunun (s.ə.s) bütün zamanlara sonsuz rəhmət və mərifət ədəbi saçan hidayət mirasını varlıqlarının mayasına, özünə çevirən bu igidlərin hər bir sözü böyük bir əmanətlə yüklənmiş insan övladının halalla təmas qətiyyətini yenidən canlandıracaq səviyyədədir. Bəhaəddin Buxari həzrətləri bu haqda belə buyurur:

“Yeyiləcək bir qida hansı çeşiddən olursa olsun, qəflət, qəzəb və ikrah hissləri ilə tədarük edilərsə, hazırlanarsa, onda bir xeyir və bərəkət hasil olmaz. Çünki o qidaya nəfsin və şeytanın pis niyyəti qarışmış olar. Bu yeməyi yeyən bir kimsədə mütləq çirkin bir nəticə ortaya çıxar. Qəflətə fürsət vermədən hazırlanan və Allahı (c.c) düşünərək yeyilən halal və xalis yeməklərdən də xeyir və bərəkət meydana gələr. İnsanların təmiz və saleh əməllər işləməyə müvəffəq olmama səbəbi yemək və içməkdə halallıq həssasiyyətinə diqqət yetirmədiklərindən qaynaqlanır. Halal qidalardan Allahın (c.c) ucalığı xatırlanaraq bişirilən və Haqqın hüzurunda imiş kimi yeyilən zaman ibadət və əməllərimizdə, xüsusən də namazda tam bir təslimiyyət və xüşu halının, ümumən də Haqqa qulluq məsuliyyətinin ədəbinə uyğun bir biçimdə yerinə yetirmə bacarığının meydana gəlməsi mümkün olar”.

Özünün və yaxınlarının halal qida əndişəsini həll etdikdən sonra ümmətə, xüsusən də aclıqdan qovrulan müsəlmanlara nəbəvi ədəbə uyğun halal qida ikramını təqdim etmə gözəlliyinin, bu mübarək əməl sahiblərini Haqq qatında fərqli bir dərəcəyə çıxaracağı əsla unudulmamalıdır. Bu heyrətamiz həqiqəti Abdulqadir Gilani həzrətləri belə dilə gətirir:

“Ac bir müsəlmanın qarnına girən halal bir loğma min məscid inşa etməkdən, Kəbənin örtüsünü dəyişməkdən, nafilə ibadətlərdən, əlindəki qılınc qırılana qədər kafirlərlə cihad etməkdən, isti havada davamlı (nafilə) oruc tutmaqdan daha xeyirlidir. Yediyi yemək ac müsəlmanın mədəsinə enincə bu ikram onu yedirən şəxs üçün hər yeri əhatələyən bir nur olar. Ehtiyac sahiblərinin bu şəkildə qeydinə qalanlara müjdələr olsun!”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz