AİLƏDAXİLİ MÜNASİBƏTLƏRDƏ SƏBİR

AİLƏDAXİLİ MÜNASİBƏTLƏRDƏ SƏBİR

Biz Allahın nəzdində səbir etdiyimiz qədər dəyərliyik...

Müasir dünyanın gətirdiyi həyat şərtlərinin təsiri ilə insanlardakı səbirsizlik və dözümsüzlük, demək olar ki, pik həddə yüksəlməkdə, əzmkarlıq və mübarizə ruhu isə məhv olub getməkdədir. İnsanların istədikləri hər şeyə bir an öncə nail olmaq arzusu, tələskənlik, problem və çarəsizliklərə qarşı üsyan və səbirsizlik kimi hisslər onları müxtəlif depressiyalara düçar qoymaqda, çətin və çıxılmaz yollara sürükləməkdədir. Səbir ərdəmindən məhrum olan insan çətinliklərə qarşı çarəsiz qaldığından davamlı psixotravmalarla qarşılaşmaqdadır. Təbii ki, bu kimi halların bir çoxu ailədaxili münasibətlərdə də özünü göstərməkdədir.

Ailə insanın içərisində doğulub boya-başa çatdığı və özünü güvənli hiss etdiyi bir yerdir. İnsanı şər və pisliklərə qarşı qoruyan bir qalxan, nəslin davamını təmin edən müqəddəs bir mühitdir. Ailə yuvası namus və iffətin qorunduğu və əxlaqi dəyərlərin mühafizə edildiyi mübarək bir müəssisədir. Ailənin inşasında və münasibətlərin sağlam bir şəkildə davam etməsində fərdlərarası davranışlar isə olduqca əhəmiyyətlidir.

Ailə həyatının sosial-psixoloji effektləri, hər şeydən öncə ailə konfliktləri məhz ailə münasibətləri zəminində əmələ gəlir və inkişaf edir. Ailə tərbiyəsi, ailədaxili münasibətlər bütün dövrlərdə diqqət mərkəzində olmuşdur. Ailə tərbiyəsi, ailə-nikah və ailədaxili münasibətlərə bu qədər marağın artması bir neçə başlıca şərtlə bağlıdır. Belə ki, ailə münasibətləri birbaşa, açıq şəkildə cəmiyyət həyatında baş verən proseslərə bağlı olaraq formalaşır. Cəmiyyət daxilində gedən yeniləşmə qeyd-şərtsiz ailə həyatına da ciddi və güclü şəkildə təsir edir. Belə bir vəziyyətdə ailə fərdləri arasındakı səbirsizlik, bir-birinə qarşı dözümsüzlük bir sıra ailədaxili problemlərə və neqativ halların artmasına səbəb olur: boşanma hallarının çoxalması, ailədə uşaqların sayının azalması, ailənin uşaqların tərbiyəsi ilə bağlı funkiyasını yerinə yetirə bilməməsi, problemli ailələrin sayının artması, ailə qurmaq istəməyən gənclərin çoxalması və s...

İnsan şəxsiyyətinin böyük bir hissəsinin formalaşdığı ailədə ailə fərdlərinin üzərinə çox böyük məsuliyyət düşür. Buna görə də, Qurani-Kərimin müxtəlif ayələrində möhkəm ailə yuvası ilə bağlı ailə daxilində hörmət, məhəbbət və mərhəmətin vacibliyinə diqqət çəkilir. Ailə səadətinin dağılmaması üçün həyat yoldaşının hərəkətindən məmnun qalmayan ərin səbir etməsi (ən-Nisa, 4/19), eyni şəkildə qadının da ərinin davranışlarına diqqət etməsi və hətta aranı düzəltmək yolunu seçməsi (ən-Nisa, 4/128) və nəticə olaraq ərin həyat yoldaşına qarşı adil olması tələb olunur (ən-Nisa, 4/3, 129). İnsan xəta edən varlıqdır. Eyni evi bölüşən ər və arvadın da bir-birilərinə qarşı xətasız olması mümkün deyildir. Təbii ki, belə hallarda xoşrəftar olmaq, səbir və anlayış göstərmək lazımdır. Kişilər qadınların xasiyyət və xarakterlərinə bələd olmalı, onlara xas fitri meyillərdən dolayı ortaya çıxan və xoşa gəlməyən davranışları görməzdən gələrək buna alışmaq üçün maksimum səy göstərməlidirlər. Qadınlar da ərlərinə qarşı hörmət və itaətdə daha həssas davranışlar sərgiləməlidirlər. Əgər bu şüur cütlüklərdə formalaşarsa, evlilikdə davamlılıq təmin edilmiş olar. Səbir və sevgi ilə qurulan bu bərabərlik uşaqların xarakterinə də müsbət təsir göstərər.

Həyatın hər mərhələsində çətinliklərə qarşı müqavimət göstərmək və səadətə nail olmaq üçün səbir tək çarə və yeganə çıxış yoludur. Ailədaxili sağlam münasibətlərin formalaşmasında isə səbir əvəzolunmaz bir meyardır:

- Ər və arvadın bir-birinə səbri,

- Ata-ananın övladına səbri,

- Övladın ata-anaya səbri,

- Bacı-qardaşın bir-birinə səbri,

- Nənə-babanın nəvəyə səbri,

- Nənə və babaya səbir,

- Qohum-əqrəbaya səbir...

Səbirdə əldən gəldiyi qədər səy göstərmək və Allahın razılığını qazanmaq hissi hakimdir... Səbir Allahın razılığını qazanmaq üçün bütün çətinliklərə tab gətirmək, nəfsi cilovlamaq və hər cür çətinliyə sinə gərərək ilahi əmrləri yerinə yetirməkdir.

Səbir imanın bir nəticəsi olaraq ortaya çıxar. İman gətirmədən edilən heç bir əməlin Allah qatında yeri yoxdur. Səbir ruhun bir mərtəbə yüksəlməsinin ən önəmli səbəbi və iradənin zəfəridir...

“Səbrin əvvəli zəhərdən acı olsa da, sonu baldan şirindir...” - deyib böyüklərimiz.

“Allah səbir edənləri sevər”. (Ali-İmran, 3/146)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz