BİR HƏDİS
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ لَمْ يَدَعْ قَوْلَ الزُّورِ وَالعَمَلَ بِهِ، فَلَيْسَ لِلَّهِ حَاجَةٌ فِي أَنْ يَدَعَ طَعَامَهُ وَشَرَابَهُ
Əbu Hüreyrədən (r.a) nəql edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Yalan danışmaqdan və yalana əsasən davranmaqdan əl çəkməyən kimsənin yeyib-içməkdən əl çəkməsinə Allahın ehtiyacı yoxdur!" (Buxari, Savm, 8)
Oruc kəlməsinin ərəb dilindəki qarşılığı "savm" sözüdür. Bu söz "bir şeydən uzaq durmaq, bir şeyə qarşı qorunmaq" kimi mənalara gəlir. Elə bu mənada Allah Rəsulu (s.ə.s) orucu qalxana bənzədərək insanın oruc tutmaqla qorunacağına diqqət çəkmişdir (Buxari, Savm, 2). Lakin orucun insanı qoruması üçün insanın nəfsinin önünə sədd çəkməsi və arzularına qarşı səbir göstərməsi ən önəmli şərtdir. Elə bu səbəblədir ki, Rəsulullah (s.ə.s) oruc ayı olan Ramazanı səbir ayı adlandırmışdır (Əhməd ibn Hənbəl, "Müsnəd", XII, 22). Çünki bu ayda oruc tutmaqla insan sadəcə sahurdan iftara qədər ac və susuz qalmamalı, bununla yanaşı, nəfsinin bir çox arzularından və əlinin, dilinin və bütün bədən üzvlərinin xətalarından da qorunmalıdır. Buna görə də, Rəsulullah (s.ə.s) qeyd etdiyimiz hədisdə yalana xüsusi diqqət çəkərək bu mənfi davranışdan uzaq durmayan kimsənin ac və susuz qalmasına Allahın ehtiyacının olmadığını açıqlamışdır.
Ramazan ayı başından sonuna qədər oruc, namaz, Quran tilavəti, zikr, dua, tövbə, istiğfar və bir çox xeyir-həsənat ilə zəngin bir aydır. Bütün bu ibadətlər insandan səbir və iradə tələb edir. Bununla yanaşı, dilin, gözün və qəlbin qorunması, nəfsin arzularının önünə sədd çəkilməsi də ciddi iradə və səbir tələb edir. İbn Qayyim əl-Cövziyyənin bununla bağlı belə bir açıqlaması var: "İnsanın səbri nəfsinin arzularına qalib gələrsə, o, mələklərə tay olar. İnsanın nəfsi səbrinə qalib gələrsə, o, şeytana tay olar. İnsanın yemək, içmək və cinsi münasibət kimi təbiətinə xas olan şeylər səbrinə qalib gələrsə, o, heyvanlara tay olar". (İbn Qayyim, "Uddətus-sabirin", s. 23)
Nəticə olaraq, Ramazan ayı Allahın ildə bir ay inanc sahibi insanlara bəxş etdiyi bir fürsətdir. Ağıl və inanc sahibi hər bir insan Allahın lütf etdiyi bu fürsətin layiqli şəkildə dəyərləndirilməsini idrak edərək bunun üçün səy göstərməlidir. Oruc tutmağı təkcə qida və cinsi əlaqədən imtina etmək şəklində anlamamalı, bununla yanaşı, dilinə, gözünə, qəlbinə və bütün duyğularına da oruc tutdurmalıdır. Çünki insanın təkcə bədəni oruc tutub əxlaqı orucsuz qalarsa, belə bir orucun "ac və susuz" qalmaqdan heç bir fərqi olmaz.
ŞƏRHLƏR