UNUDULMAZ BAYRAM SEVİNCİ

UNUDULMAZ BAYRAM SEVİNCİ

Bayram xoşbəxtlik deməkdir. Bayram bizə sevməyi və sevinməyi, sevdirməyi və sevindirməyi öyrədir. Müsəlmanların iki dini bayramı var: Qurban və Ramazan bayramları. Hər iki bayramın həm sosial, həm də fərdi mənada bir çox faydaları vardır.

Ramazan mənən paklanmaq, səbir, xeyirxahlıq, mülayimlik və başqa bir çox mənəvi keyfiyyətlərin qazanıldığı bir aydır. İnsanlar Ramazan bayramında sanki bu təqva məktəbini bitirməyin, ülvi duyğulara yiyələnməyin sevincini qeyd edirlər.

Ramazan bayramı yaxınlaşdıqda hər kəsi şirin bir həyəcan bürüyür. Hər kəs bayramda nə edəcəyini, bayrama necə hazırlaşacağını, ziyarət edəcəyi insanları və bayramda gələcək qonaqları düşünür. Bu həyəcan və bayram hazırlığındakı yorğunluqlar belə insana zövq verir. Bəlkə də, bu, Allah-Təalanın o günə verdiyi xüsusi bərəkətdən qaynaqlanır.

Hər nədəndir bilmirəm, ancaq bir çoxumuz keçmiş bayramların həsrətini çəkməkdə, “heyf deyildimi keçmiş bayramlar” deyə uşaqlıqda və gəncliyimizdə keçirdiyimiz bayramların həsrətini çəkərək yaddaşımıza həkk olunan o şirin duyğuları dilə gətirməkdəyik.

Bəs necə edək ki, bayramlarımız daha əlamətdar olsun, öz şirin xatirələri ilə bizi hər zaman həsrətində saxlasın, bayram sevincini doya-doya dadaq, həm sevinək, həm də sevindirə bilək? Necə edək ki, gələcək nəsillərin uşaqlıq xatirələrində bayram daha yadda qalan olsun, bayramda yaşadıqları sevinci ömür boyu unutmasınlar və müsbət keyfiyyətlər qazanmalarına stimul olsun?

Hər şeydən əvvəl bayramı tətil gözü ilə görməmək lazımdır. “Bayramdır, qeyri-iş günüdür” deyərək haralarasa tətilə deyil, qohum-əqrəbanı ziyarətə getməli, çoxdandır görmədiyimiz və uzaqda olan yaxınlarımızı görmək üçün bunu – pandemiya dövründə lazımi tədbirlərə riayət etməklə – fürsətə çevirməliyik. Biz unudanlardan olmayaq ki, sabah gənc nəsil də bizi unutmasın, bayramlarda bizi axtarıb yad etsinlər. Bayram eyni zamanda bizim üçün bir dəyərdir. Bizi özümüzə, kimliyimizə və mənəvi köklərimizə bağlayır. Keçmiş ilə gələcəyimiz arasında körpü qurmaqda vasitəçi rolu oynayır.

Bu bayram və əvvəlindəki üç mübarək ay bizə birlik və bərabərlik ruhunu qazandırmalıdır. Həmin aylarda və bayramda edilən əməllərin və ibadətlərin mahiyyətinə baxdıqda bunu daha aydın görə bilərik.

Ramazan bayramında evləri və süfrələri bəzəmək ona xüsusi bir həyəcan qatmaqdadır. Evlərin sevincə qərq olması ailə üzvləri arasında olan sevgi və bağlılığın artmasına səbəb olur. Bayramlarda uşaqlar da unudulmamalı, belə anların onların da bayramı olduğunu bilməli, ən az bizim qədər onların da bu sevinci duymalarına çalışmalıyıq. Bunun üçün bayramı fürsət bilərək uşaqlara xüsusi hədiyyələr almaq, onları bayram günü qohum-əqrəba ziyarətlərinə aparmaq, bayram günü ev və süfrə hazırlıqlarında onların da iştirak etməsini təmin etmək, əllərindən tutaraq bayram namazına aparmaq kimi onların xatirələrində yaxşı izlər buraxacaq işlər görmək lazımdır.

Uşaqlara bayram sevincini daha yaxşı yaşada bilmək üçün keçmiş bayram ənənələrimizdən istifadə edə bilərik. Misal olaraq, səhər erkəndən qalxmaq, səliqəli geyinmək, bayram süfrəsi açmaq, bayram namazına getmək, ailə üzvləri ilə bayramlaşmaq, uşaqlara cibxərcliyi vermək, qonum-qonşuların bayramını təbrik etmək, xüsusi ilə də küsülü olduğumuz kimsələrin bayramını təbrik edərək onlarla küsülülüyü bitirmək kimi uşaqlara nümunə olacaq davranışlar bayram ənənələrimiz arasında yer almaqdadır. Bayram vəsiləsi ilə bu kimi davranışlarla uşaqlara rol model ola bilərik.

Ən həyəcanlı uşaqlıq xatirələrindən olan Ramazan bayramında ailə üzvlərinin birgə etdikləri hər bir işin uşaqların ailəyə bağlılığını və özgüvən duyğularını artırdığı bildirilir. Bu da öz növbəsində onların gələcək xatirələrini hazırlayarkən xoşbəxt anlar yaşamalarına səbəb olur.

Bayramlarda yetim və kimsəsiz uşaqlar da unudulmamalı, onların bayram sevinci yaşamaları üçün səy göstərilməli, onlara müəyyən hədiyyələr alaraq könülləri şad edilməlidir. Bu məqamda bir mühüm məsələni də vurğulamaq lazımdır ki, müqəddəs şəhidlərimizin bizə əmanəti olan “şəhid övladlarını” da bayram günlərində əsla yaddan çıxarmamalıyıq. Onlar şəhidlərimizin bizə - bütün ümmətə əmanətləridir.

Ramazan bayramının ruhunda həmrəylik yatır. Çalışaq ki, bu bayram vəsiləsi ilə aramızdakı problemləri bir kənara qoyaraq hamılıqla həmrəy olaq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz