SƏLƏFİ-SALEHİN və RAMAZAN
Uca Allah Ramazan ayını digər aylardan bir çox xeyirli əməllərlə ayırmışdır. Ramazanın özünəməxsus fəzilətləri vardır. Bundan dolayı sələfi-salehin alimlərimiz Ramazan ayına çox önəm vermişdir. Bu ay onların nəzərində iman, təqva, furqan və hidayət ayı idi. Uca Allah Qurani-Kərimdə belə buyurur: “Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır”. (əl-Bəqərə, 185) Onlar bu ayənin möhtəvasını dərk etmək və Ramazanın mənəvi ab-havasından layiqincə istifadə etmək dərdində idilər.
Sələfi-salehin alimlərimiz Ramazana aylar öncədən hazırlıq edərdilər. İmam Muəlla bin Fadl belə deyir: “Sələfi-salehin alimləri altı ay Ramazana qovuşmaq üçün və altı ay da Ramazanda etdikləri əməllərin qəbul edilməsi üçün dua edərdilər”. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Kim fəzilətinə inanaraq və qarşılığını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”. (Buxari, İman, 28) Alimlərimiz Ramazanı bu hədis işığında yaşamağa çalışardılar. Bu hədis onlar üçün bu ayda ən önəmli düsturlardan biri idi. Eyni zamanda Peyğəmbərimiz (s.ə.s) bu ayı səbir ayı adlandırmış və bir hədisində belə buyurmuşdur: “Oruc səbrin yarısıdır”. (İmam Tirmizi rəvayət etmişdir.)
Sələfi-salehin alimlərimiz Ramazan orucunu günahlara qarşı qalxan olaraq görərdilər. Bu ayda nafilə ibadətlərini daha çox edər və çoxlu sədəqə verərdilər. Bu ay onlar üçün zikr və tövbə ayı idi. Bu ayda vaxtlarını daha çox məsciddə keçirərdilər. Kasıblara yemək yedirər və iftar verərdilər. Bu ayda ümrəyə gedərdilər. Qədr gecəsini axtarar və etikafa girərdilər. Bu ayda əsası boş işlərlə məşğul olmazdılar. Bu ay onlar üçün Quran ayı idi. İmam ibn Rəcəb əl-Hənbəli “Lətaiful-məarif” adlı əsərində sələfi-salehin alimlərinin Ramazan ayında işlədikləri bəzi əməlləri nəql edir. Bu rəvayətlərdən bir neçəsini sizinlə bölüşmək istərdim:
İmam Qatədə Ramazan xaricində Qurani-Kərimi həftəlik xətm edərdi. Ramazan ayında üç gündən bir xətm edərdi. Ramazanın son on günündə isə Qurani-Kərimi hər gecə xətm edərdi.
İmam Əbu Hənifə və İmam Şafei Ramazan ayında namaz xaricində Qurani-Kərimi altmış dəfə xətm edərdilər. İmam Zühri Ramazan ayı girdiyi zaman belə deyərdi: “Bu ay Quran tilavəti və yemək yedirmə ayıdır”.
İmam Malik Ramazan ayı daxil olduğunda hədis qiraətindən və elm məclisindən uzaqlaşaraq Qurani-Kərim oxumağa başlayardı.
İmam Süfyan əs-Sövri Ramazan ayı daxil olduğunda bütün nafilə ibadətləri tərk edər və Qurani-Kərim oxumağa başlayardı.
Sələfi-salehinin bəzi alimlərindən rəvayət olunur ki, onlar Ramazan ayında işa namazını camaatla qılar və sonra sübh namazını camaatla qılmağa niyyət edərdilər. Alimlərimiz Ramazan ayının son on günündə Qədr gecəsini şiddətlə axtarardılar. Əsasən də Ramazanın iyirmi üçüncü və iyirmi yeddinci gecələrində bu əməli daha çox edərdilər. İmam Şafei belə demişdir: “Kim Qədr gecəsində işa və sübh namazına şahidlik edərsə, Qədr gecəsindən öz payını almış olar”.
Sələfi-salehin alimləri Ramazan ayının son on günündə - Qədr gecəsinin ehtimal olduğu gecələrdə ən gözəl paltarlarını geyinər, ətirlənər və məscidləri bəzəyərdilər. Rəvayət olunur ki: “Təmim əd-Dari min dirhəmə cübbə almışdı. Bu cübbəni sadəcə Qədr gecəsi ehtimal olunan gecələrdə geyinərdi”. Alimlərin əməllərindən bunu anlayırıq ki, onlar Qədr gecəsi ehtimal olunan gecələrdə təmizlənər, bəzənər, gözəl qoxular vurar və ən gözəl paltarlarını geyinərdilər. İbn Ömər (r.a) belə demişdir: “Qarşısında bəzənilməyə ən çox layiqli olan Allah-Təaladır”. Sələfi-salehin alimləri həm zahiri, həm də batini olaraq bəzənərdilər. Batinlərində olan bəzənmələri tövbə və günahlardan uzaq gəzməklə olardı.
Sələfi-salehin alimlərindən rəvayət olunur ki: “Onlar Ramazanın iyirmi yeddinci gecəsində Kəbəni təvaf edərkən hətta mələklərin belə insanların başlarının üzərində təvaf etdiyini görmüşdülər”. Ramazan ayının iyirmi yeddinci gecəsində çoxlu dua edərdilər. Çünki bu gecədə duaların qəbulu daha çox olar. Hətta bu gecədə lal olan bir şəxs dilinin açılması üçün dua etmiş və onun dili açılmışdır. Onların bu ayda etdikləri xeyirli əməllər çox idi.
Ramazanın sonu gəldiyi zaman sələfi-salehin alimləri bu mübarək aya sədəqə və istiğfar ilə vida edərdilər. Ömər ibn Abduləziz (r.a) şəhər camaatına Ramazan sonunda sədəqə və istiğfarla bu ayla vidalaşmağı əmr edərdi. Bəzi sələf alimləri belə demişdir: “Oruc tutan üçün fitrə sədəqəsi namaz qılanın etdiyi səhv səcdəsi kimidir”. Onlar Ramazanda etdikləri xətaları fitrə sədəqəsi ilə örtməyə çalışardılar.
ŞƏRHLƏR