ABDULQADİR GİLANİ
Bu məqaləmdə Abdulqadir Gilani həzrətləri haqqında danışarkən “məşhur naməlum” sözlərini əlavə etmək istəyirəm və inanıram ki, siz də məni bu mövzuda haqlı sayacaqsınız. Şeyx Abdulqadir Gilanini tanıyanların sayı onu bilənlərdən qat-qat daha çoxdur. Tanımaq və bilmək arasında mühüm fərq olduğunu xüsusilə vurğulamaq istəyirəm. Bağdad şəhərində Abdulqadir Gilani kimdir deyə insanlardan soruşduğunuzda “alim, Allahın vəli qulu, kəramət sahibi” kimi gözəl vəsflərlə insanların onu tanıdığını eşidərsiniz.
İnsanlar onu tanıyır, çünki Bağdadda Şeyx Abdulqadir Gilani türbəsi var və hər kəs bu türbənin yerini yaxşı tanıyır. Tanımaqla bilmək arasında fərq budur ki, bir nəfəri tanımağınız onun haqqında geniş məlumat sahibi olmağınız mənasına gəlməz. Amma bir nəfəri bilməyiniz o insan haqqında həm çox, həm də doğru məlumat sahibi olduğunuz mənasına gəlir. İndi isə tanıdığımız, amma yaxşı bilmədiyimiz Abdulqadir Gilani kimdir sualına cavab axtaraq.
Şeyx Abdulqadir Gilani həzrətləri fiqhdə Hənbəli məzhəbinə, əqidədə Əşari məzhəbinə müntəsib idi. “Məzhəblərin ən yaxşısı imam Əhmədin məzhəbidir”, “İmam Əhmədin əqidəsi üzrə olmayan hər hansı bir vəli qul olmayıb və ola da bilməz” deyərək həssaslıqla bu məzhəbi müdafiə etmiş və “mütəşabihlərin təvilinə” qarşı çıxmışdır. Bu az bilinən bir mövzu olsa da, bundan daha az bilinən məsələ Şeyx Abdulqadir Gilaninin şəriət və dinin zahirinə çox sıx bağlılığıdır. Hətta bəzi fiqh alimlərinin fikirlərini elmi cəhətdən tənqid etmişdir. Xalq arasında o, ən çox kəramət və hekayələri ilə tanındığı üçün şəriətə bağlılığı məsələsi kölgədə qalmışdır. Şeyx Abdulqadir Gilani ayə və hədislərdən zərrə qədər ayrılanları sərt şəkildə tənqid edərdi. Dinin zahiri hökmlərinə uymadığı üçün Səhl ət-Tüstərinin “sirr” nəzəriyyəsini tənqid etmişdir. Kəlam elmi barəsində “bu elm axirət azığı deyildir” kimi sərt sözlər ilə çıxış edərək kəlamçı alimlərə qarşı “mübarizə aparmışdır”.
İbn Ərəbinin sözü ilə desək, Abdulqadir Gilani Allahın “kün”, yəni “ol” ilahi kəlamına müxatəb olaraq kəramət sahibi sayıldığı üçün, əlindən bir çox kəramət zühur etmişdir. Həmçinin o, insanları qoxularından tanıdığı üçün “qoxu tanıyan insan” ünvanı ilə də tanınmışdır. Kəramətlərinin çoxluğu səbəbilə digər xüsusiyyətləri və həssas yönləri arxa planda qalmışdır. Övliyaların öndərlərindən sayılan Abdulqadir Gilaninin həyatında bilməyimiz gərəkən ən az iki məsələ var: Birincisi şəriətə bağlılığı; ikincisi isə onun kəramətləri və haqqında danışılan, dildən-dilə dolaşan hekayələrdir. Şəriətə bağlılıq sayəsində qul Allaha yaxınlaşır və Allah bu qula qeyri-adi qabiliyyətlər verir. Abdulqadir Gilani haqqında danışarkən onun “dində ayağı sabit və sarsılmaz”, “ayə və hədislərin zahirinə bağlı” bir insan olduğunu unutmayaq. Onun haqqında danışarkən kəramətlərinin təməlini təşkil edən “şəriət qoruyucusu” vəsfini ilk öncə zikr etməkdə fayda vardır. Haqqında danışılan hekayələrin bir qisminin doğru olmadığını söyləyən İbn əl-Cövzi və İbn Kəsir kimi alimlər olduğuna görə, onun barəsində hər danışılan hekayəni həqiqət qəbul etməyimiz şərt deyildir. Xüsusilə, müridlərinin istisnasız cənnətə girəcəyini xəbər verən hekayə və sözlərə ehtiyatla yanaşmağımız lazımdır. Buna baxmayaraq, onun təqva və üstünlüyünü anladan doğru xəbərləri də həyəcanla öyrənərək onun kimi həyat yaşamağa, onu həyatımızda örnək və öndər qəbul etməyə çalışmalıyıq.
Bağdadda yerləşən və hər gün yüzlərlə insanın ziyarət etdiyi Şeyx Abdulqadir Gilani külliyəsində, içərisində 80 min kitabın olduğu zəngin bir kitabxana var. Kitabxanada hal-hazırda 1968 qədim əlyazma əsər mövcuddur. Tarix boyunca bir neçə dəfə bu və bənzər kitabxanalar istilaçılar tərəfindən yağmalanmış və yandırılmış olmasına baxmayaraq hələ də yaşı min ildən çox olan qədim bir çox əlyazmaya rast gəlmək mümkündür. Kitabxanaya baş çəkdiyimiz zaman bizə kitablar haqqında məlumat verən məsul şəxs, Rağib əl-İsfahaninin “Əl-müfrədat fi ğaribil-Quran” kitabı haqqında belə dedi: “Bu kitabı bir nəfər Dəclə çayı kənarında dəstəmaz aldığı əsnada çayda üzərkən görüb və dərhal sudan götürüb, sonra da kitabxanaya təhvil verib. Bu da göstərir ki, kitabxana düşmənlər tərəfindən yağmalanarkən kitab başqa kitablarla birlikdə oradan götürülmüş və Dəcləyə atılmışdır”. Kitabxanada Şeyx Abdulqadir Gilaniyə nisbət edilən “əl-Ğünyə li talibi tariqil-Haqq” başda olmaqla bir çox kitabı görmək nəsib oldu. Əsrlər əvvəl yazılan dini kitablarla yanaşı, riyaziyyat, həndəsə, astronomiya və başqa sahələrdə də minlərlə qədim kitabların qorunduğu bu kitabxananın yaxşıca araşdırılaraq dəyərli əsərlərdəki qiymətli biliklərin yenidən gün üzünə çıxarılmasına ehtiyac var.
ŞƏRHLƏR