XOSROVDAN BİR XATİRƏ
Ağdaş rayonunun Xosrov kəndindəki məsciddə 1998-ci ildə təravih namazı qılırdıq. Rükətlər arasında kənddəki Quran kursunun tələbəsi Şahin “Bu gün bizə pir gəldi” nəğməsini oxumağa başladı:
Əli bizim şahımız,
Kəbə qibləgahımız.
Meracdakı Muhamməd,
O bizim padşahımız...
İbrahim Tatlısəsin “Haydı söylə” albomundakı “Eyvallah Şahım” deyə məşhurlaşan əsərini Ağdaşlı Şahin elə İbrahim Tatlısəs kimi oxuyurdu.
Üzümüz qibləyə Osmanlarla, Salehlərlə, Nurlanlarla otursaq da, meydanı/səhnəni İbrahim Tatlısəs ələ almışdı.
Şit oldu, yoxsa dadlı? Soyuq oldu, yoxsa isti? Oldumu, olmadımı? – heç nə başa düşmədim. Qarışıq duyğular içində qaldım. Konsert zalı və məscid, rəhlə və stol, şlyapa və sarıq, alov və su bir-birinə qarışanda insan nə hiss edər?!..
Xosrov kəndinin əl-üz yumağa suyu olmayan bərbərxanasının divarlarında türkiyəli müğənnilərin şəkillərini görmək qəribə bir duyğu idi.
Heyrətləndiyim məsələlərdən biri də Müslüm Babanın cazibə sahəsinə qapılan, Müslüm Gürsəsə ağız dolusu “Baba” deyən, Müslüm Gürsəsi ayaqqabı nömrəsinə qədər tanıyan, ölkə pasportumuz fərqli olsa da, iman pasportumuz eyni olan könül dostları idi. Bazarda hər malın alıcısı olduğu kimi, hər müğənninin də pərəstişkarları olur. “Əl-cinsu yəmilul-cins” (cins cinsi çəkər) - əzəldən əbədə davam edən bir qaydadır.
Müslüm Gürsəsin qadın səsi cinsindən qarşılığı Misirin bülbülü sayılan müğənni Ümmü Gülsüm idi. Müslüm Gürsəsin dinləyici kütləsi haqqında dissertasiya işi yazılmışdır. (2002/Bağlam nəşrləri: Canər İşıq/Nuran Erol, “Arabeskin anlam dünyası və Müslüm Gürsəs nümunəsi”.)
Müslüm Babanı sevənlərin qollarına və sinələrinə ülgüc çəkmələri uzun müddət mediada müzakirə mövzusu olmuşdu. Babanı dinləyərkən trans halında özündən keçənlər o həyəcanla canının yandığını, bədəninin kəsildiyini hiss etmirdilər. Yusufu görən qadınların əllərini kəsdikləri halda acı hiss etmədiklərini anladarkən (Yusuf surəsi, 31) Müslüm Babanı sevənlərin özlərini ülgüclə kəsmələrini anlatmamaq olmur.
Gözəllik baş gicəlləndirər. Başı gicəllənən insan isə canının ağrısını unudar. Namazda xüşu, kitab oxuyarkən kitabın içində itib-batmaq yoxdursa, deməli, gözəli və gözəlliyi görə bilmirik.
Bəqərə surəsinin 165-ci ayəsində buyurulur: “İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin Allaha olan sevgisi isə (onlarınkından) daha qüvvətlidir...”
Yusufu görənlər əllərini, Müslüm Babanı görənlər qollarını və sinələrini kəsmişdi. Hər ikisində də kəsik dəridə qalmış, həyati təhlükə meydana gətirməmişdi. Allahı sevənlərin sevgisi isə daha böyükdür. Şəhidlər canlarını verirlər. Can vermək ilə dərini ülgüclə kəsmək, yaxud barmağı kəsmək bir deyil.
Müslüm Babanı ibtidai sinfə başlamazdan əvvəl tanımışdım. Evdə yatarkən də qonşuluqdan Müslüm Baba oxumağa davam edərdi. Layladan daha çox Müslüm Babanı eşidərək yatdığımı desəm, yalan olmaz. Müslüm Baba mahnı oxumaq üçün səhnəyə dəvət ediləndə “oxumağa çalışaram” demişdi. Sən ustadsan! Sən bu işin sənətkarısan! Oxumağa çalışmaq nə deməkdir? Bu təvazö dağları parça-parça edib toza çevirər. İllər əvvəl Osman Nuri Topbaş ustadımız da “namaz qılırıq” yox, “namaz qılmağa çalışırıq” şəklində bir ifadə işlətmişdi. Xosrov kənd məscidində İbrahim Tatlısəs və Allah Rəsulu (s.ə.s) yan-yana yad edilə bilirsə, başdan sona məscid olan dünyada Müslüm Baba və Osman Nuri Topbaş xocanın bənzər ifadələrlə yan-yana gətirilməsi niyə təəccüblü olsun?
Müslüm Babanın bir müsahibəsində: “Bizim dinimiz gözəldir, amma anlada bilməmişlər” deməsini də heç unutmuram.
Müslüm Baba! İnşallah, dinimizi mədh edən bu söz qurtuluşuna səbəb olar.
Əməllər yaxşı, söz pis olarsa, qul başıaşağı düşə bilər. Əməllər pis, söz yaxşı olarsa, qul Allah qatında dəyər qazana bilər:
“Qul Allahın razı/xoşnud olduğu bir sözü əhəmiyyət vermədən dilə gətirər, Allah onun dərəcəsini yüksəldər. Həmçinin bir qul Allahın qəzəbini çəkən bir sözü heç əhəmiyyət vermədən dilə gətirər və Allah onu bu sözü səbəbi ilə cəhənnəmin dibinə atar”. (Buxari, Riqaq, 23)
Mp3-lərdən əvvəl kaset və maqnitafonlar var idi. Pirat üsullarla yazılan kasetlərdən ən çox zərər çəkənlər Müslüm Baba və bənzərləri olmuşdur.
Müslüm Gürsəs bir tədbirdən çıxarkən jurnalistlərdən biri sual verir:
- Müslüm Baba, pirat kaset satanlar barəsində fikriniz nədir?
Cavab:
- Onlar da evlərinə çörək aparırlar.
Müslüm Babanı sevənlərin məşhur devizi idi: “Müslüm Baba bir kaset çıxartsa və o kasetdə heç nə oxumadan eləcə qışqırıb-bağırsa, yenə də alaram, qulaq asaram; konserti olsa, ağzını açıb heç nə deməsə də, yenə konsertinə gedərəm”.
İllər əvvəl böyüklərimdən biri “Altınoluk/İrfan” jurnalının tam ortasında yer alan “Könül bağçasından” yazıları haqqında: “Heç nə yazmasa da, bu səhifələr boş olsa da, yenə açıb baxaram” demişdi.
Leyla ilə Mövla; Leylada qalmaq və Leyladan Mövlaya varmaq, hər ikisi də yol qət etməkdir. Leyla ilə Mövlanın yolunda olanlar fərqli həyat yaşasalar da, söz və davranışları bir-birinə çox bənzəyir...
ŞƏRHLƏR