Ümid

2020-ci il, 27 sentyabr. Hücum əmri verilmiş, bütün Azərbaycan birləşərək düşmənin başına enən dəmir yumruğa çevrilmişdi. Dörd il əvvəl Lələtəpədən qanad açıb yüksələn xəyallar indi böyük bir ümidlə Şuşanın sıldırım qayalarında qartal kimi süzmək üçün can atırdı...

Şəki Rayon Hərbi Komissarlığının qarşısında iynə atsan, yerə düşməzdi. Azərbaycanın hər bir bölgəsi kimi, bu dilbər guşəsində də ürəyi vətən eşqi ilə çırpınan oğullar nağara-zurna ilə, toya gedirmiş kimi böyük bir təntənə və coşqu ilə yola salınırdı, şərəfli səfərə, onları gözləyən şanlı zəfərə. “Ağlama, ana!” – deyən oğullar, “Özündən muğayat ol!” – deyən təzə gəlinlər, “Allaha əmanət ol!” – deyən analar, “Möhkəm ol!” – deyən atalar, əlindəki bayrağı qürurla yelləyərək atasını yola salan gül balalar...

Zaur bir yaşlı oğlu Ümidi bir daha qolları arasına alıb yanaqlarından öpdü, gələcəyə dair ümidlərini onun qulağına pıçıldayıb təkrar anasına əmanət etdi. Onu yola salmağa gələn qohum-qardaşları, dost-tanışları ilə bir daha görüşərək könüllülərin və səfərbərliyə çağırılıb böyük bir sevinc içində bu çağırışa gələnlərin yığışdığı avtobusa mindi. Pəncərədən onları alqış və xeyir-dualarla döyüşə uğurlayan qələbəliyə boylandı, bu etimada layiq görüldüyü üçün fəxr etdi.

Yol boyu şən əhvali-ruhiyyə içində hərbi marşlar oxudular, vətənpərvər şüarlar dedilər. Belə getsə, heç əllərinə silah götürmədən də Şuşaya qədər əliyalın hücuma keçib şanlı bayrağı qalaya sanca biləcək cəsarəti öz mənliklərində hiss etdilər.

Avtobus cəbhə bölgəsinə doğru şütüməyə davam edir, yan-yana oturan əsgərlərdən bir çoxu indidən hərbi ekspert kimi öz mülahizələrini əsaslandırmağa çalışırdı. Aralarında hərbi xidmətdən bir neçə il uzaq qalanlar da var idi, Zaur kimi əsgərlikdən sonra hərbi sahədə işləyərək bacarıqlarını inkişaf etdirənlər də. Zaur dedi:

- Mən əsgərlikdə Tovuzda olmuşam, sonra da Beyləqanda MAXE işləmişəm. Bilirəm ki, biz çox rahatlıqla onları məhv edəcəyik. Bilirsən necə oğullarımız var?

- Düz diyirsən, – yanındakı dostu şirin Şəki ləhcəsi ilə onun sözünə qüvvət verdi. – Mən Aprel döyüşlərində olmuşam. Ermənilərin çox təriflədikləri Ohanyan müdafiə xəttini 40 dəqiqəyə darmadağın edib keçmişox. Əgər o vaxt Rusiya araya girif müharibəni dayandırmasaydı, çoxdan gedib Qarabağa çatmışdox.

Arxa oturacaqda oturan əsgərlər də müzakirəyə qoşuldular:

- Bu səfər diyirlər Rusiya işimizə qarışmiyicihdi. Əgər həqiqətən qarışmasa, inanın bir-iki həftiyə ceyif Yerevana çıxarox.

Sevinc dolu gülüşmələr və təsdiq səsləri eşidildi.

- Deyirlər Türkiyə də xeyli kömək göndəritdi.

- Ə haa! - başqa biri dedi. – Diyillər təlimlərə cələn F-16 qırıcıları hələ də burdadı.

- F-16 qaldırmağa qoymazlar. Amerika var, Rusiya var...

- Ə onlara nə dəxli var e?..- qəzəbli bir etiraz yüksəldi, ön cərgələrdən.

- Ərə,  narahat olma, - eyni tərzdə bir cavab onu sakitləşdirdi. – Türkiyədən dronlar gətiritdilər. Bilirsən, indi Bayraxdarlar var, üstdən şahin kimi baxıb düşmənin gözünü oyucax. Daha bizə əvvəlki kimi pusqu qura bilmiyicaxlar. Gə saa internetdən göstərim, Suriyada çəkitdilər; yuxarıdan cacanq diyə vurullar!..

- Ə haa!..

Odlu-alovlu müzakirələr davam edərkən birdən Zaurun gözü yol qırağında dayanıb üçrəngli bayrağı yelləyən uşaqlara sataşdı. Cavan bir gəlin də qucağındakı körpəyə bayraq vermiş, onun əlini öz əli ilə tutaraq bayrağı yelləyirdi. Yadına “evdəkilər” düşdü.... Gözləri yolda onu gözləyəcəklər, Ümidlə... “Allah sizi qorusun! Ya Rəbb, ailəmi sənə əmanət edirəm!” - deyərək dodaqları tərpəndi....

Vətən müharibəsi bütün şiddəti və müjdəli xəbərləri ilə davam edirdi. Hər gün azad edilən kəndlərin, rayonların adını eşidəndə bütün ölkədə böyük bir ruh yüksəkliyi və güclü inam yaranırdı. Bu zəfər xəbərlərinin yanında bir də şəhid xəbərləri gəlirdi ki, hər bir şəhidi son mənzilinə yola salmaq üçün insanlar axın-axın gəlib küçələri doldurur, üçrəngli bayraqlarla müşayiət edərək onların ümidini doğruldan qəhrəman vətən övladlarına minnət və sevgilərini ifadə edirdilər. 44 gündə əldə edilən böyük qələbənin ən böyük memarlarından olan şəhidlər vəd edilən əbədi ilahi mükafata nail olur, xalqın ürəyində bir-biri ardınca taxt qururdular...

Qurban bayramı gəlib çatdı. Otuz ildən sonra ilk dəfə bu bayram azad olunmuş Qarabağ torpaqları, qəhrəman Şuşa şəhəri daxil bütün Azərbaycanda böyük bir sevinc ilə qeyd ediləcəkdi. Günəş dağlardan boylanıb qurban kəsmək üçün vaxtın tamam olduğunu xəbər verirdi. Eldar baba qocalara məxsus yerişi ilə yavaş-yavaş addımlayaraq həyətə çıxdı. İki yaşı keçən ay tamam olan balaca Ümid sevinclə atasından yadigar qalan maşının ətrafında o yana – bu yana qaçırdı. Həyətin aşağısında, darvazanın sağ tərəfində çay daşından hörülən balaca, qapısı açıq tövləyə baxan Eldar baba xəyallara daldı. Bundan əvvəlki bayramlarda kəsiləcək qoçu bir həftə əvvəldən Zaur alıb gətirər, tövləyə salıb bayram səhərini gözləyərdi. Baba əllərini açıb azca qaldırdı, gözlərini səmaya dikib solğun dodaqları ilə pıçıldadı:

- İlahi, bu il sənə övladımı qurban verdim, Sən şəhadətini qəbul et!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz