Nə cür qurban?
Qurbanla əlaqəli olan ayeyi-kərimələrin birində Allah-Təala belə buyurur: “Onların (kəsdiyiniz qurbanların) nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir)”. (əl-Həcc, 37)
Hədisi-şəriflərin birində Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Allah sizin surətlərinizə (görünüşünüzə) və mallarınıza baxmaz, ancaq qəlblərinizə və əməllərinizə baxar”. (Müslim, Birr, 34)
İbadət Allaha olan sayğımızı və bağlılığımızı Onun istədiyi şəkildə yerinə yetirməyi ifadə edir. Buna görə bizim ibadət həyatımızı təyin edən və şəkilləndirən yeganə fail, bağlılığımızı təqdim edəcəyimiz Allah-Təalanın özüdür. Hər ibadət mənəvi aləmə edilən bir səfər olaraq görülə bilər və bu səfəri biz uca Allahın bəyanlarına, Rəsulunun (s.ə.s) söz və tətbiqlərinə (sünnələrinə) riayət edərək yerinə yetirə bilərik.
Qurban ibadəti mal ilə edilən ibadət növlərindən biridir. İbadətlər bədən ilə, yaxud mal ilə edilsin, fərqi yoxdur, əsas olan yuxarıda keçən ayeyi-kərimədə və hədisi-şərifdə buyurulduğu kimi qəlb ilə, yəni səmimi-qəlbdən yerinə yetirilməsidir.
Çünki qurban sözü "təqərrüb", yəni yaxınlaşmaq və Allaha yaxınlığa vəsilə qılınmaq mənalarına gəlir. Allah-Təala özünə yaxın ola bilməmiz və Onunla "dostluq" iqliminə qəbul edilməmiz üçün biz qullarından sanki "qurbanlar" istəyir. Yəni malımızla, canımızla, bütün imkanlarımızla "fədakarlıq" edərək bu imkanları Onun uca dostluğuna vəsilə qılmamızı arzu edir.
İman ən böyük məhəbbətdir. Məhəbbət isə isbat və bədəl istəyir. Həqiqi bir məhəbbətin ölçüsü fədakarlıqdır. Yəni fədakarlığın qədər məhəbbətində səmimisən.
Qurban ibadəti bizə Hz. İbrahim və İsmayılın (ə.s) təslimiyyətini və qulluqdakı (ibadətdəki) üstün hallarını xatırladır. Hz. İbrahimin qəlbində üç dənə taxt vardı: mal, can və övlad. Allah-Təala onu üçündən də sınadı.
Hz. İbrahim zikrullah müqabilində maldan imtina etdi. Sonra Nəmrudun mancanağı ilə atəşə atılma hadisəsində heç bir narazılıq göstərməyib candan imtina etdi. Daha sonra ilahi əmr üzərinə övladını qurban etmə təşəbbüsünü yenə böyük bir təslimiyyətlə ifa etmək surəti ilə Allahın əmri qarşısında övladdan da imtina etdi. Beləcə, Allaha dost oldu, Xəlilullah oldu.
Hz. İbrahimin müvəffəqiyyətlə nəticələnən üç imtahanı, əslində, bütün insanlığın yaşadığı bir imtahandır. Canın yonqarı olan malı infaq etmək, bizə əmanət olaraq verilən bu canı sahibinə ölmədən əvvəl təslim etmək və uca Allahın əmri istiqamətində övladları da özümüzə bir pərdə halına gətirməmək xüsusundakı ölçülər, nəfsimizi və şeytanı məğlub edərək əbədi səadəti qazandıran ilahi lütflərdir. Qurban ibadətinin özündəki incəliklər və məcazi nöqtələr də, Allah-Təalanın bizdən yalnız bir qurbanlıq kəsmə feilini istəmədiyini ifadə etməkdə və kamil insan olma yolunda uca xüsusiyyətlər qazanmağa xidmət edən saysız işarə və mənalar daşımaqdadır.
Həmçinin Hz. Adəmin (ə.s) oğulları Habil ilə Qabilin qurbanları da çox mənalı bir misaldır: Habil qurbanını ən gözəlindən seçib ixlasla təqdim etdi, Qabil isə cılız başaq dəstələrini qurban olaraq Allaha təqdim etdi. Nəticədə Habilin qurbanı qəbul olarkən, Qabilinki rədd edildi.
Bu hadisədən də gördüyümüz kimi, Haqq-Təalanın bizə verdiyi nemətlərə qarşı şükrümüzün ifasını nə qədər və necə bir fədakarlıq içində ifa etdiyimizin hesabatını etməliyik.
Xülasə, qurban kəsməkdən əsl məqsəd, yuxarıda bəhs olunan hadisələri də xatırlayıb onlardakı ilahi hikmətdən nəsib alınması və Allaha təslimiyyət və təqva ilə qulluq edilməsi barəsində könüllərin agah olmasıdır.
Bu pəncərədən baxdığımız zaman bunu öyrənirik ki, bütün sirr və hikmətləri ilə qurban, fədakarlığın adıdır. Nemətləri Allah yolunda can-könüldən sərf edə bilməkdir. Hər kəsin qazancı da, əslində, fədakarlığı qədərdir.
Bütün ibadətlərdə olduğu kimi, qurban ibadətində də təslimiyyət duyğusu, bir növ qurban olma hissiyyatı hakim olmalıdır. Beləsi şüur və duyğu içində kəsdiyi qurbanla sanki özünü də (nəfsini, nəfsi istəklərini) qurban verə bilən bəndələr, Qamər surəsinin 54-55-ci ayələrində buyurulduğu kimi, Allah-Təalaya yaxınlıq nemətinə, sonsuz bir məqama qovuşmuş kəslərdir: “Şübhəsiz ki, müttəqilər (Allahdan haqqıyla çəkinənlər) cənnət bağlarında və çaylar kənarında olacaqlar. Güclü hökmdar olan Allahın dərgahında haqq məclisində (Allahın çox yaxınında) olacaqlar”.
Qurban olmaq yox olmaq və ya itirmək demək deyil, bir ucalma və ən ucada var olmaq deməkdir. İnsan özünü Haqqa və Peyğəmbərinə qurban etdiyi, yəni onlarda fani olduğu (bütünləşdiyi) an, bir sonsuzluq dəryası halına dönər, Allahın sevdikləri arasına daxil olar.
İnsanı Rəbbinə yaxınlaşdırmayan bir qurbanın nə qiymətinin, nə də böyüklüyünün bir mənası yoxdur. Qurbandan məqsəd, əmrlərinə itaət və bağlılıq göstərərək Allaha yaxınlaşmaq, Onun rizasını, dostluğunu qazana bilməkdir.
Allah-Təalanın istədiyi qurban budur.
ŞƏRHLƏR