İsrail-Fələstin münaqişəsi və Azərbaycan cəmiyyəti
Feysbuk fenomeninin özəlliklərindən biri istənilən ölkədə cəmiyyətin istər beynəlxalq, istərsə də daxili məsələlərə olan aktiv münasibətini, reaksiyasını göstərmək baxımından bir növ güzgü rolu oynamasıdır. Bu baxımdan, İsrail-Fələstin münaqişəsi müxtəlif dönəmlərdə kəskin mərhələyə qədəm qoyanda, biz çox vaxt Azərbaycan cəmiyyətində fərqli yanaşmaların şahidi oluruq.
Məlumdur ki, bu ilin may ayında İsrail silahlı qüvvələrinin Qəzza bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar tək Azərbaycanda yox, dünyada böyük əks-sədaya səbəb oldu. Hətta iş o yerə gəlib çatdı ki, ABŞ prezidenti Cozef Bayden öz müttəfiqi İsrailin Baş naziri B.Netanyahuya zəng edib xəbərdarlıq etdi ki, Qəzzada əməliyyatlara son qoymasa, ABŞ BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında İsrail əleyhinə səsvermədə veto hüququndan istifadə etməyəcək.
Sözügedən əməliyyat zamanı sosial şəbəkədə, - söhbət feysbukdan gedir, - gedən müzakirələrə nəzər salanda, məsələnin cəmiyyətimizin aktiv hissəsində qütbləşmə doğurduğunun şahidi olduq. Belə ki, azərbaycanlılar ya İsrailə, ya da Fələstinə, lap dəqiq desək, Qəzzadan İsrailin şəhərlərinə raket atan Həmasa dəstək vermiş oldular.
Öncə İsrailpərəst mövqeyə nəzər salaq. Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini əldə edəndən bəri İsraillə yaxın əlaqələr qurmağa nail olub. “Əsrin müqaviləsi” imzalanandan sonra İsrail Azərbaycanın əsas neft alıcılarından birinə çevrilib. Eyni zamanda bəzi məlumatlara görə, uzun illər ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi 907 saylı qətnamənin 2000-ci illərin əvvəlindən başlayaraq hər il dondurulmasında, eləcə də Azərbaycan həqiqətlərinin Qərbdə yayılmasında yəhudi lobbisinin böyük rolu olmuşdur. Azərbaycanda İsrailin səfirliyi fəaliyyət göstərdiyi halda, illərdir rəsmi Tel-Avivin göstərdiyi cəhdlərə baxmayaraq, ölkəmiz məlum səbəblərdən İsraildə səfirlik açmağa hələ ki tələsmir. Nəhayət, 44 günlük müharibə zamanı İsrailin Harop dronları və Barak hava hücumundan müdafiə sisteminin effektivliyi istər-istəməz Azərbaycan cəmiyyətində İsrail tərəfdarlarının sayını artırmış oldu.
Qəzzadakı son hadisələrin fonunda Fələstinin mövqeyini müdafiə edənlərə gəldikdə isə aşağıdakıları söyləyə bilərik. Bu, ilk növbədə dini faktorla, - müsəlman həmrəyliyi, Qüds və Əl-Əqsa fenomenləri ilə izah olunur. Yeri gəlmişkən, maydakı böhranın alovlanmasında katalizator rolunu oynayan səbəblərdən biri məhz İsrail polisinin müqəddəs Əl-Əqsa məscidinə basqıları oldu. Başqa bir faktor Azərbaycan və Fələstinin bir müddət eyni taleyi, - torpaqlarının işğal olmasını yaşamaları oldu. Fələstin 1948-ci ildən bu yana işğala və qanunsuz məskunlaşmaya məruz qalmaqdadır və BMT TŞ-nin qəbul etdiyi çoxsaylı qətnamələr (dünənə qədər bunlar tanış sözlər idi, deyilmi?) isə heç nəyə yaramır. Azərbaycan da 1992-94-cü illərdə gedən müharibə zamanı 20 faizə yaxın torpağını itirmiş, yüz minlərlə həmvətənimiz öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdu. Sadəcə, Azərbaycan apardığı məqsədyönlü siyasət nəticəsində keçən ilin sentyabr-noyabr aylarında işğal olunmuş torpaqlarının çox böyük bir qismini azad edə bildi. İstənilən halda, yaxın zamanlarda torpağını itirmiş, hələ yaraları tam qaysaqlanmamış azərbaycanlıların məzlum fələstinliləri müdafiə etməsi başa düşüləndir.
Yazı müəllifini narahat edən bəzi azərbaycanlıların məsələyə yanaşmada ədalət prinsiplərinə göz yummalarıdır ki, bu, özünü “İsrail bizi müdafiə edirsə, o zaman onun atdığı bütün addımlar düzdür” tipli şüarlarda öz əksini tapır. Bu adamlar, tutaq ki, ancaq Həmasın İsrail şəhərlərini atəşə tutmaları faktını görürlər, amma ərincəklik edib, ya qəsdən Həmas bunu edənə qədər orda nələrin baş verdiyini öyrənmək istəmirlər.
Başqa bir səhv yanaşma isə Fələstinin məlum münaqişədə birmənalı Ermənistanı müdafiə etməsi fikrinin tirajlanması ilə bağlıdır. Düzdür, ermənilərin aktivliyi sayəsində Fələstində qeyri-hökumət sektoru səviyyəsində ermənipərəst mövqeyə rast gəlmək olur. Amma rəsmi səviyyədə Fələstin administrasiyası həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və İslam Əməkdaşlıq Təşkilatının istər sammitlərində, istərsə də nazirlər görüşündə bu mövqedən çıxış edib.
Fikrimizcə, İsrail-Fələstin münaqişəsinə yanaşmada, öncə deyildiyi kimi, ədalət prinsipindən çıxış etmək lazımdır və bu məsələdə söhbət kiminsə azərbaycanlı olub-olmamağından da getmir. Bu gün Qərb ölkələrində, xüsusilə solçular arasında Fələstini dəstəkləyənlər az deyil. Nəhayət, BMT TŞ-nin 1967-ci ildə baş verən 6 günlük müharibədən sonra qəbul etdiyi məşhur 242 saylı qətnaməsi var ki, bu sənəd İsrailin Fələstin, Suriya, İordaniya, Misir[1] torpaqlarını işğal etdiyi faktını özündə əks etdirir. Eyni zamanda İsrailin rəsmiləri və siyasi partiyaları arasında “regionda iki dövlət” prinsipini dəstəkləyənlər kifayət qədərdir. Bu isə o deməkdir ki, aşırı İsrailpərəst olmağın heç yeri yoxdur. Roma papasından artıq katolik olmaq istəyi, ən azından, adamlarda yüngül ikrah doğurur.
[1] 1978-ci ildə imzalanan Kemp-Devid razılaşmasından sonra İsrail Sinay yarımadasını Misirə qaytardı.
ŞƏRHLƏR