SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Sual: Maklerlik peşəsinə dinimizin münasibətini izah edə bilərsinizmi?

Cavab: Əvvəla qeyd edək ki, satıcı ilə alıcı arasında vasitəçi olan və satıcı adına malın satışını təşkil edən kəslər qədim zamanlardan bəri mövcud olmuşdur. Zəmanəmizdə isə sözügedən vasitəçilik peşə halına gəlib maklerlik müəssisəsinin formalaşması ilə nəticələnmişdir. Təbii ki, maklerlik peşəsinin formalaşmasında yaşadığımız zəmanədə şəhər anlayışının sürətlə yayğınlaşmasının böyük təsiri olmuşdur. Çünki böyük şəhərlərdə yaşayan insanlar daşınmazın alqı-satqısına və yaxud kirayə verilməsinə/götürülməsinə ehtiyac duymuşlar. Bunun nəticəsində də satıcı ilə müştərini görüşdürmək və bununla bağlı məsələləri həll etmək məqsədilə maklerlik peşəsinə ehtiyac duyulmuş və maklerlik peşəsi mühüm bir müəssisəyə çevrilmişdir. Məhz bu səbəbdən keçmişdən bu yana müsəlman alimlər maklerlik peşəsinin halal olduğunda həmfikir olmuşlar. Çünki makler bir növ mal sahibinin vəkilidir. Mal sahibi satmağı və ya kirayə verməyi qərarlaşdırdığı bir daşınmazı yaxşı qiymətə və sürətli bir şəkildə sata bilmək üçün maklerə müraciət edir və onu daşınmazın satışı və ya kirayə verilməsi məsələsində vəkil təyin edir. Məhz bu növ vəkalət də İslam hüququ baxımından caiz və halaldır. İslam hüququna görə, başqasının vəkili olaraq iş görmək və bunun müqabilində pul almaq caiz və halaldır. Çünki makler gördüyü iş üçün ofis kirayə götürür və oranı lazımi avadanlıqla təchiz edir. Beləliklə də, müştərisi üçün etdiyi xidmətlər müqabilində alış-verişin reallaşması nəticəsində götürdüyü komissiyaya layiq olmuş hesab olunur.

Maklerin mal sahibindən komissiya haqqını alması ilə yanaşı, müştəridən də müəyyən nisbətdə komissiya almasının səbəbi ondan ibarətdir ki, makler müştəri üçün onun axtardığı daşınmazı axtarıb tapmaq, onun görməsini və detallarına bələd olmasını təmin etmək kimi müxtəlif xidmətləri yerinə yetirir. Yəni makler müştərilərin bu kimi əziyyətlərə qatlanmasının, vaxt itirməsinin və müəyyən xərclərin qarşısını alaraq, qısa müddətdə onların tələblərini reallaşdırır. Məhz bu səbəbdən satış və ya kirayə müqaviləsində maklerin müştəridən də komissiya haqqını alması məqsədəuyğun hesab edilmişdir.

İslam hüququnda müsbət və ya mənfi olmaqla açıq-aydın nəss (ayə-hədis) olmayan məsələlərdə İslamın əsas prinsiplərinə zidd olmayan və həmin bölgədə yayğın olan adət-ənənələr etibarlı olur. Ancaq bununla yanaşı, tərəflər arasında bağlanan müqavilələr etibarlı olub tərəflərin müqavilə bağlanan zaman irəli sürdükləri şərtlərə də riayət etmələri həmçinin dini bir öhdəlikdir. Odur ki, makler vasitəsi ilə satın alınan, ya da kirayə götürülən daşınmaza görə maklerin komissiya haqqı adı altında pul alması halaldır. Ancaq heç şübhə yoxdur ki, tərəflərin razılığı olmalı, aldatma, hiyləgərlik və nəslərin (ayə və hədislərin) açıq-aydın qadağan etdiyi faiz, qumar, rüşvət kimi yollara müraciət edilməməlidir.

Vurğulamaq lazımdır ki, İslam hüququna görə, makler mal sahibinin istəyinə uyğun hərəkət etməyib əlavə qazanc əldə etdikdə onun qazancı halal olmur. Çünki vəkil müvəkkilinin istəyinə müvafiq hərəkət etməlidir. Məsələn: “Bu evimi bu qiymətə sat və komissiyanı götür!” – deyə mal sahibi maklerə vəkalət verdikdən sonra makler evi ondan baha qiymətə satıb oradakı əlavə qazancı gizlədər və mal sahibindən danışdıqları komissiyanı da götürərsə, onun bu qazancı halal olmaz. Belə olan halda ona yalnız komissiya haqqı halal olar. Ancaq mal sahibinə başdan və yaxud satışdan sonra bildirərək mal sahibinin razılığını aldıqda isə halal olar. Bundan əlavə, bizə məlum olmayan başqa hiyləli yollarla makler daşınmazların satışından əlavə qazanclar əldə edərsə, o qazancın təmiz və halal bir qazanc olmadığını bilməlidir.

Odur ki, maklerin qanunən müəyyən edilmiş və yaxud tərəflərin razılığı ilə bağlanan müqavilə nəticəsində aldığı komissiya haqqı halaldır. Bundan savayı, yalan danışaraq, yanlış məlumat verərək, hiyləgərlik edərək, aldadaraq əldə edilən qazanclar halal deyildir. Bu səbəbdən maklerlik peşəsi ilə məşğul olanlar şəffaf olmalı və halal qazanclarına haram qarışdırmamalıdırlar. Uca Allah “Nisa” surəsinin 29-cu ayəsində belə buyurur: “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla, mallarınızı aranızda batil yolla (haqsızlıqla və haram yolla) yeməyin!..”. Həzrət Peyğəmbərimiz (s.ə.s) də bir hədisi-şərifində belə buyurur: “Bizi aldadan bizdən deyil”. (Buxari, Ticarət, 36)  

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz