Rəsulullahın mərifət mirası

Rəsulullahın mərifət mirası

 Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir”. (Ali-İmran, 31) 

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun rəsulu Hz. Muhammədə salətu-salam olsun.

İlahi muradın xəlq edilmə sənətinin təməlinə  bənd etdiyi mərifət, sevgi, əxlaq və təqva mirasına həyat verən Rəsulullahın (s.ə.s) və onun şanlı varislərinin  böyük mücadiləsi ilə qəlbən Haqqa qulluq məsuliyyətini dərk edən bir insan möcüzəsini özləri başda olmaqla aləmin xidmətinə təqdim etmələri bəşəriyyəti mərifətlə yoğrulan bir qurtuluş nemətinin bərəkəti ilə şərəfləndirdi. Bu əmsalsız neməti Rəsulullah (s.ə.s) əfəndimizlə bərabərlik və Ona tam bir təslimiyyət iqlimində sinələrinə yar edərək davamlı şəkildə qoruyan səhabə nəslinin və onlara tabe olanların bitmək bilməyən eşq həyəcanı bu gün də qəlbləri nəbəvi mərifətin həyat verən isti nəfəsi ilə bəsləyərək bəlaları dəf edən bir qalxan rolunu oynamaqdadır. Nəbəvi mərifət mirasına talib olmağa can atan könül qardaşlarını müjdə üzərinə müjdə ilə qucaqlayan Rəsulullahın (s.ə.s) can sirdaşı Hz. Əbu Bəkr əfəndimiz buyurur:

 “Həzrət Peyğəmbərə (s.ə.s) ixlasla salavat gətirmək günahları suyun atəşi söndürməsindən daha tez yox edər. Ona (s.ə.s) məhəbbətlə salam göndərmək çoxlu kölə azad etməkdən daha fəzilətlidir. Rəsulullahı (s.ə.s) sevmək isə hər kəsə şirin olan canından və Allah (c.c) yolunda savaşmaqdan daha fəzilətlidir”. (Xatib əl-Bağdadi, 8/39)

 Allah və Rəsulunun sevgisi naminə misli-bərabəri olmayan bir həyəcan və ehtirasla qulluq səfərbərliyində birləşərək qiyamətə kimi gələcək Adəm övladlarına  mərifət mirasını yaşayaraq təbliğ edən bu mübarək insanların mənəvi portretini Osman Nuri Topbaş əfəndi necə də əhatəli açıqlamaqdadır:

“Əshabın könlündə heç bir sevgi Allah (c.c) və Rəsulunun (s.ə.s) sevgisinin önünə keçmədi. Nə mal-mülk, nə oğul-uşaq, nə də can sevgisi. Çünki bunların hamısı dünyada qalacaq. Allah (c.c) və Rəsulunun (s.ə.s) sevgisi isə əbədi səadətin könül sərmayəsi olacaq”.

 Qəlblərin kainatda bənzəri olmayan bu nəhəng mərifət sərmayəsindən məhrum qalması necə də böyük bir bəladır. İbn Qəyyum həzrətləri nəfsaniyyət zindanının zülmət qandallarında boğulan və mərifət mirasından məhrum tutulan qəlbin ah-naləsini və əlacını necə də gözəl anlatmaqdadır:

“Ey insanlar! Bilin ki, qəlbdə dağınıqlıq vardır. Nəzərgahi ilahinin təcəlli mərkəzi olan bu qəlbi Allaha (c.c) yönəlmə mərifətindən başqa heç bir şey yığışdıra bilməz. Qəlbdə ürkəklik, qorxu və əndişə vardır. Allah (c.c) ilə ünsiyyət etmə mərifətindən başqa heç bir şey onu bu hisslərdən arındıra bilməz. Qəlbdə hüzn vardır. Allahı (c.c) tanıma, Ona yaxınlaşma və Onunla doğru bir bərabərlik mərifətinin qəlbə bahar təravəti yaşadan gözəlliyinə sahib olmadan bu hüzndən qurtulmaq olmaz. Qəlbdə iztirab vardır. Allah (c.c) naminə birləşmə və Ona yaxınlaşma mərifətindən başqa heç bir şey bu iztirabı söndürə bilməz. Qəlbdə həsrət atəşi vardır. Onu Allahın (c.c) əmrlərinə, qadağalarına və qədərinə riza göstərmə və Allaha (c.c) qovuşana qədər səbrə sarılma mərifətindən başqa heç bir şey söndürə bilməz. Oəlbdə təsvir edilməsi mümkünsüz olan bir ehtiyac hissi duyulmaqdadır. Bu ehtiyacı Allaha (c.c) qarşı duyulan və yaşanan sevgi, zikr, sədaqət, ixlas və tövbə mərifətindən başqa heç bir şey qarşılaya bilməz.  Hətta dünyanın bütün xəzinələri qəlb sahibinin olsa belə, bunlar qəlbin ehtiyacını qarşılamaqda acizdir”.

Nəticə etibarı ilə həm dünya, həm də axirət səhnəsində Rəbbi ilə ecazkar bir yaxınlıq mərifətini ərsəyə gətirən qulun harda olursa olsun, imdadına yalnız Rəbbinin yetişəcəyi qənaətini qəlbinə hakim kəsməsi Rəsulullahın (s.ə.s) mərifət mirasının qulun varlığında təcəlli edən möhtəşəm bir təntənəsidir. Qulu Rəbbinə ram edərək sevdirən bu inanılmaz bərabərlik mərifətini Mühyiddin Ərəbi həzrətləri duasında belə dilə gətirir:

“Ey Allahım! Alınların (əcəl təri ilə) tərlədiyi, inləmələrin çoxaldığı, üzərimizə yaxınlarımızın ağladığı, həkimlərin də bizdən ümidini kəsdiyi anda Sən bizə rəhmət eylə. Allahım! Torpağın bizi örtdüyü, dost-tanışın bizi tərk etdiyi, nemətlərin və həyat rüzgarının kəsildiyi zaman bizə rəhmət eylə. Allahım! Adımın unudulduğu, cismimin çürüdüyü, qəbrimizin qeyb olduğu, zikrimizin qapandığı və artıq heç bir kimsənin bizdən söz etməyəcəyi zaman bizə rəhmət eylə. Allahım! Sirlərin açıqlandığı, qəlbdə olanların ortaya çıxarıldığı, əməl dəftərlərinin açıldığı və tərəzilərin ortaya qoyulduğu zaman bizə rəhmət eylə. Ey Hayy və Qəyyum, Rəhman və Rəhim olan Allahım! Həyatımızın hər bir səhifəsində Sənin Rəhmətinlə Səndən yardım diləməkdəyik”.                

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz