Tənqidin də ədəbi var
Tənqid, tənqidi yanaşma, tənqidçilik və s. kimi sözləri siz də tez-tez eşidirsiniz. Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsinə, insan əməlinin yaxşı və pis tərəflərinin üzə çıxardılıb, onun eyiblərini şərh etməyə tənqid deyilir.
Tənqid insan faktoruna yönəlir. Xəta etmək insana məxsusdur. Belə olan halda tənqid lazımlıdır. Yerində və haqlı tənqid bir çox yanlışlardan dönməyə səbəb olmuş və olacaqdır.
Tənqid dedikdə ağlımıza bir çox halda mənfi fikir və mənalar gəlir. Bu, naqis anlayışdır. Çünki bəyənmək və təşviq etmək də tənqidə aiddir.
Tənqid ilə düşmənçiliyi bir-birindən ayıran fərq niyyətdir. Tənqid adı altında sizə və ətrafınızdakılara qarşı şəxsi mənfəət, ehtiras, qısqanclıq və ya kin səbəbi ilə bir çox haqsızlıqların edildiyinə siz də şahid olmusunuz. Ona görə də tənqidin hansı niyyətlə edilməsi onun məramını göstərir.
Bəzən də sözü üzə demək, cəsarətli və cürətkar olmaq adı altında üsulsuz və yerində olmayan tənqidlər də edilməkdədir. Birinin üzünə qarşı tənqid etməyi, nöqsanlarını dilə gətirməyi, qarşısındakını utandırmağı hünər görənlər də var. Belə olan halda əsl tənqid necə olmalıdır? Tənqidlər hansı prinsiplər əsasında edilməlidir? Necə edək ki, qarşımızdakının nöqsanlarını onu utandırmadan və incitmədən söyləyək? Bu və buna bənzər suallara birgə cavab axtaraq.
Əvvəla bunu unutmayaq ki, hər işin bir üsulu, ədəb və əxlaq qaydası olduğu kimi, tənqidin də özünəməxsus ədəb və üslubu var.
İki cür tənqid var: mənfi və müsbət tənqid.
Əgər gördüyümüz xətanı düzəltmək və xəta sahibinin davranışlarının yaxşılaşmasını təmin etmək məqsədi ilə (doğru üslubla) xətalar bildirilirsə, bu, müsbət tənqid sayılır. Buna hər kəsin müəyyən dərəcədə ehtiyacı var.
Mənfi tənqid isə hansısa müşahidə əsasında və ya araşdırılaraq ortaya çıxarılan təhrikedici tənqiddir. Bu tənqid növü dinimizdə də qadağan edilmişdir.
Xətalar qəsdən və israrla edilmədiyi müddətdə, hər xətaya görə qarşıdakını tənqid etmək doğru deyil. Bir şəxsi və ya qurumu qərəzli olaraq etibarsızlaşdırmaq və ya gözdən salmaq üçün edilən heç bir tənqid məsum tənqid deyildir. Əgər o şəxsin və ya qurumun xətası cəmiyyətdə nifaq və fitnəyə səbəb olursa, yalnız o zaman açıq tənqid edilə bilər.
Tənqiddə diqqət olunması lazım olan xüsusları iki qrupda sıralaya bilərik:
- Tənqid edən nöqteyi-nəzərdən.
- Tənqid olunan nöqteyi-nəzərdən.
Tənqid edən nöqteyi-nəzərdən tənqidin ədəbləri:
- Tənqidçi əvvəlcə eşitdiyi və ya gördüyü xəta haqqında aidiyyəti şəxs ilə danışmalı, bunun izahını soruşmalıdır.
- Əgər haqqındakı iddia və xəta doğrudursa, bu barədə ona nəsihət etməli, dəyərlər və adət-ənənələr prizmasından ona xətasını izah etməlidir.
- Əsla onu təhqir edərək təqsirkar çıxartmamalı, münasib dil ilə bu cür xətaların ona yaraşmadığını söyləməlidir.
- Nöqsanını təklikdə deməli, camaat içində, ailə və ya yoldaşlarının yanında onu utandırmamalıdır.
- Aralarında keçən danışığı heç kimlə paylaşmamalı, sirrini saxlamalı, ifşa etməməlidir.
Tənqid edilən nöqteyi-nəzərdən tənqidin ədəbləri:
- Tənqid edilən əvvəlcə tənqidin doğruluğuna baxmalı, qarşısındakını axıra qədər dinləməlidir.
- Tənqidçinin niyyətinə baxmalı, əgər doğru niyyətlidirsə, özünü müdafiəyə keçməməli, bunu özünə xatırlatdığı üçün ona təşəkkür etməlidir.
- Yanlış anlaşılma səbəbi ilə tənqid olunduğunu bilsə, yenə də qarşısındakını kobud sözlərlə qarşılamamalı, doğru izahı verməlidir.
- Onu tənqid edənə “sən də filan vaxt belə etmişdin, elə etmişdin” deyərək ona qarşı əks həmləyə çıxmamalı, düzgün üslubu qorumalıdır.
- Tənqid olunduğu şey həqiqətən də düzgün təsbit edilən bir xətadırsa, bu xətanı işlədiyi kimsələrdən halallıq və üzr istəməli, xətanı düzəldənə təşəkkür etməlidir. İnsanın xətalarını qəbul etməsi acizliyindən deyil, fəzilət və kamilliyindəndir.
Hər mövzuda olduğu kimi, tənqid mövzusunda da Hz. Peyğəmbər (s.ə.s) bizə nümunə təşkil etməkdədir. O heç bir xətanı xoş qarşılamaz, qarşısındakı insanı xəbərdarlığı ilə əzmədən, utandırmadan, uyğun bir üsulla təndiq edərdi. Hz. Peyğəmbər (s.ə.s) bu üsul ilə boğaza qədər şirk və xurafata batmış bir toplumun çoxunu səhabə halına gətirmişdir.
ŞƏRHLƏR