BİR HƏDİS

BİR HƏDİS

عَنْ ابْنِ عُمَرَ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : لَا يُلْدَغُ الْمُؤْمِنُ مِنْ جُحْرٍ مَرَّتَيْنِ

Abdullah ibn Ömərdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "(Ağıllı) mömin bir ilan yuvasından iki dəfə sancılmaz". (İbn Macə, Fitən, 14)

Bu hədisi-şərifin səbəbi-vürudu haqqında belə bir hadisə nəql edilir: Bədr müharibəsində müsəlmanların əsir götürdükləri müşriklərin arasında Əbu Uzzə əl-Cuməhi də var idi. Rəsulullah (s.ə.s) əsir götürülən müşriklərin müəyyən məbləğdə fidyə müqabilində sərbəst buraxılmalarına qərar vermişdi. Əbu Uzzə çox kasıb olduğuna görə azad olmaq üçün fidyəsini ödəyə bilməmişdi. O, Rəsulullaha (s.ə.s) yalvararaq kiçik yaşda qız övladlarının olduğunu söyləmiş və Allah Rəsulu (s.ə.s) ondan heç bir fidyə almadan tək bir şərtlə onu sərbəst buraxmışdı. Allah Rəsulunun şərti onun bundan sonra heç vaxt müsəlmanlara qarşı savaşmayacağına dair söz verməsi olmuşdu. Lakin Əbu Uzzə verdiyi sözünə xilaf çıxmış və sərbəst olduqdan sonra yenə müsəlmanlara qarşı savaşmışdır. Uhud müharibəsində əsir olaraq yenə müsəlmanların əlinə keçmişdi. O bu dəfə də Allah Rəsulundan əman istəmiş, lakin Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: "Mən sənə, yanaqlarını şişirdə-şişirdə Məkkədə: -Muhammədi iki dəfə aldatdım, - deməyinə icazə verə bilmərəm". Sonra Allah Rəsulu əmr etmiş və Əbu Uzzənin boynu vurulmuşdur. Bundan sonra Allah Rəsulu: "Mömin bir ilan yuvasından iki dəfə sancılmaz", - buyuraraq möminlərə çox önəmli bir mesaj vermişdir. (İbn Kəsir, "Sirətün-nəbəviyyə", III, 92)

Rəsulullah (s.ə.s) bir hədisi-şərifində möminin fərasətinə işarə edərək belə buyurur: "Möminin fərasətindən çəkinin, çünki o, Allahın nuru ilə nəzər edər". (Tirmizi, Təfsir, 16) Bu və yuxarıda qeyd olunan hər iki hədis həqiqi iman sahibi möminlərin məsələlərə baxışlarının fərqli olduğuna diqqət çəkir. Belə ki, mömin kimsə məsələləri analiz edərkən o işə Allahın nəzəri ilə baxmağa çalışar və o işin Allahın rizasına uyğun olduğunu düşünərsə, onu edər, əgər o işdə Allahın rizasını görməzsə, ondan geri çəkilər. Bu səbəblədir ki, Allah Rəsulu (s.ə.s) qeyd etdiyimiz hədisi-şərifdə ağıllı bir möminin eyni xətanı iki dəfə təkrar etməyəcəyini bənzətmə yolu ilə vurğulamışdır.

Qurani-Kərimdə Uca Allah yaxşı əməl sahibi müttəqiləri vəsf edərkən onların ən bariz əlamətlərindən biri olaraq etdikləri xətaları təkrar etmədiklərinə diqqət çəkərək belə buyurmuşdur: "O müttəqilər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, - günahları Allahdan başqa kim bağışlaya bilər? - onlar bilə-bilə etdiklərinə görə israr etməzlər". (Ali-İmran, 3/135)

Nəticə olaraq, qeyd etdiyimiz hədisi-şərif möminlərin məsələlərə baxış tərzində daha həssas yanaşmalarının zəruri olduğuna diqqət çəkir.           

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz