HƏQİQƏT VƏ MƏCAZ
Kəlmələrin öz mənasında işlənməsinə həqiqət, başqa bir mənada işlənməsinə isə məcaz deyilir. Qurani-Kərimdəki kəlmələr öz mənalarında işləndiyi kimi, bəzən də məcazi mənalarda işlədilmişdir. “Başa düşəsiniz deyə Biz onu ərəbcə bir Quran olaraq nazil etdik” (Yusuf, 2) ayəsinə görə, Quran ərəb dilində endirilmişdir. Hər dildə olduğu kimi, ərəb dilində də məcazi ifadələr vardır.
İslam alimlərinin çoxu Quranda məcazın varlığını qəbul etsələr də, inkar edənlər də olmuşdur. İnkar edənlər fikirlərini belə əsaslandırırlar ki, məcaz bir şeyin ifadəsində çətinliyə düşüldüyü zaman müraciət edilən yoldur, Quran isə bundan uzaqdır.
Alimlər Qurandakı məcazı iki qismə ayırmışlar: əqli məcaz və lüğəvi məcaz.
Əqli məcaza misal olaraq "Onların ticarəti kar vermədi" (əl-Bəqərə, 16) ayəsini göstərmək olar. Belə ki, buradakı "kar vermədi" və "ticarət" kəlmələri məcazi mənada işlədilmişdir. Mənası budur: onların hidayəti buraxıb zəlaləti seçmələri özlərinə heç bir fayda gətirməz. Eləcə də, "Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az düşünürsünüz!" (əl-Mumin, 58), yaxud "Heç korla görən və ya zülmətlə nur eyni ola bilərmi?!" (ər-Rad, 16) ayələri də buna misaldır. Təfsir alimləri burada korla görənin kafirlə mömin, zülmətlə nurun isə küfrlə imanın məcazi ifadəsi olduğu qənaətindədirlər.
“Hamılıqla Allahın ipinə yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz”. (Ali-İmran, 103) Bu ayədə Quran və İslam “Allahın ipi” olaraq qeyd edilmişdir. Peyğəmbərimiz (s.ə.s): “Quran Allahın göydən yerə uzatdığı ipidir”, (Əhməd b. Hənbəl, Müsnəd, lll, 14, 17) - buyurmuşdur.
Bir qüdsi hədisdə belə buyurulur: "Bəndələrimdən birini gözlərindən məhrum edərək sınadığım zaman səbir edərsə, gözləri üçün ona cənnət verərəm". (Buxari, Mərda, 7) Halbuki Quranda: “Bu dünyada kor olan kimsə axirətdə də kor olacaq və haqq yoldan daha çox azacaqdır”, (əl-İsra, 72) - buyurulur. Bu ayənin izahı belədir ki, dünyada həqiqəti görüb tanımayan, doğru yolu görüb imana gəlməyən, gözəl işlərlə ruhunu zənginləşdirməyənlər axirətdə cənnətin yolunu görməyəcək və ondan məhrum qalacaqlar.
“Şübhəsiz, Allah nəzdində canlıların ən pisi düşünməyən karlar və lallardır”. (əl-Ənfal, 22) Bu ayədə məcazi olaraq müəyyən bir insan tipinə işarə edilmişdir. Bu tip insanlar Quran ayələrini dinləmək istəməyən, Allahın ayələrinə qarşı kar və kor kimi davranan insanlardır. Bu ayəni məcazi olaraq başa düşməsək, bəzi orqanlarında şikəstliyi olan insanların şərli və pis olduğu vəhminə düşərik ki, bu da insanlıq adına yaraşmaz və Quranın təlimlərinə tərs düşər. Ayədəki kar və lallar ilahi həqiqətləri dinləməyən və dilə gətirməyən inkarçılardır.
“Yəhudilər: “Allahın əli bağlıdır!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır, istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah isə fitnə-fəsad törədənləri sevməz”. (əl-Maidə, 64) Bu ayədə əli bağlı olmaq - xəsislik, əlləri açıq olmaq - comərdlik, od qalamaq isə - fitnə çıxartmaq, Allah Rəsulu (s.ə.s) ilə savaşmaq mənalarında məcazi ifadələrlə qeyd edilmişdir.
Lüğəvi məcaza misal olaraq da: "Onlar barmaqlarını qulaqlarına soxurlar" (əl-Bəqərə, 19) ayəsini göstərmək olar. Belə ki, əslində, barmaqları qulağa soxmaq mümkün deyil. Burada barmağın ucu nəzərdə tutulmuşdur. Dolayısı ilə bu bir məcazi ifadədir.
Məcaz çətin anlaşılan məsələlərin daha yaxşı izah edilməsi üçün işlədilən ifadə tərzidir. Lakin bunu da qeyd etməliyik ki, bəzi məsələlərdə məcaza yer yoxdur. Hər bir kəlmənin qurulan cümləyə görə öz tərzi, üslubu və həqiqət payı vardır. Ümumiyyətlə, hər hansı bir mətndə ilk əvvəl kəlmənin həqiqi mənası əsas götürülür. Əgər həqiqi mənasının izahı mümkün deyilsə, o zaman məcaza gedilir.
ŞƏRHLƏR