Kölgədən qurban olmaz
Mədh edilməyə, öyülməyə yeganə haqq sahibi olan Allah-Təaladır. Müsəlman olan kəslər hər il Onun üçün ya qurban kəsir, yaxud buna niyyətlənirlər. Kimisi qurbanını kəsərkən mahiyyətini bilmədən, anlamadan kəsir, kimisi də bunu dərk edir, hətta kəsə bilməsə də, - imkanım olsa idi mən də kəsərdim, - deyir, kəsmiş kimi savab alır, o mənəvi həzzi dadmış olur.
Qurban bayramına ət bayramı kimi baxmaq, əlbəttə, cəhalətin nişanəsidir. Ülvi, mənəvi həzzi yaşamaq, əslində, qurban ibadəti ilə qula nəsib olur. İnsanların pulunu verib qurbanını mənəvi hisslərdən yoxsun halda kəsdirməsi, vəkalət versə belə, ardından qəlbində heç bir ruhani həzz yaşamaması mənəvi boşluğun göstəricisinə bənzəyir. Qurbanı elə sadəcə ət paylamaq kimi dəyərləndirmək məhz qurban ibadətini ruhsuz icra etmək deməkdir. Hər il kəsimlərdə qurban sahiblərinə bu hədisi-şərifi xatırlatma ehtiyacı duyuruq. Peyğəmbərimiz (s.ə.s): "Qurbanlığın qanı axdığı müddətdə qulun günahları əfv olunar", - buyurur. Elə həmin zamandır ki, edilən dualar geri çevrilməz, qul daxilən mənəvi həzz duyar, Rəbbi ilə arasında mənəvi bir irtibat ilə İbrahim misalı İsmayılını qurban edər. Yəni sevdiyini, dəyər verdiyini, təqdir etdiyini Allah-Təalanın hüzurunda, Onun iradəsinə boyun əyərək fəda edər. Bu hal insanı mənən tərəqqi etdirər, qulu Rəbbinə yaxınlaşdırar.
Mövlana Cəlaləddin Rumi bir gözəl təşbehində: "Keçinin kölgəsini qurban etmə!" deyərək elə bu həqiqətə işarə edir. Keçinin ətini və qanını əsl qurban hesab etsək, keçinin kölgəsini qurban etmiş olarıq. Amma keçinin timsalında malımızı Allah yolunda fəda etməyə niyyətləniriksə, nəfsimizin azğınlığına zəncir vurmağa cəhd ediriksə, yaxşılığı təşviq edib, çirkinliklərdən çəkinir və çəkindiririksə, mal ilə imtahanımızı üzüağ veririksə, övladımızı dəyərlərimiz uğrunda tərbiyələndiririksə, qurbanın mənasına vararaq keçinin kölgəsini yox, özünü qurban etmiş olarıq. Əks halda, buyurulduğu kimi, keçinin təkcə kölgəsini qurban etmiş olar, qurbanın əsl məqsədini icra etməmiş olarıq. Qurban keçinin özüdür, onun varlığıdır, təmsil etdiyi əsasdır, dəyəridir, Allahı sevməyə mane olan hər şeydir. Sən isə onun kölgəsini qurban edirsən.
Qurban təslimiyyətin nişanəsi, sevginin ifadəsi, qəlbin hissiyyatı, paylaşmanın timsalıdır. Sevən sevdiyi uğrunda yeri gələr malını, yeri gələr canını fəda edər, lakin qurban ilə hisslərini də ifadə etmənin zövqünü yaşayar.
Ramazana mübarək üç ayların gəlişi ilə hazırlaşdığımız kimi, Qurban bayramına da Ramazanın bitişi ilə hazırlaşmağa başlayırıq. Zilhiccənin ilk doqquz günündə isə bizim üçün sanki kiçik bir Ramazan ab-havası əsir. Həcc yolçuları üçün səfər həyəcanı, müqəddəs torpaqları ziyarət sevinci, sevgili peyğəmbərimizin qəbri-şərifinin önündə onu salamlamaq bəxtiyarlığı başlayır. Təbii ki, pandemiyanın əvvəli və sonrasında şahidi olduğumuz və olacağımız zamanlarda.
Qurban vəzifəsini layiqli şəkildə icra edənlər şəhvətlərini qırar, nəfsin fani arzularından vaz keçər, malını Allah yolunda xərcləyər, paylaşmanın həzzini yaşayar, yoxsula dayaq olar, aclara əlac olarlar. Ən əsası da Uca Allahı mədh edər, Onun şənini ucaldar, təriflər deyərlər. “Mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür”, –deyərək qurbanı kimin üçün kəsdiyinin idrakında olarlar.
Qurban Allahın ucalığını etiraf etməkdir. Verilən nemətin, göstərilən mərhəmətin, ruzilərlə bəslənən insanlığın etirafıdır. Qurban tərifə və mədh edilməyə layiq olana haqqını vermək, Onu ucaltmaq, səna etmək, həyatının ən ali mövqeyinə Onun adını yazmaqdır. İnsan oğlu dünyaya bunun üçün gəlmədimi?
Qurban sirr və hikmətlərlə doludur. Habil imanının səmimiyyətini qurbanı ilə bəyan etdi. İbrahim (ə.s) dostluğunu İsmayıl kimi bir qurban ilə isbat etdi, Hz. Musa (ə.s) zamanında Firon əyalına gələn əzabdan, inananlar, kəsilən qurbanların qanını qapılarına sürərək qurtuldular. “Biz sənə fəda olanlarıq, ya Rəbbi” dedilər sanki. Qurban qanı ilə neçə əlilin əlilliyi tarixə qovuşdu. Ətlərinin ehsanı ilə neçə qəlblər İslama qovuşdu. Qurban sahiblərinin qəlbləri kəsimlər vasitəsi ilə aləmlərin xaliqinə ehtiramla bağlılığını etiraf etdi. Sadəcə İsmayıl qurbanında deyil, ilin hər ayında müti olanlar qurban kəsərək Rəhman və Rəhim olan Allaha boyun əyər, iradələrini ona təslim edər, çox-çox şükürlər edərlər. Bədəni ibadətlərimizlə canımız, mal ilə edilən ibadətlərimizlə də mülkümüz sənə fəda olsun, ey aləmlərin Rəbbi olan Allah, deyərlər.
Hər birimiz üçün qurban ilə Allah-Təalaya qürbiyyətin, yaxınlığın sevincini yaşamağı diləyir, bu kiçik ömrümüzdə fədakar möminlər olmağı arzu edirik.
ŞƏRHLƏR