Canını qurban verənlər
Müsəlman fədakar insandır. Fədakarlıq İslamda çox əhəmiyyətli bir prinsipdir. Ümumiyyətlə, nəyəsə nail olmaq istəyən şəxs mütləq nələrisə fəda etməli olur. Fədakar olmadan heç bir şey əldə etmək mümkün deyildir. İnsan bəzən müəyyən məqsədə nail olmaq üçün öz fiziki gücünü fəda edir; bəzən qızıldan dəyərli olan vaxtını, bəzən malını, bəzən də canını. Yəni insan istər-istəməz nəyisə qurban verir. Dinimizə görə bu qurbanların içərisində ən üstünü Allah yolunda, vətənini və namusunu qoruyarkən canını və malını fəda etməkdir.
Vətən uğrunda, din uğrunda canını fəda edən şəxsə şəhid deyilir. Şəhidlik yüksək bir mərtəbədir. Şəhidlik müsəlmanın canını qurban verərək Allaha ibadət etməsidir. Şəhidlik əsasən cihad kimi bilinən müqəddəs bir əməlin məhsuludur. Bu mənada şəhidliyin əsas mənası müsəlmanın canını Allah yolunda fəda etməsidir. Belə ki, bir ayədə Uca Allah belə buyurur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”. (əl-Bəqərə, 154)
İslam alimləri şəhidliyi üç növə ayırırlar:
- Həm dünya, həm də axirət etibarı ilə şəhid olanlar. Bu qrupa daxil olan şəhidlər o kimsələrdir ki, onlar qeyri-müsəlmanlarla və ya quldurlarla döyüş nəticəsində öldürülən və ölüm zamanı ağıllı və həddi-büluğa çatmış müsəlmanlardır. Eyni zamanda malını, namusunu, canını, digər müsəlmanları və ya müsəlmanların himayəsində olan qeyri-müsəlmanları müdafiə edərkən döyüş yerində öldürülmüş olan mükəlləf müsəlmanlar da bu şəhidlərdəndir. Bunlar kamil mənada şəhiddirlər. Bu şəhidlər yuyulmaz, kəfənlənməz, qanlı paltarı ilə dəfn edilərlər.
- Dünya hökmləri ilə şəhid olanlar. Zahirən müsəlman görünən, əslində isə könlündəki fikrinin nə olduğunu Allahın bildiyi, ancaq müsəlmanların səfində vuruşaraq düşmən tərəfindən öldürülən hər hansı bir şəxs dünya hökmü ilə şəhiddir. Birinci qrupdakı şəhidlərə olan müamilə onlara da şamil edilir. Ancaq bunlar axirət hökmü ilə şəhid sayılmaz ki, bunu Allah bilər.
- Axirət hökmünə görə şəhid olanlar. Bu qrupda olanlar birinci qrupdakı kamil şəhidlərdən bəzi şərtlər baxımından əskik olduqları üçün onlar yuyulub, kəfənlənib dəfn edilərlər. Məsələn, döyüşdə aldığı yaradan o an ölməyib, yeyib-içdikdən, dərman qəbul etdikdən və ya üstündən bir namaz vaxtı keçdikdən sonra həyatını itirənlər bu qrupa daxildir. Buna misal olaraq Hz. Öməri göstərmək olar. Abdullah ibn Ömər rəvayət edir ki, Ömər ibn Xəttab şəhid olduğu halda yuyuldu, kəfənləndi, üzərinə namaz qılındı (İmam Malik, Muvatta, Cənaiz, 33). Eyni zamanda suda boğulan, odda yanan, vəba, taun, ishal, qızdırma kimi xəstəliklərdən ölənlər, qürbətdə elm öyrənərkən həyatını itirənlər, hamilə olaraq və ya doğuş zamanı ölənlər, zülmə məruz qalaraq, canını, malını, namusunu, torpağını qoruyarkən öldürülənlər əgər dinlərinə bağlı insanlar olmuşlarsa, bunlar da axirət şəhidi sayılırlar.
Şəhidlərin kimliyi haqqında Rəsulullahdan (s.ə.s) gələn xeyli sayda rəvayətlər vardır. Əbu Hüreyrə rəvayət edir ki, Rəsulullah (s.ə.s) soruşdu: “İçinizdən kimə şəhid deyirsiniz?” Səhabələr cavab verdilər: “Ya Rəsulallah, Allah yolunda öldürülən şəhiddir”. Rəsulullah (s.ə.s) buyurdu: “Elə isə ümmətimin şəhidləri azdır”. “Ya Rəsulallah, bəs kimlər şəhiddir?” – deyə səhabələr soruşdu. Rəsulullah (s.ə.s) belə cavab verdi: “Allah yolunda öldürülən şəhiddir, Allah yolunda ölən şəhiddir, taun xəstəliyindən ölən şəhiddir, qarnı səbəbi ilə ölən şəhiddir”. (Müslim, İmarə, 165)
Bu hədisdə keçən “qarnı səbəbi ilə” ifadəsi alimlərə görə, qarında mövcud olan bəzi xəstəliklər və eyni zamanda hamiləlik səbəbi ilə ölümlərə aiddir. Hədisdən göründüyü kimi, Rəsulullah (s.ə.s) şəhidliyi Allah yolundan başqa bir çox ölümlərə də aid etmiş və şəhadətin çərçivəsini daha da genişləndirmişdir. İmam Malik və Tirmizinin nəql etdiyi bir rəvayətdə də: “Bu beş adam şəhiddir, – deyərək yuxarıda keçənləri zikr etdikdən sonra, – dağıntı altında qalan da şəhiddir”, – deyə əlavə etmişdir.
Cabirdən nəql edilən bir rəvayətdə Rəsulullahın (s.ə.s): “Bətnində uşağı olduğu halda ölən qadın da şəhiddir”, - buyurduğu deyilməkdədir.
Səid ibn Zeyd rəvayət edir ki, Rəsulullahı dinlədim, belə dedi: “Kim malını müdafiə edərkən öldürülərsə, şəhiddir. Kim qanını müdafiə edərkən öldürülərsə, şəhiddir. Kim dinini müdafiə edərkən öldürülərsə, şəhiddir. Kim ailəsini müdafiə edərkən öldürülərsə, o da şəhiddir”. (Buxari, Cihad, 30)
Yuxarıdakı hədislərdə təkcə Allah yolunda döyüşərkən deyil, fərqli şəkildə həyatlarını itirənlərin də şəhidliyindən bəhs edilməkdədir. Bütün bunlarla yanaşı, unutmamaq lazımdır ki, bu insanların bu məqamı qazanarkən müsəlman olması və dininə bağlı olması əsas şərtdir.
Son söz Uca Allahındır: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər”. (Ali-İmran, 169)
Uca Allah namusunu, malını, torpağını, ailəsini müdafiə edərkən öldürülən bütün müsəlman bacı və qardaşlarımıza şəhidlik savabı yazsın.
ŞƏRHLƏR