SƏMAVİ DİNLƏRDƏ QURBAN
"Qurban" anlayışı və qurban ayinləri bəşər tarixi qədər qədimdir. Antik dövrdə, hansı dini ənənələrə mənsub olmalarından asılı olmayaraq, demək olar ki, bütün Sami qövmlərində buna yer verilmişdir.
İnsanlığın ilk qurbanının Hz. Adəmin oğulları Habil və Qabil ilə başlamasına baxmayaraq, ilahi dinlərdə qurbanlıq anlayışı Hz. İbrahim peyğəmbərə aid edilir.
Haqqında bəhs edilən bu müqəddəs nümunə Tövratın Yaradılış bölümü və Quranın Saffat surəsində öz ifadəsini tapmışdır. İncildə qurban əmri yoxdur. Qurban və qurban fenomeni Yəhudilikdə, Xristianlıqda və İslamda fərqlənməkdədir. Səmavi dinlərdən olan Yəhudilik və İslamda əsasən heyvan qurbanları gözə çarpır. Lakin günümüz xristianlıq inancına görə Hz. İsa insanlığın günahını ortadan qaldırmaq, bağışlanmaya yol açmaq üçün özünü qurban vermişdir.
Qurban fenomeninin ən fərqli xüsusiyyəti Allaha qarşı olan sevgi və sədaqətin yalnız ən dəyərli və qiymətli olanı qurban verməklə göstərilməsidir. Əslində Hz. İbrahim oğlunu Allah yolunda qurban verməklə Allaha təslim olduğunu sübut etmişdir.
Əhdi-ətiqdə ən qədim və əhatəli termin olaraq "minha", ümumi mənada "qorban", müqəddəs qan tökmək mənasını ifadə üçün "zebah", xüsusi bir qurban növünü ifadə etmək üçün "olah" ifadəsi işlədilmişdir.
Yəhudi inancında Hz. İbrahimlə başlayan qurbanlıq ənənəsi İshaq və oğlu Yaqub tərəfindən davam etdirilmiş və Allaha hörmət göstərmək və verdiyi nemət üçün ona təşəkkür etmək məqsədi ilə həyata keçirilmişdir. Hz. Musa ilə birlikdə Yəhudilərin Misir əsarətindən qurtulmaları, dinin yayılması və şəriətin təsisinin bərabərində ibadətin əsasını təşkil edən qurban mərasiminin əsaslarının müəyyənləşdirildiyi yeni bir dövr başlamışdır. Bu dövrün qurban növlərinin başında Pesah qurbanlığı gəlir. Yəhudi anlayışına görə Pesah, israillilərin Misir əsarətindən qurtuluşudur.
Yəhudilikdə qurban canlı və cansız olaraq ikiyə ayrılır. Canlı qurbanlar Musanın Qanununa əsasən qurbanlıq verilməsi məqsədəuyğun hesab olunan heyvanları kəsmək surətiylə həyata keçirilir. Cansız qurbanlıq Allaha sədaqət əlaməti olaraq tamamilə və ya qismən məhv edilən tərəvəz qurbanıdır. Yəhudilikdə qurbanlıq gündəlik, həftəlik, aylıq, mövsümi və illik olaraq icra olunur.
Yəhudilər arasında qan tökülməsi ilə edilən qurban ibadəti Qüds məbədi dağıldıqdan sonra ləğv edilmişdir. Çünki qan qurbanı Məbəddə edilməlidir. Yəhudilərdə qurbanlıq anlayışı illər ötdükcə tədricən dəyişmişdir. "Qurban" ibadəti Məbədin dağılmasından sonra dayandırılsa da, yəhudilər bu gün günahlardan qurtulmaq üçün xoruz və ya toyuq qurban verir və ətini paylayırlar.
Xristianlıqda Tanrıya heç bir qurban təqdim olunmaz. Çünki bu inanca görə "qurban" Hz. İsanın özüdür. İnama görə Hz. İsa çarmıxa çəkilməzdən əvvəl həvariləri ilə birlikdə yemək yemiş, mayasız çörəyə "bu mənim bədənimdir", şəraba da “bu mənim qanımdır" demiş, daha sonra özünü çarmıxda qurban vermiş, bu gün kilsələrdə keçirilən çörək-şərab ritualının (kominyon) davamlı tətbiq edilməsini istəmişdir. Bu səbəblədir ki, xristian inancını qəbul edən topluluqlar bu ayini hər bazar günü qeyd edirlər.
Xristianlara görə, İsa Məsih yenidən dünyaya gələrək "suverenliyini" qurana qədər bayram sevinci olmayacaqdır. Bu çərçivədə xristianlıq qan qurbanı ritualına son vermişdir. İncil konkret mənada "qanlı qurban" ayininə yer vermir və qurban kəsməklə günahlardan təmizlənməyin mümkün olmadığını vurğulayır. İncillərə görə İsa Məsih qurbanlıq quzu kimi çarmıxa çəkilərək insanların xilası üçün ölümü gözə aldı. Buna görə də insanların günahlarından təmizlənmək üçün tövbə məqsədi ilə edəcəyi fədakarlıq artıq İsa Məsihin şəxsiyyətində yerinə yetirilmişdir.
İslam dinində qurban kəsmək –Allah yolunda mal qurban vermək, Allaha təslim olmaq, Allaha yaxınlaşmaq və minnətdarlıq deməkdir. Qurban ibadəti hicrətin ikinci ilində fərz olunmuşdur. Quranda: “(Ey Peyğəmbər!) Biz sənə Kövsəri verdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!”(əl-Kövsər, 1-2) və “Biz hər bir ümmətə ruzi olaraq verdiyimiz heyvanların üstündə Allahın adını çəksinlər deyə qurban kəsməyi vacib etdik. Sizin ilahınız tək olan ilahdır. Elə isə Ona təslim olun! (Ey Peyğəmbər!) İxlaslı və təvazökar olanlara müjdə ver!” (əl-Həcc, 34) - şəklində əmr edilmişdir. Bir çox hədisdə də kəsiləcək qurbanın axacaq qanı ilə birlikdə sahibinin keçmiş günahlarının bağışlanacağı bildirilmişdir.
İslam dinində qurban Allahdan başqasına həsr edilməməli və boğazlama zamanı Allahın adı çəkilməlidir. Təbii olaraq heyvan kəsərkən Allahdan başqasının adına qurban kəsməyin haram olması tövhid prinsipinin tələblərindən biridir. İslamda qurban digər səmavi dinlərdən fərqli olaraq yalnız müsəlmanlar arasında ortaqlıq təmin etmir. Burada ictimai bir fəaliyyət həyata keçirilir. Eyni zamanda qurban əti vermək başqa dinlərin nümayəndələri ilə səmimiyyət üçün bir vasitədir. İslamda qurban sayəsində həm Uca Yaradanla, həm də insanlar arasında ünsiyyət qurulur.
ŞƏRHLƏR