MÖHTƏRƏM OSMAN NURİ TOPBAŞ İLƏ NƏSİL QAYĞISI HAQDA MÜSAHİBƏ - 2
Qurtuluş düsturu:
HAQQA LAYİQLİ QUL,
CƏMİYYƏTƏ NÜMUNƏVİ
MÜSƏLMAN OLMAQ.
Abdurrahman Topbaş:
Mənəvi təlim-tərbiyə işi ilə məşğul olan bəzi qardaşlarımız zaman-zaman müəyyən çətinliklərlə qarşılaşaraq ruhdan düşürlər. Ən çox bundan əziyyət çəkirik. Zamanla yorulduqlarını ifadə edirlər.
Osman Nuri Topbaş:
Amma əshabi-kiram yorulmurdu. Gəlin nəzər salaq, Mədinənin xurma bağlarını tərk edib ogünkü ağır şərtlərdə ta Çinə qədər getmişdilər. Səmərqəndə, Azərbaycana, Dağıstana, Tunisin Qayravan bölgəsinə yollanmışdılar. Vəhşi qəbilələrlə üz-üzə gəlmişdilər.
Əbu Əyyub əl-Ənsari həzrətləri səksən yaşlarında iki dəfə İstanbula gəlmişdi. Məhz bu enerjiyə ehtiyac var. Bu enerjini əldə etmək üçün də “təqva” şərtdir. Təqva həyəcan və şövqümüzü artırmalıdır.
Allah-Təala belə buyurur:
وَاتَّقُوا اللّٰهَ وَيُعَلِّمُكُمُ اللّٰهُ
“…Allahdan qorxun, Allah sizə (ehtiyacınız olan şeyləri) öyrədər…” (əl-Bəqərə, 282)
Təqva olmasa, olmaz.
Baxdığımız zaman ilk növbədə Rəsulullah r -in əshabını təqva üzrə yetişdirdiyini görürük. Aradan xeyli vaxt keçdikdən sonra krallara İslama dəvət məktubu göndərilir. İslam gələn kimi məktublar göndərilmədi. Təbliğ xidmətinin geniş ərazilərə yayılması yetişmiş insanlarla baş tutur.
Burada bir məsələyə də diqqət çəkmək istəyirəm:
Rəsulullah r -in ətrafına baxın, yanındakı kadrların əksəriyyətlə gənclərdən ibarət olduğunu görərsiniz. İslamın ilk illərində Peyğəmbərimizə tabe olan gənclər olmazın cəfalara qatlandılar. Bir sözlə, İslam gənclərin çiynində inkişaf etdi.
Məsələn, Cəfər bin Əbu Talib t Həbəşistana hicrət edib Nəcaşinin hüzurunda elm, hikmət və cəsarətlə müsəlmanları təmsil etdiyi vaxt hələ 17 yaşı vardı.
Musab bin Ümeyr t Mədinəyə müəllim göndərildikdə 25 yaşlı gənc idi.
Muaz bin Cəbəl t Yəmənə qazı və müəllim təyin edildikdə 21 yaşı vardı.
Peyğəmbərimiz r Məkkəni fəth edəndə 20 yaşlı Əttab bin Əsid t-ı oraya vali təyin etmişdi.
Anlaşıldığı kimi, Rəsulullah r əvvəlcə əshabını yetişdirdi. Onlar Peyğəmbərimizdən aldıqları enerji və təqva ilə yoğruldular. Daha sonra Rəsulullah “Bu məktubu filan krala kim aparar?” – deyə soruşdu.
Bütün səhabələr ayağa qalxıb bir ağızdan: “Ya Rəsulallah, mən apararam, bu vəzifəni mənə verin”, - dedi.
Heç biri ucsuz-bucaqsız səhranı necə keçəcəyini, əmrə müntəzir cəlladlara hökm edən kralların hüzurunda bu məktubu necə oxuyacağını fikirləşmədi. Yetər ki, Allah Rəsulunun qəlbində kiçicik bir yerim olsun, - dedilər.
Əshabın könlündə daima Rəsulullah r vardı. Hara getsələr, Allah Rəsulunu da qəlblərində özləri ilə aparırdılar. Təsəvvüf termini ilə desək: “fəna fir-Rəsul” halında yaşayırdılar.
Bu gün bizim də ən əsas məsələmiz bu səviyyəyə çata bilmək, “fəna fir-Rəsul” ola bilməkdir.
Fatehin fədailəri Rəsulullahın müjdəsinə nail olmaq üçün İstanbulun qala divarına dırmaşarkən Bizans əsgərləri tərəfindən başlarına qızğın yağ tökülür, yunan atəşi atılırdı. Lakin onlar böyük vəcd və eşqlə “bu gün şəhid olmaq növbəsi bizdədir” – deyirdilər. Yəni Peyğəmbər hədisinin dairəsinə girə bilməyi özlərinə minnət bilir, ən böyük həzz və səadət sayırdılar.
Analar övladlarını Çanaqqalaya göndərərkən eynilə qurbanları xınaladıqları kimi xınalayıb göndərirdilər.
Sultan I Murad Xan Kosovada:
“Ya Rəbb! Bu gün bizim üçün bir bayram günü olsun. Bu bayramın qurbanı da Murad qulun olsun!” - deyirdi.
Bu səmimi fədakarlıqların nəticəsində ilahi yardım özünü yetirdi.
Həzrət İbrahim u ilə Həzrət İsmayıl u vidalaşıb: “Axirətdə görüşərik!” - dedilər. İsmayıl u:
“Atacan, sən mərhəmətlisən, birdən bıçağı boğazıma çəkə bilməzsən. Ona görə gözümü bağla, mənə baxma!” - dedi. Bu əsnada bıçaq kəsmədi və qurban nazil oldu. Bu fədakarlığın müqabilində Haqq-Təala belə buyurur:
“Ey İbrahim! Yuxunu təsdiqlədin. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir sınaqdır. Biz (oğlunun) əvəzinə ona böyük bir qurbanlıq verdik. Onun şan-şərəfini sonrakı nəsillər arasında saxladıq. İbrahimə salam olsun!” (əs-Saffat, 104-109)
Bu təslimiyyət və fədakarlığın nəticəsində Allah-Təala Hz. İsmayıla həm peyğəmbərlik lütf etdi, həm də Rəsulullah onun nəslindən gəldi. Atası ilə birlikdə Kəbəni inşa etdi.
Buradə nəyi görürük? Fədakarlıqlardan sonra gələn ilahi lütf, ehsan və yardımları müşahidə edirik.
Həzrət Mövlananın gözəl bir təşbehi var:
“Həccə gedənlər orada Kəbənin sahibini axtarsınlar. Onu tapandan sonra Kəbəni hər yerdə taparlar”.
Yəni mühüm olan hər yerdə Kəbənin Rəbbi ilə qəlbi bərabərlikdir. İnsan təvaf əsnasında yaşadığı vəcd halını mühafizə edərək hər yerdə Kəbəni hiss etməlidir.
Bəyazid Bəstami həzrətləri buyurur:
“Həccə ilk gedişimdə sadəcə Kəbəni gördüm. İkinci gedişimdə həm Kəbəni, həm də Kəbənin Rəbbinin təcəllilərini gördüm. Üçüncü gedişimdə isə yalnız Kəbənin Rəbbinin təcəllilərini müşahidə etdim”.
Bütün bunlar vəcd və ruhi təkamülə bağlıdır.
Heç bir peyğəmbər ətrafındakı adamlara dünyəvi sərvət vəd etmir, maddi xəzinə miras qoymur. Onlar bəşəriyyətə nümunə olan abidəvi şəxsiyyət və xarakter sərgiləyirlər. İman edənlər də heyranlıqla onlara tabe olurlar.
Peyğəmbər nə edir:
وَيُزَكّ۪يهِمْ
Onların könül dünyasını təmizləyir.[1] Beləliklə, qəlblər Allahın camal sifətlərinin təcəlligahına çevrilir.
Sonra nə baş verir? Haqq-Təala qüdsi hədisdə: “Qulumu sevərəmsə, onun görən gözü, eşidən qulağı, dərk edən qəlbi olaram...”[2] – buyurur. Allah-Təalanın sevdiyi qəlblərdə genişlik və dərinlik hasil olar.
Eynilə dalğıc kimi… Məsələn, geniş və dərin dənizə sahildən baxan bir adam sadəcə dənizin səthini görər. Lakin mahir dalğıc hər dalışda müxtəlif mənzərələr seyr edər.
Hər kəs eyni Quranı oxuyar, amma istifadə qəlbi səviyyəyə görə müxtəlif olar. Yəni Qurani-Kərimdən istifadə qəlbin təmizliyi nisbətində gerçəkləşər. Hz. Osman t -ın buyurduğu kimi:
“Əgər könüllər mənəvi kirlərdən (nəfsani ehtiras və qəlbi mərəzlərdən) təmizlənmiş olsaydı, Quranın zövqündən əsla doyulmazdı”.
Ona görə Mövlana həzrətləri də belə buyurur:
“Quranın mənasını yalnız həva və həvəsini oda atıb kül etmiş, beləliklə, Quranın önündə əriyib qurban olmuş və ruhu Qurana bürünmüş kəslər anlayar”.
Həmçinin bir beytində də belə deyir:
مَنْ بَنْدَهٔ ِ قُرْآنَمْ اَكَرْ جَانْ دَارَمْ
مَـنْ خَــاكِ رَهِ مُحَـمَّدْ مُخْـتَـارَمْ
“Bu can bu bədəndə olduqca Həzrət Qurana qulam, köləyəm; Həzrət Muhamməd Muxtar r-in mübarək və nurlu yolunun torpağıyam”.
Abdurrahman Topbaş:
Əfəndim, nəsil yetişdirmək xüsusunda ən böyük məsuliyyət ata-ananın üzərinə düşür, elə deyilmi?
Osman Nuri Topbaş:
Bəli, əgər varsa…
Abdurrahman Topbaş:
Bu gün valideynlər uşaqların təhsilini əsasən dünyəvi nöqteyi-nəzərdən planlaşdırırlar. Bu xüsusda ata-analara nə tövsiyə edərdiniz?
Osman Nuri Topbaş:
Valideynlərə edilən ilk tövsiyə mərhəmətdir. Ata-anaya: “Sənin mərhəmətin nə qədərdir?” sualını vermək lazımdır. Burada övladın ölsə, nə qədər kədərlənərsən! Sabah övladınla bərabər olmaq istəyirsənsə, əvvəlcə özün istiqamət üzrə olmalısan, sonra isə övladının İslam əxlaqına görə yetişməsinə çalışmalısan. Çünki ayeyi-kərimədə belə buyurulur:
سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَح۪يمٍ
“Onlara mərhəmətli Rəbbin salamı var”. (Yasin, 58)
Yəni bu həyatı istiqamət üzrə yaşayanlara qiyamətin o ağır və çətin günündə bu şəkildə xitab ediləcək. Onlar cənnətə təmtəraqla, salam və iltifatla dəvət ediləcəklər.
Əgər “palaza bürün, ellə sürün, nə olacaq? Din o qədər də çətin deyil, sonra tövbə edib qurtularsan” – desən, bu, Yusuf u-ın qardaşlarının sözünə bənzəyər.
“Tövbə edib yaxamızı qurtararıq” qəbilindən olar… Lakin elə deyil. Haqq-Təala belə buyurur:
وَامْتَازُوا الْيَوْمَ اَيُّهَا الْمُجْرِمُونَ
“Ey günahkarlar, bu gün (möminlərdən) ayrılın!” (Yasin, 59)
Ən böyük hicran / ən həzin ayrılıq orada olacaq. Bəzi insanlar cənnətə gedərkən, bəlkə də, ən yaxınları cəhənnəmlik olacaq. Hər hansı bir atanın və ya ananın övladı qızdırmalı xəstəliyə tutulsa, səhərə qədər yata bilməz. Qapı-qapı həkimləri gəzər. Lakin, təəssüf ki, bu gün mənəviyyat kasadlığı yaşanır. Uşaqların dünyəvi istiqbalını əbədi istiqbalından daha mühüm görmək qəfləti dindar saydığımız ailələrə də sirayət etdi. Ali məktəbə qəbul imtahanlarında valideynlərin saatlarla qapıda gözlədiyini görürük.
Bəs yaxşı, həmin uşağa mənəviyyat üçün nə verirsən?
Əslində məktəbi-aləm adlı bir təhsil üçün buraya gəldiyinin fərqindəsənmi? Əksər insan ya axirəti xor görür, yaxud da “Mənim qəlbim təmizdir, necə də olsa Allah bağışlayar”, - deyə düşünür.
Bir sözlə, bu xüsus çox əhəmiyyətlidir.
Çünki Hz. Peyğəmbər r:
“Hamınız çobansınız və hər biriniz öz sürüsündən məsuldur.
Kişi ailəsinin çobanıdır və sürüsündən məsuldur.
Qadın ərinin evində çobandır, o da sürüsündən məsuldur”, - buyurur. (Buxari, Əhkam, 1; Müslim, İmarət, 20)
Çoban nə edir? Hər şeydən əvvəl sürüsünü qurddan qoruyur. Onu qurdlar vadisinə sürməz. Qızmar günəş altında saxlamaz, quraq yerlərdə gəzdirməz, suyu bol və yaşıllıq ərazilərə aparar. Yaralı quzunu arxada qoymaz. Qucağına alıb sürüdən ayırmaz. Çobanın vəzifəsi böyükdür. Əlbəttə ki, bu, çobanın mərhəmətinə bağlıdır. Ata-ananın mərhəmətinə bağlıdır. Ona görə də Allah-Təala belə buyurur:
“Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!..” (ət-Təhrim, 6) İnsan özünü və övladını cəhənnəm əzabından qorumalıdır.
Bu dünyada ata və ya ana erkəndən ölə bilər, yaxud da övlad erkən ölə bilər. Bu, ilahi qədərdir. Lakin əsl faciə qeyd etdiyimiz kimi əbədi aləmdə yolların ayrılmasıdır.
Abdurrahman Topbaş:
Bu təhlükə hər bir müsəlmanı təlaşa salacaq bir məsələ deyilmi?
Osman Nuri Topbaş:
Əlbəttə! Allah qorusun, bəlkə orada ata-ana bir tərəfə, övlad başqa tərəfə gedəcək. Ər bir tərəfə, arvad başqa tərəfə gedəcək. Ən böyük faciə budur!..
Ona görə də valideynin övladına edəcəyi ən böyük yaxşılıq eynilə bağçasına qayğı göstərən bağban həssaslığı ilə tərbiyə etməsidir.
Çünki bağban bağçasına qayğı göstərər, onu ziyanverici həşəratlardan, gəmiricilərdən qoruyar, əkdiyi toxumlara quşların zərər verməsinin qarşısını alar. Bir sözlə, bağçanı baxımsız qoymaz. Baxımsız qalan torpaqda nə bitər? Təbii ki, tikanlı kollar. Atalar əbəs yerə “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar” deməyiblər.
Bu gün Allah yolunda edilən xidmətlər çox mühümdür. Məsələn, bulaq başında dayanıb gəlib-keçənə su verməyiniz gözəl bir əməldir. Lakin həmin bir stəkan suyu səhrada susuzluqdan qovrulan və ölümlə üz-üzə qalan bir adama çatdırsanız, bir canı xilas etmiş olarsınız. Yanğındakı bir adamı qurtarmış olarsınız.
Bugünkü möminlərin vəzifəsi də üxrəvi yanğındakı insanları qurtarmaqdır. Yanğındakıları xilas etmək məcburiyyətindəyik. Çünki mömin öz qurtuluş yolunun başqalarının da qurtuluşuna xidmət etməkdən keçdiyini bilən qayğıkeş insandır.
Əbu Hüreyrə t:
“Biz (əshabi-kiram arasında bu həqiqəti) tez-tez eşidərdik, - buyurur:
“Qiyamət günü bir adamın yaxasından heç tanımadığı biri yapışar. Həmin adam çaşqın halda:
- Məndən nə istəyirsən? Mən səni heç tanımıram, - deyər.
Yaxasından yapışan adam isə:
- Sən dünyada məni pis əməl işləyərkən görərdin; lakin xəbərdarlıq etməz, məni həmin pis əməldən çəkindirməzdin, - deyərək ondan şikayətçi olar”.[3]
Uşaqlar da övladının mənəvi tərbiyəsinə laqeyd qalan ata-analardan şikayətçi olacaqlar.
Əlbəttə ki, ata-ananın haqqı ödənməz. Övladının dünyəvi və üxrəvi səadətini fikirləşən valideyn bir ömür təşəkkürə layiqdir. Lakin ata-ana övladını “palaza bürün, ellə sürün” deyərək küçələrin insafına buraxarsa, “dünyəvi mərhələni keçsin, axirət onsuz da asandır” deyib zəmanənin şərlərindən qorumazsa, “yayda məscidə bir aylıq kursa göndərsəm, kifayətdir” deyib dini təhsili xor görərsə, “cümədən-cüməyə, bayramdan-bayrama namaz qılsa, yetər”, deyərək övladının tərbiyəsinə laqeyd yanaşarsa, vay halına…
Halbuki Haqq-Təala belə buyurur:
“…(Olmaya insanlar) “İman gətirdik!” - deməklə qurtulacaqlarını zənn edirlər?..” (əl-Ənkəbut, 2)
Məhz bu səbəblə övladlarının mənəvi tərbiyəsinə laqeyd qalan, onları kiçik yaşdan etibarən ibadətə alışdırmayan və halal-haram şüuru verməyən ata-analar -Allah qorusun- böyük vəbal altındadırlar.
Övladları zəmanənin şərindən qorumağın ağır olduğu bu günlərdə müsəlmanın vəzifəsi çox ağırdır.
Bu gün əsas məsələ səhrada susuzluqdan yanan adama bir stəkan su verə bilməkdir. Düz yolda xarab olan maşını itələmək asandır. Lakin bu gün maşın yoxuşda xarab olub. Ona görə də maşını itələmək üçün əvvəlkindən daha çox güc tələb olunur. Maşın düz yola çıxdıqdan sonra sahibi yardım edənlərə daha çox təşəkkür etmək ehtiyacı hiss edər.
Haqq-Təala da dini uğrunda çətin günlərdə göstərilən fədakarlıqları bir növ özünə verilən borc kimi qəbul edir. O səylərin mükafatını artıqlaması ilə verəcəyini bildirir. Bütün bu cəhdləri Quran ifadəsi ilə “قَرْضًا حَسَنًا”, yəni qarşılığı axirət günü qat-qat artıqlaması ilə ödənəcək “gözəl bir borc” adlandırır.
Adem Ergül:
Əfəndim, çox təşəkkür edirik. Allah razı olsun. Bir-birindən dəyərli mesajlar verdiniz. Ümid edirik ki, Rəbbimiz bu mesajlarınız çərçivəsində yetişən nəsillər ehsan edər.
Osman Nuri Topbaş:
Amin, amin. Bu məsələ çox mühümdür. Özümüzü əhya etmək, zəmanənin gedişatından məsul bilmək.
Bir ananın dünyaya yeni gələn körpəsinə qarşı fitri vəzifəsi nədir? Ona süd vermək. Bu vəzifəsini sevə-sevə icra edər. Pişik belə beş balasına sevə-sevə süd verər. Lakin bir evdə yanğın olsa, ananın körpəsini əmizdirməyə haqqı yoxdur. Belə bir vəziyyətdə balasını əmizdirməyə davam etməsi ona mərhəmət deyil, mərhəmətsizlik olar. Ananın həmin əsnada etməli olduğu iş övladını oddan qorumaq və yanğını söndürməyə çalışmaqdır. Bugünkü vəziyyət də belədir. Övladımızı mənəvi yanğından xilas etmək ən həyati məsələmizdir…
Abdurrahman Topbaş:
Əfəndim, izninizlə sizin gənclik illərinizə aid, o günün təhsil həyatına dair xatirələrinizdən bu günün gəncliyinə işıq tutacaq bir neçə misal eşitmək istərdik.
Osman Nuri Topbaş:
Xatirə çoxdur. Əvvəla, sual edək, o dövrdə yaşayan xalqın vəziyyəti necə idi?
Tramvayda yaşlı bir qadın:
- Oğlum, hara gedirsən? – deyə soruşardı.
- İmam-xətibə, - cavabını verdikdə:
- Həə, meyit yuyacaqsan? Niyə həkim, mühəndis, memar olmursan? – deyə sual edərdi.
Yəni cəmiyyətə hakim olan ab-hava belə idi. Çünki din tədrisi yasaq idi. İnsanlar əsasən dünyəviliyə əhəmiyyət verirdilər.
Şükürlər olsun ki, o vaxt İmam-xətibdəki müəllimlərimiz qəlbindən, ruhundan rəhmət saçan insanlar idi. Səhər erkən gələrdilər. Tələbələrin dağılmaması üçün hər cür xidməti icra edərdilər. Bütün dərdləri bu idi. Hamısı dərslərə sevərək, şövqlə gələrdi.
Cəlal müəllimimiz vardı, parkinson xəstəsi idi. Dərsə tələbələrindən birinin qoluna girərək gələrdi. Buna baxmayaraq, toya gedən bəy kimi xüsusi diqqətlə gələrdi. “Həmd olsun, Allah bu gün də mənə dinini təbliğ etmə fürsəti verdi”, - düşüncəsində idi. Bu yolda göstərdikləri səyləri tərif etmək imkansızdır.
Aradan altmış il keçib. Bəlkə daha çox. Bizə dərs keçən müəllimlərin bir çoxunu hələ də unutmadıq.
Nurəddin Topçunu, Cəlal xocanı, Mahmud Bayram xocanı unutmadıq.
Lakin bəzi müəllimlər də vardı ki, dərsi başdansovdu keçərdilər. Onların heç adını da xatırlamırıq.
Ona görə də müəllimin, tərbiyəçinin könül dünyası çox mühümdür. Dərsə ibadət həyəcanı ilə, eynilə məbədə girirmiş kimi girməsi lazımdır. Dərsə ruhən hazırlaşmaq lazımdır. Bizim ilk İmam-xətib illərimiz belə keçdi.
Abdurrahman Topbaş:
Silgi tapmayanda -tələbənin vaxtı hədər olmasın deyə- qolu ilə yazı taxtasını silən bir müəlliminiz də vardı. Bir az da ondan danışardınızmı?
Osman Nuri Topbaş:
Bəli, Mahmud Bayram xoca. Onun hər halından təsirlənərdik. Yolu o qədər sürətlə gedərdi ki, kənardan baxanda sanki yüyürdüyünü zənn edərdiniz. Hətta bir tanışına belə demişdi:
“Elm Yayma Cəmiyyəti hamıya, kasıb tələbələrə pencək, şalvar verərdi. Bizdən isə soruşmazdılar. Mən dərsə başqasının pencəyi ilə gedərdim”.
Onun sərgilədiyi o fədakarlıq, səy və cəhdləri… Mahmud müəllim bu dünyadan köçsə də, hələ də üstümüzdə müsbət təsirləri var.
Xəstələnmişdi. İflic adamlar kimi, hərəkət edə bilmirdi. Ziyarətinə getdim. Addım atmaqda çətinlik çəkirdi. Acıyaraq baxdığımı görüb: “Mən həyatımdan razıyam, oğlum, - dedi. - Əvvəllər qaçaraq yeriyərdim, indi isə hər addımda Allah deyirəm. Bu xəstəlik mənə Rəbbimi daha çox xatırlatdı”.
Yəni müsəlman hər yerdə gözəl olanı tapmalıdır, hər bir halda gözəl düşünməlidir. Ruhunu zərifləşdirməlidir. Bir adam Allah-Təala ilə bərabər olduqdan sonra ondan daha zəngin, daha xoşbəxt qul ola bilərmi?
Allah-Təala qəlblərdə onlar üçün sevgi yaradır. Mövlana həzrətləri 700 ildir ki, yaşayır. Əziz Mahmud Hüdayi həzrətləri 400 ildir yaşayır. Şah Nəqşbənd həzrətləri 600 ildir ki, yaşayır.
Allah-Təala vəfatlarından sonra da onların xidmətini davam etdirir. Ruhaniyyətləri təsir gücünü itirmir. Çünki onlar Allaha dost oldular.
Allah qulluğumuzu unutdurmasın. Bundan başqa hər şey boşdur. Dünya sənin olsa, nə qədər qalacaq? İstanbul, Mərmərə dənizi sənin olsa, nə fayda?
Sənin də mədən digərlərinin mədəsi ilə eynidir. Qabını okeana da daldırsan, ancaq onun həcmi qədər su ala bilərsən. Lakin Allaha qul olduğun zaman könüldə sonsuz üfüqlər açılır. Hər şey tamam başqa olur. O zaman bizim Nurəddin xocanın dediyi kimi:
“Çiçək səninlə danışır, gül-çiçək, təbiət səninlə söhbət edir. Bambaşqa bir dil öyrənirsən. Gül-çiçəklə dərdləşirsən”.
Rəhmətlik Nurəddin Topçu Üsküdara gələrmiş. Üsküdardan piyada Çamlıcaya çıxarmış. İkindi namazına qədər orada təbiətlə danışıb dərdləşər, ondan sonra oradan ayrılarmış.
Hüdayi həzrətləri də təbiətlə danışardı. “Hamısını zikr edərkən gördüm, heç birini qoparda bilmədim”, - deyir.
Yunus Əmrə sarı çiçəklə danışır.
Əsas sənət o dili öyrənə bilməkdir. O dili öyrədəcək olan da, kağız-qələm deyil, qəlbdir.
Adem Ergül:
Sonda, qlobal nizamın və sekulyar düşüncə tərzinin bütün dünyanı istila etdiyi zəmanəmizdə müsəlman bir gəncin sahib olacağı dəyərlər haqda nə deyə bilərsiniz?
Osman Nuri Topbaş:
Mədəniyyəti üç əsas ünsür meydana gətirir:
Din, dil və tarix...
Əsl mədəniyyət din, dil və tarix şüuruna sahib olmaqdır. Çünki fərd və cəmiyyətlər öz varlığını din, dil və tarix şüuru ilə davam etdirə bilər.
Tarixdən bu günə hər bir millət öz mədəniyyət və dəyərləri ilə yaşayır. Yəhudilər öz mədəniyyətləri ilə yaşayır. Xristianlar öz mədəniyyətləri ilə yaşayır. Buddistlər öz mədəniyyətləri ilə yaşayır. Ateistlər öz materialist düşüncələri ilə yaşayır. Kapitalistlər də öz nəfsani həyat tərzlərini sürürlər.
Müsəlman bir cəmiyyətin varlığını davam etdirməsi yalnız öz mədəni mirasına, mənəvi kimliyinə sahib çıxması ilə mümkündür.
Əgər bir cəmiyyətdə din, dil və tarix şüuru canlıdırsa, demək, fərd də, toplum da diridir. Bunlar ölüdürsə, o zaman fərd də, toplum da yox olmağa məhkumdur.
Çünki din dünyaya gəlişimizin, yaşayışımızın və əbədi həyatımızın yeganə reseptidir. O resept olmadan insan iki dünyada da ziyana düçar olar.
Din hər şeydən əvvəl,
- kainatın və insanın yaradılış qayəsini idrakı təmin edir.
- qundaqla kəfən arasında yaşanan həyatı tənzimləyir. Fərddən ailəyə, ailədən cəmiyyətə, özəl həyatdan ictimai həyata, yeyib-içməkdən iqtisadiyyata həyatın hər bir mərhələsində möminin həyatını ən gözəl və ən ideal ölçülərə görə tənzimləyir. Aldığımız nəfəsdən atdığımız addıma qədər mükəlləflərin bütün davranışlarına dair hökmlər qoyur.
İslam bəşəri ideologiya deyil; Bütün ideologiyalardan üstün, fərd və cəmiyyətə iki dünya səadəti bəxş edən mükəmməl bir dünyagörüşünə və geniş təfəkkür üfüqünə sahibdir.
Mədəniyyətin ikinci əsası dildir.
Bildiyimiz kimi, bütün məxluqatın dili var. Lakin ən çox inkişaf etmiş ifadə imkanı yalnız insana verilmişdir.
İnsanın dili müstəsna ilahi nemətdir.
Çünki dil dinin gətirdiyi haqq və həqiqətlərin ifadə vasitəsidir.
İnsan sözlərlə düşünür, dil sayəsində təfəkkür üfüqünü genişləndirir. Yəni din yalnız dillə izah olunur. Ona görə Rəbbimiz öz dərgahından insanlara kitablar göndərib. Sonda da Quranı nazil etmişdir ki, o özü də bir dil möcüzəsidir.
Həmçinin mömin Quranın təlqin etdiyi zərif üslubla danışmalıdır. Dili əqrəb kimi zəhər saçmamalıdır. Heç kəsin qəlbinə tikan olub batmamalıdır. Əksinə, İslamın nəzakət və zərifliyini əks etdirən xoş üsluba sahib olmalıdır.
Din və dillə yanaşı, mədəniyyəti tamamlayan üçüncü ünsür də tarixdir…
Çünki insan daima tarixlə iç-içədir. Tarix insanın keçmişi və gələcəyi arasında necə bir yolçuluq etdiyinin ən bariz güzgüsüdür.
Tarixi bilmədən hadisələrin səbəb və nəticələrini doğru təhlil etmək mümkün deyil.
Tarixi bilmədən qissələrdən ibrət almaq mümkün deyil.
Bu nöqteyi-nəzərdən tarix yaşanan bütün hadisələr işığında millətlərin gələcəyinə işıq saçan məşəldir.
Tarix bir millətin hafizəsi və milli təcrübələr məcmuəsidir.
Toplumun maddi və mənəvi dəyərlərinin bitdiyi yerdə tarix bitər, millət bitər, insan bitər, hər şeyin sonu gələr.
Burada söylədiklərimizi belə xülasə edə bilərik:
Ø Hər şeydən əvvəl öz şəxsiyyətimizi Quran və Sünnə iqlimində ən gözəl şəkildə inşa etməliyik.
Ø Təfəkkürümüzlə, ibadətlərimizlə, əxlaqımızla Allaha gözəl qul, cəmiyyətə nümunəvi müsəlman olmağa çalışmalıyıq.
Ø İctimailəşərək özümüzü cəmiyyətin və zəmanənin gedişatından məsul görməliyik.
Ø Özümüzdən sonra bizim üçün sədəqeyi-cariyə və xeyirli xələf olacaq saleh bir nəsil qoyub getməyə çalışmalıyıq.
Rəbbimiz hiss və fikirlərimizi rizası ilə yoğursun. İman kamilliyi ilə Quran və Sünnə iqlimində həyat sürməyi hər birimizə nəsib etsin.
Amin!..
[1] Bax. əl-Bəqərə, 129; Ali-İmran, 164; əl-Cuma, 2.
[2] Bax. Buxari, Riqaq, 38.
[3] Münziri, ət-Tərğib vət-Tərhib, Beyrut 1417, III, 164/3506; Rudani, Cəmul-Fəvaid, tərc. Naim Erdoğan,
İstanbul ts., V, 384.
ŞƏRHLƏR