Sənə qurban

Sənə qurban

Aləmlərə tay çox uca hikmət dolu xilqət,

Min qüdrəti əks etdirərək var olur insan.

Ey Sahibi-mülk, rəhminə möhtac bəşəriyyət,

Hər zərrə, məkan, vaxta sığan an Sənə qurban!

 

Kəbəndə sənin səcdənə enmiş necə başlar,

Cahilliyi rəcm eyləməli Minada daşlar,

Ravzada durulmaz ki, sevən gözdəki yaşlar,

Hər anı səninçün yaşayan can Sənə qurban!

 

Hər mürşidi-kamil eləyər salikə himmət,

Zikrinlə həyat sahibidir sevdiyin ümmət.

Aç könlümüzə hikməti, ey Sahibi-hikmət,

Daim sənin əmrindəki divan Sənə qurban!

 

Hər kim sənin elminlə olar mömini-kamil,

Hər işdə ədəb üzrə olar əmrini amil.

Hər anına nurunla nəzər etməsə şamil,

Əcz ilə keçən ömr ilə insan Sənə qurban!

 

Zəngin və kasıb, ismini anmaz necə qullar,

Çirkin və gözəl, bəxş eləmişsən neçə yollar.

Mövqe üçün insan niyə ömrün heçə tullar,

Qul tək yaşayan ömr ilə sultan Sənə qurban!

 

İbrahim olaq, verdiyimiz söz qərar olsun,

İsmail olaq, fitneyi-şeytan kənar olsun,

Bir ümməti bölmək diləyən misri bar olsun,

Endir bizə rəhmət dolu qurban, Sənə qurban!

(25 okt 2011)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz